Bu gün Milli Məclisin keçmiş
deputatı, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş
kapitanı Anar Məmmədxanovun ölümündən 3 il keçir.
A.Məmmədxanovun bacısı Naidə Məmmədxanova və həyat
yoldaşı İradə xanım mərhum haqda xatirələrini
bölüşüblər.
Axşam.az həmin müsahibəni təqdim
edir:
Naidə Məmmədxanova – Biz ailədə
iki uşaq olmuşuq: mən və Anar. Baxmayaraq ki, Anardan 6 yaş böyük
idim, o məni həmişə "kiçik bacısı" kimi təqdim edirdi. Mən ailə
qurduqdan sonra da soyadımı dəyişmədim. Lakin heç vaxt heç kimə
demədim ki, Anar Məmmədxanovun bacısıyam. Bunu deməyə ehtiyac da
yox idi. Çünki biz bir-birimizə çox bənzəyirdik. Anarla təkcə
bacı-qardaş yox, əsl dost idik. Mən uşaqlıqdan Anarın üstündə
əsmişəm. Elə bil öz övladımı böyüdürdüm. Məktəbdə oğlanlarla davaya
gedəndə mən də ona qoşulurdum. Deyirdim, bax, sən bundan
keçməlisən, döyməlisən də, döyülməlisən də... İllər sonra Anar
deyirdi ki, mənim bir kişi kimi yetişməyimdə Naidənin çox böyük
rolu oldu. Mən onu hər situasiyada dəstəkləyirdim. Çünki
Anarın ağlına, qabiliyyətinə, mənəvi dünyasına bələd idim.
Oxuduğumuz 160 saylı məktəbin gözü idi. Başqa məktəblərdən olan
oğlanların hünəri nə idi ki, bizim yuxarı siniflərdəki hansısa
qızın dalınca gəlsin. Bunu birinci Anara deyərdilər. Anar elə
məktəb vaxtından nüfuzlu oğlan idi. Olduqca ədalətli, düzlüyü sevən
idi. Anarda hələ uşaqlıqdan elə xüsusiyyətlər vardı ki, onun
gələcəkdə əsl kişi olacağından xəbər verirdi. Anar çox etibarlı
idi: birinci sinifdə ona dərs demiş ilk müəlliməsinin ad
gününü hər il təbrik edirdi. Hələ bununla kifayətlənmirdi,
sinif yoldaşlarına zəng vurub tapşırırdı ki, siz də təbrik
edin.
- Evin sonbeşiyi həm də ərköyün olur
axı...
- Ərköyünlükdən başqa Anar həm də çox
dələduz, nadinc uşaq olub. Buna baxmayaraq yaxşı oxuyurdu. Çox
gözəl yumor hissi vardı. Onunla bir yerdə olan adam darıxmazdı. Heç
yadımdan çıxmaz... Bir dəfə anamın rəfiqələri bizə toplaşmışdılar.
Evimizin də iki qapısı vardı. Təsəvvür edin: hamının başı qarışıb
söhbətə... Anar da yavaşca keçib o biri otağa... Anamın paltarını,
paltosunu geyinib, şalını bağlayıb, eynəyini də taxıb gözünə... O
biri qapıdan çıxıb, gəlib əsas qapının zəngini basır... Anam da
açıb qapını... Qalıb məəttəl ki, bu gələn kimdir? Evdəkilər də
soruşur ki, bu kimdir? Bir xeyli sonra, yalnız Anar özü gülməyə
başlayanda məsələnin nə yerdə olduğunu anlayıblar... Yəni Anar heç
kimi tək qoymurdu. Hamını əyləndirməyə çalışırdı. O da yadımdadır
ki, nənəm möhkəm xəstə idi. Bir az özünə gəlmişdi, durub
axsaya-axsaya vanna otağına gedirdi. Anar mənə dedi ki, mərcə gələk
ki, nənəm artıq sağalıb. Dedim, görmürsən, arvad necə yeriyir?
Qayıtdı ki, indi sübut edərəm ki, mən düz deyirəm. Anamın otağından
pəncərənin kənarı ilə qonaq otağına keçib işığı yandırdı. Nənəm də
köhnə adamlardan idi, baxdı ki, işıq yanır. Getdiyi yolu geri
qayıdıb, işığı söndürdü...
- Bəs ananız Anarı ən çox nəyə
görə danlayırdı?
- Məktəb direktoru anamın evdə
oturmağına imkan vermirdi. Həftədə neçə dəfə Anara görə
çağırırdılar... Çox şuluq uşaq idi. Amma onu hamı sevirdi. Xüsusən
də anam... Anarla nəfəs alırdı. Çünki anam həmişə istəyib ki, oğlu
olsun. Hətta kimsə deyəndə ki, bəlkə bu dəfə də qızın oldu, az
qalıb həmin adamla dalaşsın. Hər dəfə köhnə ili yola salanda Anar
deyirdi ki, bu il xoşbəxt il oldu, çünki hamı sağ-salamatdır... Bu,
Anar üçün çox önəmli idi. Çünki kiminsə xəstələndiyini eşidəndə ona
çox pis təsir edirdi. Həmişə də deyirdi ki, mən bir anımı belə
sizsiz təsəvvür etmirəm.
- Anara nəyi irad tuturdunuz
?
- Heç nəyi. Onun bütün hərəkətlərini qəbul
edirdim və onunla qürur duyurdum. O da mənə deyirdi ki, sən dahi
bacısan. Biz bir- birimizi çox gözəl tamamlayırdıq. Elə kitab, elə
məqalə olmurdu ki, oxuyub, birlikdə müzakirə etməyək. Anar çox
vətənpərvər, sözün əsl mənasında patriot idi. Mən hələ onun kimi
Vətənini sevən ikinci adam tanımıram. Bilirisiniz, o, həmişə nəyin
fikrini çəkirdi? Deyirdi, heyf ki, mənim bu cür qeyri-adi istedadı
olan xalqımın paxıllıq kimi çox mənfi bir xüsusiyyəti var. Paxıllıq
xalqımı mənən gəmirir. Ona görə də Anar istedadlı adam görəndə
bütün varlığı ilə sevinirdi. Kim olur olsun: İsfar Sarabski, Şahin
Növrəsli, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Aysel Teymurzadə...
Onların hər uğurundan sonra mətbuatda çıxış edirdi, deyirdi ki:
"Əziz həmvətənlərim, gəlin, bu şad xəbərə ürəkdən sevinək, onları
təbrik edək. Çünki onlar Azərbaycanın adıdır". Anarın bu Vətən
sevgisi həqiqi bir hiss idi. O, kiməsə xoş gəlmək üçün rol
oynamırdı. Heç yadımdan çıxmaz... 2009-cu ilin "Eurovision"
müsabiqəsinin final mərhələsi günü ertədən iri bir Azərbaycan
bayrağını eyvandan asdı. Axşam ən yaxın dostlarını başına yığıb,
oturdu televizorun qarşısında... Hansı ölkə bizim iştirakçıya 12-10
bal səs verirdisə, tez telefonu götürüb, o ölkədəki səfirimizə zəng
edir, ona öz minnətdarlığını bildirirdi ki, "sağ olun, yaxşı
işlədiniz"... Qəribəsi o idi ki, internetdə ermənilərin hansısa
mənfur hərəkəti barədə oxuyan hər kəs, məhz, Anara zəng edirdi: "Ay
Anar, onlar bizim filan mahnımızı oğurladılar; filan yeməyi öz
adlarına çıxdılar; filan alətimizdən danışdılar...". Elə bil bütün
bu məsələləri Anar həll etməliydi... Azərbaycana kim gəlirdi,
birinci Anarın qonağı olurdu. O insanların hər biri bu torpağı
ancaq Anarın vasitəsilə tanıyırdılar. Ona görə də əcnəbi
qonaqlarımızda ancaq bir təəssürat olurdu: Azərbaycan – Anar; Bakı-
Anar, Abşeron – Anar... O istəyirdi ki, hamı Azərbaycana
vurulsun.
- Sözsüz ki, bu cür vətənpərvər
insanı gözügötürməyənlər olacaqdı. Sizcə, Anar kimə mane
olurdu?
- Azərbaycanı sevməyən və kütləyə oynayan
adamlara...
- Yəqin 15 il millət vəkili
olan Anar o illər ərzində də çox insanların əsl simasını
gördü..
- Ümumiyyətlə, Anar elə bir adam idi ki,
heç vaxt evdə problemlərdən, iş qayğılarından, onu narahat edən
məsələlərdən danışmazdı. Nə baxışlarından, nə səs ahəngindən bunu
hiss etməzdin. Həmişə istəyirdi ki, ətrafındakı insanlar onu ancaq
xoşbəxt görsünlər, o da hamıya müsbət emosiya bəxş etsin. Neqativ
heç nəyi xoşlamırdı. Vay o günə ki, səhər maşına oturanda radioda
qəmli mahnı verəydilər... Tez həmin redaksiyaya zəng edərdi,
iradını bildirərdi ki, səhər-səhər camaatın əhval-ruhiyyəsini
korlamayın. Çox pozitiv insan idi. Hərdən deyirdilər ki, Anar
çoxdanışandır. Amma başa düşmürdülər ki, Anar kiminsə ani yaranan
sükutdan istifadə edib, öz dərdini fikirləşməyini istəmirdi.
İlk və son məhəbbəti
- Gəlin xanımı seçəndə baldızlıq eləmədiniz
ki?
- (gülür) Biz İradə ilə o dəqiqə dostlaşdıq. İradə
onun ilk sevgisi olub.
- İradə xanım:
- Bizim ailənin ömrü 19 il oldu. Amma Anarla elə
bir həyat yaşadım ki, elə bil 100 il ömür sürdüm. Onunla başqa cür
mümkün deyildi. Biz tanış olanda mən 10-cu sinifdə oxuyurdum. İki
il tanışlığımız sürdü, iki il də nişanlı qaldıq. Bu illər ərzində
Anar heç dəyişmədi. Hərçənd mən onu 7 yaşında tanımamışam. Amma
bilirdim ki, o, 7 yaşında necə idisə, 23, 33, hətta 40 yaşında da
elə qaldı. Anarın içində özü boyda bir uşaq yaşayırdı. Çox səmimi
adam idi.
- Anar kimi məşhur, məşhur olduğu
qədər də yaraşıqlı bir kişinin həyat yoldaşı olmaq çətin
idi?
- Çətin yox, maraqlı idi. Mən başa düşürdüm
ki, Anarla ayaqlaşmalıyam. Bunu bacarırdım da. Son günədək ondan
ancaq sevgi etirafı eşitdim. Deyirdi: "Bax, uşaqlar bir yana, səni
dünyalar qədər sevirəm". Mən də həmişə çalışırdım, formada olum.
Toya gedəndə bəzənib-düzənirdim. Deyirdi, xəbərin var, sən burda
hamıdan gözəlsən?!
- O qədər işin-gücün içində
Anar ailəsinə vaxt ayıra bilirdimi?
- Əlbəttə. Anar uşaqlar üçün əsl
bayram idi. Hara gedirdik, beşimiz də birgə olurduq. Hətta
Mədinənin 3 yaşı olanda biz xaricdə raftinqə minmişdik, eşidənlər
dəhşətə gəlmişdi. Qaynanam həmişə deyərdi ki, uşaqları qoyun mənim
yanımda, siz gedin, dincəlin. İndi fikirləşirəm ki, əgər uşaqlar
onda bizimlə getməsəydilər, indi belə xatirələri olmazdı. Bir dəfə
işdən gəldim ki, evdə yaman səs-küydü... Anar kinoteatr quraşdırıb,
uşaqlara pop-korn alıb, bir tərəfdə də musiqi... Kefdədilər. Mən də
gələn kimi başladım: gedin, dərs oxuyun, yazı yazın... Anar da
qayıtdı ki, eh, bu pis adam gəldi, uşaqların kefinə soğan
doğradı... O, uşaqlarını çox maraqlı tərbiyə edərdi. Hər dəfə üçünü
də götürüb, Alim Qasımovun konsertinə gedərdi ki, qoy muğamımızı
əsl sənətkardan dinləsinlər. Anar çox diqqətli idi. Bircə mənimlə
alış-verişə çıxmağa həvəsi yox idi. Amma hansısa xarici ölkəyə tək
gedəndə mütləq birinci mənə hədiyyə alırdı.
- Ata kimi övladlarına nəsihəti nə
idi?
- Deyirdi, kim olursunuzz-olun, amma
peşəkar olun. Oğluma deyirdi, istəyirsən, get aqronom ol, amma
peşəkar olmalısan. Deyirdi, elə adam olun ki, insanlar sizə ehtiyac
duysun.
EL ÜÇÜN AĞLAYAN GÖZ
- Yəqin onun səmimiliyindən
istifadə edənlər heç də az deyilmiş...
- Əlbəttə var idi, bu, təbiidir. Amma Anar
insanlarda həmişə yaxşı tərəfi axtarırdı, mənfini görmək istəmirdi.
Çox əliaçıq adam idi. Heç vaxt görmədim ki, kimisə naümid
qaytarsın. Son qəpiyini verərdi. Özü də bilirdi ki, o pul
qayıtmayacaq. Səhəri gününü heç fikirləşməzdi. Mənə də deyirdi ki,
bu günlə yaşa. Mən başlayırdım, ay Anar, uşaqlar böyüyür, bəs sabah
necə olacaq?... Deyirdi, əşşi, sənin nəyin çatmır ki? Bu gün
varındı, yaşa, sabaha Allah kərimdir. Maddiyyat onu qəti
düşündürmürdü, onunku mənəvi dəyərlər idi. Düz də edirdi. Əslində,
bunu onun yoxluğundan sonra daha dərindən anlamağa başlamışam.
Baxın, o gedəndən sonra mənimçün nələr qiymətli olub? Bilirsiniz,
mən indi nələrdən yapışıram? Şəkillərdən, məqalələrdən, arxiv
materiallarından... İnanın, bu gün onlar mənimçün ən qiymətli
daşınmaz əmlakdan, ən bahalı brilyantdan daha dəyərlidir. Axı,
mülkü, daş-qaşı pulla ala bilərsən, amma xatirələri heç vaxt almaq
olmur.
- Amma yaman vəfasızlıq
elədi...
- Hə... (doluxsunur) 40 yaş... 40 yaşını
qeyd etmədi. "Olmaz" dedi. 7 ay sonra da getdi... Mən onun
yoxluğunu qəti qəbul etmirəm. Elə bilirəm, harasa gedib, gələcək.
Uşaqlara da demişəm ki, belə düşünsünlər. Çünki Anarsız yaşamaq
mümkün deyil. Bayramda məzarına getmişdik. Bir xeyli danışdım
onunla... Mən həyatda ona hər şeyi bağışlardım... ölümdən başqa
(kövrəlir)… Ümumiyyətlə, Anar hərdən ölümdən danışırdı. Həmişə də
deyərdi ki, mən çox yaşamayacam, tez gedəcəm. Çalışırdım, onun bu
sözlərinə əhəmiyyət verməyim. Deyirdim, əşşi Anardı da... danışır
özüyçün... Digər tərəfdən də ona deyəndə ki, özünə fikir ver,
canına bax, deyərdi, sən narahat olma, mən hamını yola salacam,
sonra özüm gedəcəm. Arxayın eləmişdi məni. Nə bilim ki,
aldadacaqmış...
- Onun qəfil itkisi Anarı tanıyanların hər biri
üçün ağırdır. Amma eşitdiyim bəzi söz- söhbətlər də var. Deyilənə
görə, Anarın pisliyini istəyənlər hətta ona əməl də
ediblərmiş...
İradə xanım:
- Demirəm, yox idi. Nəzər də var idi, bəd
əməl də... Amma Anar özü belə şeylərə inanmırdı deyə, bizi də
inanmağa qoymurdu.
Naidə xanım:
–
Ümumiyyətlə, Anar elə insan idi ki, o olan yerdə adam özünü arxayın
hiss edirdi. Fikirləşirdin ki, Anar varsa, ən müşkül işin
düzələcək. Qohum-qonşu... kimin nə problemi vardısa, mütləq Anara
deyirdi, o da telefona əl atırdı... Vəssalam, məsələ həll olundu.
Elədiyini də heç vaxt deməzdi. Heç yadımdan çıxmaz... Bir dəfə
qoltuqağacları ilə gəzən cavan bir qız gördü. Ürəyi dözmədi:
ünvanını alıb, əməliyyat üçün pul tapdı, qızı Almaniyaya göndərdi.
O ailənin sevincini təsəvvür etmək mümkün deyildi.
KÖZ TUTMAYACAQ YARA
- Anarın ən yaxın dostu Elçin Əzizov deyir ki,
bizim nəsil elə hadisələrin şahidi oldu ki, istər 35 yaş olsun,
istər 40... Buna ürək dözməzdi... Demək, Anar da içindən çat verən
ağac imiş...
İradə xanım:
- Hər şeyi ürəyinə salırdı. Üzdə
danışıb-gülürdü, hamını xoşbəxt edirdi, içində isə insanların
dərdini çəkirdi. Millət vəkili olduğu ərəfədə seçildiyi dairənin
əhalisi üçün əlindən gələni elədi: yol çəkdirdi, su, qaz problemini
həll etdi. Amma insanlar ondan daha çox şey tələb eləməyə
başlayanda... bunu ürəyinə salırdı. Axı, onun da imkanı xaricində
olan işlər vardı?! Amma yenə xeyirxahlığından qalmırdı. Dəfələrlə
öz hesabına uşaq evlərinə, internat məktəblərinə yardımlar edir,
kompüterlər, texniki avadanlıqlar alırdı. Bunu onun telefon
danışıqlarından öyrənmişəm, özü mənə bir kəlmə də deməyib. Başqası
olsaydı, aləmə car çəkərdi. Bax, bu gün mənə arxiv üçün o işləri
əks etdirən, heç olmasa, bircə şəkil, ya da kadr lazımdır,
yoxdur.
Naidə xanım:
– Tez-tez yuxularıma girir. Deyir,
mən ölməmişəm, səninləyəm. Mən, ümumiyyətlə, uşaqlıqdan onun üçün
qorxmuşam. Çünki çox narahat uşaq idi. Qorxurdum ki, uşaq
arabasından yıxılar. Qorxurdum ki, həyətdə kiminləsə dalaşar.
Həmişə ona görə narahat olmuşam. Mən onu itirməkdən qorxmuşam.
Qorxduğum da başıma gəldi... Çox dəhşətli itkidir. Kaş xəstə
olaydı, biləydik ki, xəstədir. Yoxsa bir gün əvvəl toya get, kefin
kök, damağın çağ... Ertəsi gün bircə anın içində hər şeyi yarımçıq
qoy... İnsan necə barışsın?
İradə xanım:
– Anar bizə xatirələrdən başqa gözəl
dostlar miras qoydu. Onun fiziki yoxluğu təkcə məndən ötrü yox, elə
onlardan ötrü də dəhşətdir. Ona görə də Anarın yoxluğunu mənim
varlığımla ovudurlar, onun hansısa zərrəciyini məndə axtarırlar.
Çox ağır olsa da, bir faktı deyim ki, Anarın iki çox yaxın
məktəb dostu olub. Onların üçünün şəkli indi də durur. O oğlanların
ikisi çox gənc yaşında dünyasını dəyişdi. Mən ilk dəfə onda Anarı
hönkür-hönkür ağlayan gördüm. İndi o şəklə baxıram... Heç
biri yoxdur.
- Anardan sonra bu şəhərdə yaşamaq
da istəməzsiniz...
- Nəinki bu şəhərdə, heç həyatda yaşamaq
istəmirdim. Hətta yadımdadı, deyəndə ki, vəssalam, Anar yoxdur,
mənə elə gəldi ki, ardıcıllıqla hamı öləcək. Çünki fikirləşirdim
ki, heç kim Anarsız yaşaya bilməz. Ilk günlər az qalırdım, başımı
kəsib tullayım, bu dəhşətdən azad olum. Amma sonradan başa düşdüm
ki, əlacım yoxdur. Anarla bağlı o qədər iş var ki... Elə bil
Anar o işləri mənimçün qoyub gedib ki, yaşayım. Onun övladları,
valideynləri, bacısı, dostları, xatirələri naminə... Bircə kiçik
qızım Mədinəni ovuda bilmirəm. Hər dəfə deyir ki, kaş papa 10 il
sonra öləydi. Bəlkə onda papadan bir az doyardım...
- O dəhşətli xəbəri ananıza necə
çatdırdınız?
Naidə xanım:
– Həmin gün
mən Simurq adlı bir təşkilatda mühazirə deyəcəkdim. Anamı da
özümlə aparmışdım. Hamı anamla salamlaşırdı. Deyirdilər, Səidə
xanım, siz xoşbəxt anasız ki, Naidə xanım kimi qızınız, Anar kimi
oğlunuz var. Anam da elə fərəhlənirdi ki... Mühazirədən sonra
çıxdıq, bəxtəvər insanlar kimi qol-qola bir xeyli gəzdik. Anamı
yola saldım, elə evə çatmağa az qalmış zəng etdilər ki, bəs Anarın
halı yaxşı deyil, gəlin. Mamagil Anara daha yaxın olurlar
deyə tez ona xəbər elədim ki, sən get, mən də gəlirəm. Özümü
çatdıranda təcili yardım həkiminin əlacsız halda başını
yellədiyini gördüm... Mən o səhnəni təsvir edə bilmərəm...
İnanmadım. Qışqırdım ki, necə? Vəssalam? Ola bilməz... Yenə nəsə
edin... Həkim yazıq yenə elektroşok... yenə masaj... Qaytara
bilmədi. Həmin an ancaq Allaha yalvarırdım. Deyirdim, İlahi, sənə
can lazımdırsa, al mənim canımı, Anara dəymə, bircə Anarı aparma!
Anar bizim hamımız idi. Anar atamdı, anamdı, bacımdı, qardaşımdı,
dostumdu... Anar dayaqdı, eldi, obadı... Saxlaya bilmədik, qoruya
bilmədik onu... Getdi Anar.... Evdən deyil, eldən
getdi...
Zakirə ZAKİRQIZI