Artıq toy günü gəlinlə bəyin xüsusi rəqs etməsi dəb halnı alıb. Tanınmış rəqqas İlham Kərimli belə professional rəqslərin hazırlanmasına görə ən çox müraciət edilən rəqqaslardandır. Mövqe.az-ın məlumatına görə, toya hazırlaşan cütlüklər əlamətdar günlərinin seçilən, maraqlı keçməsi üçün "İlham Kərimli" rəqs stusiyasına müraciət edirlər. İ. Kərimlinin sözlərinə görə, bu cür rəqslərin hazırlanması üçün toya bir və ya ay yarım qalmış müraciət edilir: " Gəlin –bəy adətən iki rəqs hazırlamağı xahiş edir: biri toyun açılışında, digəri isə şənliyin ortasında təqdim olunur. Açılışda çox vaxt gəlin və bəyin dostları da onlara qoşulur, yəni qrup rəqs hazırlanır. Bu adətən popuri mahnılardan olur".
İ. Kərimli deyir ki, rəqs üçün mahnıları gəlinlə-bəy təklif edir. Lakib rəqqas mütləq cütlüklərin rəqs hazırlığı, görünüşünə uyğun və onlara yaraşan rəqs üzərində dayanır: "Rəqsin iki qat pulunu təklif etsələr də, gəlinlə-bəyə yaraşmayan musiqiyə rəqs qurmuram. Çünki hər bir işdə mənim adım var, bütün rəqslərim möhür kimi vurulmalıdır və 7-dən 77-ə bəyənilməlidir. Əslində gəlinlə-bəyin toylarında rəqs etməsi müasir dəb deyil. "O olmasın bu olsun" filmində də gəlinlə bəyin rəqsi var. Rəqsi gəlinin geyimi, toyun keçirildiyi açıq və ya qapalı məkana uyğun qururam".
Rəqqasın sözlərinə görə, cütlüklər daha çox "Uzun dərə", "Naz eləmə", "Tərəkəmə", "Vals", Ağadadaş Ağayevin "Sən oldun" mahnılarına rəqs qurulmasını istəyirlər: " Gəlinlə-bəy toyda incə, ağır görünməlidir. Çünki məclisdə ağsaqqallar, ağbirçəklər də olur".