Əlaqə Arxiv
news Image
2013.12.19
15:16
| A A A
Möhtəşəm konsert baş tutdu -VİDEO

Dünən Heydər Əliyev Sarayında xanəndə Bəyimxanım Vəliyevanın ilk solo konserti keçirilib. Movqe.az-ın məlumatına görə, iki saat davam edən konsertdə müğənni canlı ifaları ilə tamaşaçıların könlünü oxşayıb. "Yollara yağış yağır" adlı solo konsertdə Bəyimxanım ifa etdiyi 19 əsər içərisində xalq mahnıları olduğu kimi bəstəkar musiqiləri də səslənib. Müğənni konsertini Cahangir Cahangirovun "Ana kür" mahnısı ilə açıb. Davamında royalda Fəridə Hüseynovanın müşayiəti ilə "Dəli kür" filmindən dinlədiyimiz mahnıları səsləndirib. Bəyimxanım sənətində imzası olan Sona Vəliyevanın yazdığı estrada mahnılarını da ifa edib. O, həmçinin muğam sevənlər üçün "Şirvan şikəstəsi" və "Caharğah"ı da oxuyaraq gurultulu alqışlar alıb.

Bəyimxanımı səhnədə iki ansambl müşayiət edib. 11 nəfərdən ibarət, Ələkbər Ələkbərovun bədii rəhbəri olduğu "Xalq çalğı" ansamblı və 6 nəfərdən ibarət "Hicaz" estrada ansamblı idi.

Bəyimxanım solo ifaları ilə yanaşı duetlər də nümayiş etdirib. O, öncə səhnəni xalq artisti Samir Cəfərovla bölüşərək, bəstəkar Ramiz Mirişlinin "Səadət" mahnısını birgə ifa ediblər. Ardınca isə vəd edildiyi kimi səhnəyə məşhur meyxana ustası Namiq Qaraçuxurlu çıxararaq gecənin səbəbkarı ilə "Qəmli qadın" mahnısını duet şəklində təqdim etdilər. Onu da xatırladaq ki, Namiqlə Bəyimxanımın ifa etdiyi mahnı daha öncə meyxanaçının repertuarında yer almışdı. "Qəmli qadın" mahnısının musiqisi Ruslan Səfəroğluna sözləri isə elə gecədə qonaq qismində də iştirak edən Sona Vəliyevaya məxsusdur.

Gecəyə bir çox ziyalılar qonaq qismində qatılmışdı. Onların sırasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Metropolitenin rəisi Tağı Əhmədov, Milli Məclisin üzvü Novruz Aslan, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər ziyalılar da var. Gecədə həmçinin Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Zabit Nəbizadə, Zamiq Əliyev, Ramiz Mirişli, əməkdar incəsənət xadimləri Tahir Əkbər, Nailə Mirməmmədli, xanəndələr Qəzənfər Abbasov, Almaz Orucova, Bahar Lətifqızı, əməkdar artistlər Firuzə İbadov, Gülyaz və Gülyanaq bacıları, aktyor Fuad Poladov, aparıcılar Zaur Kamal, Anar və digər qonaqlar da qatılmışdır.

Konsertdə çıxış edən Ağaxan Abdullayev və Novruz Aslan müğənninin sənətini böyük qiymətləndirdiklərini qeyd edib ona bu yolda uğurlar diləyiblər.

Konsert zamanı "İncilər" media qrupu tərəfindən hazırlanan video çarx nümayiş olunub. Videoda ifaçının kiçik yaşlarından bu günə qədər qazandığı uğurlar və keçdiyi sənət yolundan ən xırda detallar belə yer almışdı.

Gecənin aparıcısı Lətafət Ələkbərova idi.


Sizin Reklam Yeriniz