Qışa hazırlıq başladı
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan idarə
və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə
hazırlığı məqsədilə artıq əmr hazırlanıb. Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə daxil olan
məlumata görə, əmrə əsasən, payız-qış mövsümündə avtomobil
yollarının və yol qurğularının normal istismarını, hərəkətin
fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə
Cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb.Bundan əlavə, Yol
İstismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər
planını hazırlayaraq icrasına başlayıb: "Buraya avtomobil
yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış
keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat
vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə
çayların yataqlarının, yollarda suötürücü boruların, küvetlərin
təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb
olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları
ehtiyatının yaradılması daxildir.
Eyni zamanda, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində
yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə
bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi
aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının
və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ
növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq".
Məlumatda qeyd olunub ki, bütün proses tam nəzarətdədir.
Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz hadisələrin
aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı, saz və
hazır vəziyyətə gətirilmiş maşın-mexanizmlər var.
İlkin mərhələ olaraq 24885 kubmetr qum, 1160 ton texniki duz
ehtiyatı yaradılıb, 500 ton texniki duzun əlavə alınması üçün
müqavilə bağlanıb. Bundan əlavə, 1047 ədəd maşın-mexanizm və
nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib.
Zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və
nəqliyyat vasitələrinin sayı yenidən artırılacaq.