Əlaqə Arxiv
news Image
2014.11.29
15:08
| A A A
Günay: "Özümü onun kimi biabır etmərəm"

Movqe.Az aparıcı Günay Firudinqızının publika.az-a müsahibəsini təqdim edir

- Adətən, üzdə olan adamlarla daha çox qarderobdan, stildən, saç düzümündən, nə bilim əyləncədən-filan danışırıq. Amma istədim bu dəfə intellektual mövzularda danışaq. Nə deyirsən, Günay?


- Elə mənim üçün də maraqlı olardı.

- Onda başladıq. Sonuncu dəfə hansı filmin premyerasında olmusan?

- Sonuncu dəfə bir müddət öncə, Türkiyədə yazıçı Elçinin əsəri əsasında ekranlaşdırılan "Mahmud və Məryəm" filminin premyerasında olmuşam. Böyük bir qala gecəsi oldu. Açığı, uzun müddət o qala gecənin təsirindən ayrıla bilmədim.

- Məxsusi olaraq Türkiyəyə premyera üçün getmişdin, yoxsa?

-
Yox, Türkiyədə idim. Orada eşitdim ki, belə bir premyera keçiriləcək, maraqlandım və getdim. İnanın ki, böyük bir zövq aldım. Həmişə Türkiyədə olan qala gecələri televiziya ekranlarından izləyirdik və düşünürdüm ki, yəqin, təqdimatlar da reklam xətrinə belə möhtəşəm formada təqdim olunur. Amma mən canlı olaraq o zövqü aldım və gördüm ki, həqiqətən də, Türkiyədə qala gecələr möhtəşəm səviyyədə keçirilir. Çox tanınmış aktyorlar o təqdimata gəlmişdilər və hər kəs öz qiymətini verirdi.

- Bəs Azərbaycanda necə, hansı premyeraları izləmisən?

- Bu yaxınlarda Türkiyədən məşhur aktyor heyəti gəldi və iki filmin nümayişi keçirildi. Yalan nə deyim, gedib baxa bilmədim.

- Niyə?

- Verilişimin efir günü olduğuna görə. Amma Azərbaycanda da Türkiyədə gördüyüm qala gecələr olarsa, həvəslə gedib baxaram. Bizdə, təəssüf ki, belə səviyyədə tədbirlər olmur. Yəqin ki, nə vaxtsa olacaq. Çünki əvvəl-əvvəl nöqsanlar olur, sonradan hər şey yerini alır. Son vaxtlar yerli seriallarımız çəkilir. Zaman gələcək, biz yerli seriallarımızı da maraqla izləyəcəyik. O zaman isə artıq uzaqda deyil.

- Yeri gəlmişkən, bu gün bütün telekanallarda yerliseriallar çəkilir. Özü də dövlət dəstəyi ilə. Hansı serialı maraqla izləmisən?

- ATV kanalında bilirəm ki, çoxlu seriallar yayımlanır. Həyat o qədər gərgin problemlərlə əhatə olunur ki, insan haradasa bir təbəssüm, gülüş axtarışına çıxır. Əhvali-ruhiyyəmin yaxşı olması üçün Elməddin Cəfərovgilin çəkdiyi "Bacanaqlar" serialına baxıram və gülürəm. Onu da məxsusi olaraq izləmirəm ha! Vaxtım olanda baxıram.

- Bəs türk seriallarına necə, baxırsan?

- Yox, baxdığım serial yoxdur. Vaxtım yoxdur buna. İnan ki, vaxt tapan kimi dəniz qırağına qaçıb kitab oxuyuram. İnanılmaz dərəcədə bu prosesdən zövq alıram.


- Qadası, bu soyuqda dəniz qırağında kitab oxumaq? Lap üşüdüm…

- Bilirsən, mənim çox sevdiyim məkanlar var dəniz kənarında. Orada rahat əyləşib bir stəkan çayı bəhanə edərək, kitabımla baş-başa qala bilirəm. Adətən, yay fəslində açıq havada otururam, amma soyuq havada bağlı məkanda. Yetər ki, dəniz kənarı olsun, pəncərənin arxasından da olsa, dənizin dalğaları görünsün. Müslüm Maqomayevin dəniz haqqında mahnısını dinləyirəm, sonra isə "ya Allah" deyib, kitabımı alıram əlimə. Yeri gəlmişkən, dəniz kənarında sevdiyim bir məkan vardı, adətən ora gedirdim. Həmin məkanda bir problemlə qarşılaşdım, ondan sonra çox incidim.

- Olmaya, kitab oxuduğuna görə sənə kinayə etmişdilər?

- Elə ona bənzər bir hadisə oldu. Bir dəfə günortadan kitaba necə aludə oldumsa, bir onda gördüm ki, hava qaralır. Həmin məkana da o qədər adam gəlmişdi ki, oturmağa yer də yox idi. Bir onda eşitdim ki, ofisiant mənim qaramca deyinir. Kiməsə deyir ki, bura kitab oxumaq yeridir? O, mənim çox oturmağımdan, daha doğrusu, kitab oxumağımdan əsəbiləşibmiş. Bu söz məni bərk qəzəbləndirdi. Çox əsəbiləşdim, kitabımı da götürüb inzibatçının yanına gedib şikayət etdim. O məkanla da hesab-kitabımı birdəfəlik bağladım.

- Hazırda hansı kitabı oxuyursan?

- Amerikan yazıçısı Paul Austeri oxuyuram indi. Əslində, detektiv janrını heç sevmirəm, amma qəribə xasiyyətim var. Bəzən sevmədiyim janrlarda da kitab oxumağı xoşlayıram. Bu da bilmək, məlumatlanmaq marağından irəli gəlir. Əslində, efir adamı olduğum üçün, istəyirəm, bazam da geniş olsun. Məncə, aparıcı nə qədər mütaliəli olsa, verilişi də bir o qədər maraqlı olar. İndi Remarkı başlamışam oxumağa. Bəlkə də, güləcəksən mənə, deyəcəksən, bu qız Remarkı hələ indi oxuyur. Əslində, həyatımda ilk dəfədir ki, Remarkı oxuyuram. "Zəfər tağı", "Qayıdış" – çox maraqlıdır. Ümumiyyətlə, kitab oxuyanda rahatlanıram, ruhum dincəlir. Bu zövqü heç bir əyləncəyə dəyişmərəm.

- Bəs ən çox sevdiyin yazıçı kimdir?

- Markesi çox sevirəm. Onu da deyim ki, mən çevrəmdə çoxlarını belə xəstələndirmişəm.

- Yəni?

- Bir çoxları əlimdə kitab görüblər və deyiblər ki, kitabı bitirən kimi verərsən, biz də oxuyarıq. Elə də etmişəm. Belə-belə, bir onda baxıb görmüşəm ki, mənim kitablarımı özümdən başqa nə qədər insanlar oxuyub. Elə özləri də deyirlər ki, sən bizi kitab oxumağa yoluxdurdun.

- Bayaqdan əcnəbi yazıçıların adlarını eşidirəm. Bəs yerli yazarlarımızdan kimləri oxuyursan?

- Açığı, yerli yazarlarımızı oxumuram, yalnız xarici ədəbiyyata maraq göstərirəm. Bilirəm ki, çox dəyərli yazıçılarımız var, amma nədənsə yerli ədəbiyyatı oxuya bilmirəm. Söz yox ki, Anarı, Elçini və başqadarını nəzərdə tutmuram, çünki zamanında onları çox mütaliə etmişəm.

- Belə başa düşdüm ki, yeni nəsil ədəbiyyatçıları nəzərdə tutursan. Gənc yazarlarımız, şairlərimiz var, heç olmasa, onları tanıyırsan?

- Uzaqdan-uzağa adlarını bilirəm. Bir dəfə tanınmış yazar Xanəmir Telmanoğlu mənə çoxlu kitab gətirdi. Və onları oxumağı məsləhət gördü. Mən həmin kitablar arasından birini götürüb istədim, oxuyam. Bir neçə vərəq səhifələdim, amma gördüm ki, yox e, boğuluram, oxuya bilmirəm.

- Kim idi ki?

- Yox, adını deməyəcəyəm. Uzaqdan-uzağa o insana hörmətim də var. Çünki çox tanınmış, həm də yaxşı bir insandır. Buradan adını desəm, etik baxımdan yaxşı çıxmaz. Sadəcə, mən onu oxuya bilmədim. Kitabı qaytardım. Ola bilər, onun yazdıqları kimlərinsə xoşuna gəlsin...

- Yeri gəlmişkən, yazıçıları nədənsə verilişində görə bilmirik. Niyə dəvət etmirsən?

- Onların yazdıqlarını oxumuram və düşünürəm ki, onları verilişimə çağırsam, söhbətimiz necə alınar. Ən azı, qonaqlarım barədə bilgim olmalıdır ki, hansısa suallara cavab ala bilim. Ən azı, mən o yazarın yazdıqlarını oxumalıyam. Mən söz oyunlarını, maraqlı yazı maneralarını çox xoşlayıram. Adicə başlığı oxuyanda belə anlayıram ki, həmin yazıda maraqlı söz oyunu var. Amma başlıqla içərisi düz gəlməyən köşələr də olur. Baxırsan ki, kimsə eksperiment etmək istəyib, amma çox da uğursuz alınıb. Həmin adam özünü biabır edir. Ən azı, o yazını redaktə etdirib ortaya çıxarmaq olardı. Şəxsən mən özümü onun kimi biabır etmərəm.

- Bəs xanım yazarlar arasında tanıdığın, oxuduğun varmı?

- Sözün düzü, son vaxtlar çalışıram ki, xanım yazarların əsərlərini oxuyum. Çünki zərif cinsin qələmi mənə maraqlıdır. Mənə elə gəlir ki, xanımın yanaşma üsulu kəskin fərqlənir. Ronda Bern, Aqata Kristi, Stefani Mayer, Elizabet Gilbert bunlar hazırda dünyada ən çox oxucu auditoriyası toplamış bestsellerlərin müəllifi kimi mənim də nəzərimdədirlər. Və hər birinin əsəri məzmun və üslubca bir-birindən fərqlənsələr də, hərəsi bir aləm yaratmağı bacarıb.

- Saytları izləyirsən?

- Çalışıram izləyim və gündəmin nəbzini tutum. Amma gecə yatmamışdan öncə mütləq şəkildə saytlara nəzər yetirirəm ki, hər şeydən məlumatlı olum. Bu artıq məndə ənənə halını alıb.

- Bu məlumatları daha çox hansı saytlardan alırsan?

- Biri elə Publika.az-dan. Düşünmə ki, üzgörənlik edirəm. Mənə yazının müəllifi də çox maraqlı olur və digər aktual saytlara da baxıram.

- Sosial şəbəkələrdə də ki yoxsan...

- Yoxam. Bir il üç ay bundan öncə hesabımı bağladım, indi də açmaq istəmirəm. Amma etiraf edirəm ki, sosial şəbəkələr bu gün dünyada ən çox izlənilən virtual məkandır.

- Nədənsə bir çox həmkarlarından fərqli olaraq üzdə olmağı sevmirsən. Sosial şəbəkələrdə fotolar paylaşmırsan. Nə bilim, çox ehtiyatlanırsan. Bəlkə, şaiyələrdən qorxursan?

- Qorxmuram, sadəcə, təbiətimə uyğun deyil. Həmişə istəmişəm sakit həyatım olsun. Aparıcıyam, yəni üzdə olan insanam, amma qaynar həyat mənlik deyil. Mən öz balaca dünyamda xoşbəxt olmaq istəyirəm.

- Görürəm, çox romantiksən. Şeir xoşlayırsan?

- Ramiz Rövşənin şeirlərini çox sevirəm. Həddən artıq. Saatlarla oxuyaram, yorulmaram.

- Bax indi yeri gəlib, Ramiz Rövşəndən ən çox sevdiyin hansı misraları söyləmək istərdin?

- Yox indi şeir deyə bilmirəm. Amma orta məktəbdə oxuduğum vaxtlarda başqa cür idim. Elə gözəl şeir söyləyirdim ki, bütün tədbirlərə məni dəvət edirdilər. İndi şeirin qol-qanadını sındırmaq istəmirəm.

- Bəlkə, birini mən deyim ürəklənəsən?

Çiçəklər doğulur bu yaz gecəsi,
Bu yaz gecəsində ölməyə nə var…

- Mən Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirinin vurğunuyam. Məncə, bu şeiri sevməyən yoxdur…

Kişilər bir olmur, atam balası,
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı
gözəl qadına ümidi var

- ...Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın…

Doğrudan da, möhtəşəm şeirdir.

- Ölürəm Ramiz Rövşənin şeirlərindən ötrü. Bəzən görürsən hansısa adam kitab nəşr etdirir, təqdimatını keçirir. Elə kitablara baxanda fikirləşirəm ki, heyf o kağızlara. Adını yazıçı, şair qoyur, kitab yazır. Nə vacibdir, gərək yazasan? Başqa bir bacardığın işin qulpundan yapışsa, bəlkə də, uğur qazana bilər. Vallah, mən özümü elə biabır etmərəm.

Sizin Reklam Yeriniz