Əlaqə Arxiv
news Image
2014.02.06
18:09
| A A A
“Eurovision-2013”-də tamaşaçı səsverməsinə təsir göstərmək cəhdləri ilə bağlı araşdırmanın nəticələri açıqlanıb
Avropa Yayım İttifaqı (AYİ) “Eurovision-2013” mahnı yarışması zamanı tamaşaçı səsverməsinə təsir göstərmək cəhdləri ilə bağlı araşdırmanı yekunlaşdırıb.

APA-nın AYİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, araşdırmanın nəticələri belə cəhdlərin olduğunu, lakin yerlərdə olan sərt təhlükəsizlik qaydaları səbəbindən baş tutmadığını ortaya çıxarıb.

 

"Həmin səslər müsabiqə qaydalarına əsasən sonradan etibarsız sayılıb. Həmçinin hər hansı televiziya şirkətinin bu cür fəaliyyətlə məşğul olmasına və yaxud bundan məlumatlı olmasına dəlalət edən dəlil-sübut aşkarlanmayıb", - deyə AYİ-nin məlumatında bildirilir.

 

Eyni zamanda qeyd olunub ki, "Eurovision" müsabiqəsi çərçivəsində səsvermə prosesinə olan etibarın gücləndirilməsi üçün səsvermə zamanı şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin sərtləşdirilməsinə dair qərar qəbul edilib. Əgər müsabiqədən əvvəl, müsabiqə zamanı və sonra yarışma iştirakçısının xeyrinə hansısa pozuntu aşkarlansa, avtomatik olaraq həmin ölkənin yayımçı-telekanalının müsabiqədən 3 il müddətinə uzaqlaşdırılması proseduruna başlanılacaq.

 

Yarışmanın icraçı supervayzeri Con Ola Sand müsabiqənin rəsmi saytına müsahibəsində deyib ki, AYİ-nin araşdırması zamanı Azərbaycanda "Eurovision" müsabiqəsini yayımlayan "İctimai" telekanalın tamaşaçı səsverməsinə təsir etmək cəhdlərinə dəlalət edən sübutlar aşkarlanmayıb. Lakin bundan sonra AYİ iştirakçı ölkələrin yayımçı telekanallarının məsuliyyətinə daha sərt yanaşma sərgiləməlidir və qayda pozuntusu aşkarlandığı halda müsabiqədən dərhal kənarlaşdırmalıdır. 

 

Xatırladaq ki, "Eurovision-2013"-dən sonra Avropanın bəzi mətbu orqanlarında tamaşaçı səverməsinə Azərbaycandan olan iştirakçının xeyrinə təsir etmək cəhdləri barədə məlumatlar yer almışdı. 

 

"Eurovision-2014" bu il mayın 6,8 və 10-da Danimarka paytaxtı Kopenhagendə keçiriləcək. 

Sizin Reklam Yeriniz