Azərbaycanlı müğənni-bəstəkar Elza Seyidcahan bizim müğənnilərin türk şou-biznesinə qatılması barədə açıqlama verib. Əməkdar artist E. Seyidcahan Mövqe.az-a bu barədə danışan zaman bildirib ki, azərbaycanlı müğənnilərin Türkiyəyə getməsini halını çox müsbət qarşılayır və alqışlayır: " Bu çox gözəldir. Məndən Türkiyədə də, soruşanda bizim müğənniləri tərifləyirəm. Bizim ulduzumuz Röya Azərbaycanı bu gün orada təmsil edir. Daha sonra neçə illərdir ki, Brilliant Dadaşova Azərbaycanı Türkiyədə tanıdır. Bizim orada dəyərli sənətkarımız Əlixan Səmədovumuz var. Digər müğənnilər də gedir. Hamısına uğur arzu edirəm. Qoy getsinlər özlərini daha çox tanıtsınlar. Daha çox insanlar onları tanısın, sevsin. Ola bilər onlar səhnədə yıxılsınlar, büdrəsinlər. Ancaq həvəsdən qəti düşməsinlər. Bilsinlər ki, onlar Azərbaycandan da böyük səhnədədirlər. Türkiyədə olsalar belə Azərbaycan musiqisini təbliğ etsinlər. Əks halda mən onlara azərbaycanlı demərəm.
Qabaqlar Türkiyədə hardan gəlmisən, kimsən soruşanda "Azəri şarkıçıyam" deyə cavab verəndə bizə gülürdülər. Amma indi hörmətlə-izzətlə qarşılayırlar, tanıyıb, sevirlər. Niyə görə türk müğənnilər bizim ölkədə konsert verib milyonlar qazana bilir, biz isə yox? Biz heç kəsdən əksik deyilik. Bəzən deyirlər ki, Türk şou-biznesinə bizim müğənnilərin qatılma səbəbi daha çox qazanc əldə etmək istəkləridir. Niyə də olmasın ? Əcəb də edirlər. Deməli onlar çox qazanmaq istəyirlər ki, daha möhtəşəm işlər görsünlər. Axı bizim müğənnilər də laiqdir ki, əməklərinin bəhrəsini laiqincə görsünlər. Mən özüm evimi banka qoymuşam. Niyə görə bizim müğənnilər öz var-dövlətlərini satmalıdırlar və ya banka qoymalıdırlar? Əgər bizə də dəstək olsa bizdə çox gözəl layihələr edərik. Mənim adi saçım Azərbaycana pul qazandıra bilər. Görürsünüz Ledi Qaqa nələrdən pul qazana bilir? Bu yaxında mən də Qənirə Paşayeva ilə xaricdə səfərdə oldum. Hamı mənim timsalımda qarşısında peşəkar insan gördü. Çox gözəl qarşılandıq".
E. Seyidcahan bizim iş adamlarından da şikayətlənib və onlara səslənərək qeyd edib: " Bəsdir əcnəbi çılpaq müğənnilərəpullar tökdünüz. Məcbur etməyin ki, biz də soyunaq və ya digər yollara əl ataq. Öz musiqimiz uçuruma gedir. Dövlətimiz bizə kömək olur. Sizdə əlinizdən gələn yardımı edin. Xarici müğənnilərə bu qədər pul xərcləməkdənsə, elə özümüzkülərə maliyyə ayırın, dəstək olun ki, biz də dünya səviyyəli layihələrimizi reallaşdıra bilək".