Gənclər və idman naziri Azad Rəhimov
təqdimat mərasimində iştirak etmək üçün Türkiyəyə səfərə yola
düşüb.
Xezerxeber.com xəbər verir ki, bu haqda məlumatı
Nazirliyin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, İstanbulun
"Çırağan" sarayında keçiriləcək təqdimatda "Bakı-2015" Avropa
Oyunlarına hazırlıq haqda film nümayiş olunacaq. Yarışlarda
Avropanın 49 ölkəsindən 6 mindən çox idmançının 20 növ üzrə
mübarizə aparacağı haqda məlumat veriləcək.
Həmçinin Azərbaycanın birinci xanımı, Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın sədrliyi
ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə
verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər
üçün nəzərdə tutulmuş Olimpiya kəndinin hazırlığı istiqamətində
həyata keçirilən tədbirlər barədə məlumatlar mərasim
iştirakçılarının diqqətinə çatdırılacaq.
A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarının bir il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində
gerçəkləşəcək Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını
və idmanın bir neçə növündə lisenziya qazanma istiqamətində xüsusi
rol oynadığını bildirəcək. Nazir, eyni zamanda, Bakının müxtəlif
illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə
ev sahibliyi etməsindən, Azərbaycanın 23 illik müstəqilliyi
dövründə 200-dən artıq idmançı ilə təmsil olunduğu Yay və Qış
Olimpiya oyunlarında qazandığı nailiyyətlərdən danışacaq. Nazir
Azərbaycan yığmasının bugünədək iştirak etdiyi olimpiadalarda 26,
Avropa və dünya çempionatlarında isə 2 minə yaxın medal qazandığı
haqda qonaqlara məlumat verəcək.
Gənclər və idman naziri çıxışında bu ilin iyununda
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə
keçirildiyini qeyd edəcək. Eləcə də növbəti - 2016-cı ildə
ölkəmizdə "Formula 1" üzrə Qran-pri və Dünya Şahmat Olimpiadasının,
2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının təşkil ediləcəyi
barədə məlumatları da iştirakçıların diqqətinə
çatdıracaq.