Əlaqə Arxiv
news Image
2014.06.30
17:37
| A A A
"Əskim tüstülüdür" - Afaq

"Ulduzlu axşam"da həmsöhbətim ATV-nin "Onlar" verilişinin cazibədar aparıcısı nazlı-qəmzəli Afaq Gəncəlidir.

 

"Dekolte geyinirəmsə, çalışıram ətək uzun olsun"

 

- Hər zaman cazibədar geyimlərinlə fərqlənirsən… Qısa ətəklər və dekolte geyimlərin heç söz-söhbətə səbəb olmur ki?

 

- Olur. Amma mən əndazəni aşan adam deyiləm. O dərəcəyə çatdırmıram ki, ifrata gətirib çıxsın. Məsələn, dekolte geyinirəmsə, çalışıram ətək uzun olsun. Yaxud, qısa ətək geyinirəmsə,  sinə və çiyin hissəm bağlı olur. Əslində, kimdənsə qorxub-çəkindiyimə görə belə eləmirəm e, xarakterim belədir. Elə geyinirəm ki, efirdən ata-anam baxanda ayıb olmasın.

 

"Əvvəllər belə şeyləri eşidəndə şoka düşürdüm"

 

- Həm də şayiələrə rəvac vermirsən, eləmi?

 

- Hə, bir az yaxşı çıxmasa da, əskim tüstülüdür.

 

- Üzdə olan xanımsan. Mənə çox maraqlıdır, indiyədək haqqında yayılan ən böyük şayiə hansı olub ki, eşidəndə şoka düşmüsən?

 

- Qadın haqqında hansı şayiələr yayarlar - deyərlər ki, filankəsin sevgilisidir, filankəslə eşq yaşayır...  Sözün düzü, əvvəllər belə şeyləri eşidəndə şoka düşürdüm və çox məyus olurdum. Belə... Başqa şeylər məni o qədər də məyus eləmir. Şəxsiyyətimə toxunan şayiələr mənə pis təsir edir.

 

- İnsanlarla baryer yaradırsan?

 

- Çalışıram olsun. Hətta ata-anamla belə, aramızda baryer var.  Günü bugünədək atamla-anam məni çağıranda "bəli" deyə cavab verirəm. Çünki "hə" desəm, ayıb olar.

 

 

"Sərt şəkildə həmin insanı yerində oturduram"

 

- Kimlərsə bu baryeri götürəndə reaksiyan necə olur?

 

- Sevmirəm. Həm də baxır nə dərəcədə. Belə olanda üzüm dönür, qaşqabaq tökürəm.

 

- Fiziki təzyiq edə, məsələn, sillə vura bilərsən?

 

- Yox, yox, həyatı boyu məndən bunu gözləmək olmaz. Sərt şəkildə həmin insanı yerində oturduram və deyirəm ki, yerində də qal.  

 

- Afaqın ürəyini ovlamaq asandır?

 

- Baxır kim və necə. Diqqəti çox sevirəm - istər rəfiqələrim, istərsə də əks-cins tərəfindən, fərq etməz. Əslində, özüm də kifayət qədər diqqətciləm. Çalışıram hər kəsə qarşı diqqətli olum. Biganəliyi xoşlamıram.

 

"Bunu deməyə  qorxuram"

 

- Afaqın həyatında nə çatmır?

 

- Həyatımda hər şey var. Oğlum var…

 

- Həyat yoldaşından ayrılmısan, sevgi necə, varmı həyatında?

 

- Ayrılmışam e, ancaq başım o qədər qarışıqdır ki. Oğlum mənimlə bir boydadır e, ayıb olar mənim üçün.

 

- Oğul da öz yerində. Yəni deyirsən, heç vaxt ikinci dəfə ailə həyatı qurmayacaqsan?

 

- Heç vaxt "heç vaxt" deyə bilmərəm. Çünki haçan söyləmişəmsə, bu heç vaxt olmayacaq, həmin iş başıma gəlir. Buna görə də heç vaxt "bu olmayacaq" demirəm, qorxuram.

 

"Kişi adını daşımaq hələ kişi olmaq demək deyil"

 

- Bəlkə, sənin kriteriyalarına uyğun birisi yoxdur, qərarında ona görə belə qətisən?

 

- Düzdür, mənim kriteriyalarıma uyğun dediyim və istədiyim biri olarsa, ikinci dəfə ailə quraram.

 

- Yəni necə birisi?

 

- Ən azından, mənə həmsöhbətim olsun, dünyagörünüşümə yaxın biri olsun.

 

- Hansı xarakterin olması vacibdir?

 

- Kişidə mütləq kişilik olmalıdır. Kişidə sözünün keçərliyi,  yumruğu və mənliyi olmalıdır. O, sadəcə kişidirsə,  sözü keçərli deyilsə, öz mənliyi yoxdursa, onu kişi hesab etmirəm. Kişi adını daşımaq hələ kişi olmaq demək deyil.

 

"Qapımdakı it də gözəl olmalıdır"

 

- Xarici görünüşü önəmli deyil, belə başa düşdüm…

 

- Yox, önəmlidir.  Hər zaman anamın bir sözü beynimdə ilişib qalıb. Özü də lap uşaqlıqdan. Anam həmişə deyirdi ki, qapımdakı it də gözəl olmalıdır. Mən estetəm. Özü də mənim xoşladığım fərqli tiplər var.

 

- Məsələn?

 

- Mən Kvazimodaya vurğun insanam. "Anjelika və kral" filmi var, Joffrey rolunu oynayan aktyora vurğunam. Çox kifir, üzü çapıqlı, axsaq adamdı, amma kifirliyi ilə gözəllik yaradan bir insandır. Al Paçinoya vurğunam. Çelentano kifirliyi ilə gözəllik yaradan bir insandır, çox xarizmatikdir.

 

"Telefonum həmişə blokda olur"

 

- Axırıncı dəfə nə vaxt yalan danışmısan?

 

- Oyyy. Bizim işimiz elədir ki, addımbaşı yalan danışa bilərik. Tutalım, bilirəm  ki, ora getməyim uyğun deyil, ya məsləhət bilmirəm, onda yalandan bir bəhanə uydururam.Yəni bu yalanlar mütləqdir.

 

- Telefonunda yəqin ki, özəl mesajlar, fotolar var. Bax, tanınmış xanımsan, müəyyən mənada gözügötürməyənlərin də var.   Qorxmursan ki, birdən telfefonunu itirərsən, o mesajlar kompramat kimi kiminsə əlinə keçər. 

 

- Sözsüz ki, özəl mesajlarım, fotolarım var. Amma telefonum həmişə blokda olur və bilirəm ki, blok qırılsa, onlar silinəcək. Buna görə rahatam.

 

- Səni həyatda qorxudan nədir?

 

- İtki. Doğmaların itkisi məni dəhşətli dərəcədə qorxudur.   

 

"Ən bahalı paltarımın qiyməti 5 min manatdır"

    

- Qlamur xanımsan, geyimlərinə çox pul xərcləyirsən?

 

- Brend geyimlər geyinirəm, amma qarderobumda elə geyimlərim var ki, 30-50 manat civarındadır. Amma elə bəh-bəhlə geyinirəm ki, hamının xoşuna gəlir. Özü də deyim ki, yaraşır ha mənə. Yalan nə danışım, brend geyimlərim də var, adi geyimlərim də.

 

- Bəs adi geyimlər alanda mağazada kompleksə düşmürsən ki?

 

- Kimdəsə bir paltar görürəm və bəlli olur ki, sadə bir mağazadan alıb. Yəni heç brend də deyil. Yavaşca eynəyimi taxıram gözlərimə və gedib o paltardan alıram.

 

- Qarderobunda ən bahalı və ən ucuz paltarın qiymətini bəlkə bizə də deyəsən?

 

- Ən bahalı paltarımın qiyməti beş mindir. Ucuz da ki, dediyim kimi, 30-40 manatlıq geyimlərdir.

 

"Telefonsuz evdən çıxmaram"

 

- Qarderobunda artıq qalan geyimlərin aqibəti necə olur?

 

- Əmiqızı, bibiqızı var, zəng edib çağırıram ki, gəlin aparın. Bir paltarı çox geyinmirik axı. Hətta bir dəstə pal-paltar yığıram, Maştağada yaşayan bibimqızına aparıram.

- Sonra arxasınca gözün qalmır ki?

 

- Yox, ürəkdən verirəm.

 

- Məsələn, yadından çıxarıb evdən hansı aksessuarı götürməyib çıxsan sənin üçün dəhşət olar? Məsələn, dodaq boyası, ətir…

 

- Yox, çoxları deyir ki, Afaqı makiyajsız görməmişik, amma mənim Instagram səhifəmdə makiyajsız şəkillərim var. Yalnız telefonsuz evdən çıxa bilmərəm.

 

"Bu dəqiqə avtomobilimdə 3 min dollara qədər pulum var"

 

- Üstündə nə qədər pul gəzdirməyi xoşlayırsan?

 

- Varım-yoxum nə qədər pulum varsa, hamısını özümlə götürürəm. Bu mənim adətimdir.

 

- Bax, indi üstündə nə qədər pul var?

 

- Bu dəqiqə avtomobilimdə 3 min dollara qədər pul var.

 

- Qorxmursan itirəsən, ya oğurlayarlar?

 

- Mən biraz səhlənkar insanam, anam həmişə deyir ki, sən itirə-itirə gedirsən. Səhlənkaram əşyalarıma qarşı. Geyim də itirirəm, ətir də, pul da. Bircə telefonumu itirmirəm. İndiyə qədər elə böyük məbləğdə pul itirməmişəm.

 

"Zəhləm gedir kişidən gül ətri gələndə"

 

- Ən çox sevdiyin parfüm hansıdır?

 

- Mənə yaxın bir insan var, o bilir ki, mən "Bond" ətirlərini çox sevirəm. Sağ olsun, "Bond"un bütün ətirlərini mənə alıb. Son vaxtlar ancaq bu ətirlərdən istifadə edirəm. Tünd ətirləri sevirəm, onda özümü rahat hiss edirəm.

 

- Bəs kişidə necə, odekalon, yoxsa, sadəcə siqaret qoxusu?..

 

- Qarışıq olsun. Kişilərdə siqaret və odekolonun qarışığını sevirəm. Zəhləm gedir kişidən gül ətri gələndə. Elə qadınlardan da gül ətri gələndə xoşuma gəlmir.

Sizin Reklam Yeriniz