Əlaqə Arxiv
news Image
2017.05.11
09:00
| A A A
Fransanın yeni prezidentinin siyasətində Qarabağ məsələsi
Emmanuel Makronun indiyədək olan istiqaməti dəyişib-dəyişməyəcəyi xüsusi maraq doğurur

Fransanın yeni, səkkizinci prezidenti Emmanuel Makron tezliklə öz vəzifəsinin icrasına başlayacaq. İndi o, seçki təbliğatı dövründə verdiyi vədləri təkrarlayaraq hakimiyyətə gəlməyin  sevincli günlərini yaşayır. Rusiya kimi millətçi Marin Le Peni dəstəkləyən dövlətlərin məyusluğu fonunda daha rasional mövqe nümayiş etdirənlər öz məqsədlərinə hansı dərəcədə nail olacaqları barədə düşünürlər. Azərbaycanın da bu yöndə xüsusi gözləntiləri var. Qarabağ münaqişəsinin həllində üzərində böyük missiya götürmüş  Minsk Qrupunda Avropa İttifaqını həmsədr ölkə statusunda təmsil edən Fransanın mövqeyi tutarlı önəm daşıyır. Üstəlik, ermənipərəstlik bu ölkənin siyasətinə təsir edən amillərdəndir. Ayrıca olaraq, dövlət başçılarının şəxsi mövqeyini də bura əlavə etsək, onda Azərbaycanın diqqətcilliyini anlamaq olar. 

Təsadüfi deyil ki,  Prezident İlham Əliyevin Fransanın Emmanuel Makrona təbrik məktubunda deyilir: “Mən Azərbaycanla Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə genişlənən faydalı əməkdaşlıq, çoxşaxəli mədəni əlaqələr Azərbaycan-Fransa diplomatik münasibətlərinin 25 illik tarixini səciyyələndirən cəhətlərdir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Fransa eyni zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edilmiş tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”. Həmsədr ölkənin yeni prezidentinə Azərbaycanın mövqeyini bəyan edən dövlət başçısı bildirir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Seçkilər günündən əvvəlki şərhlərimizdə bildirmişdik ki, Makron Fransanın işgüzar gəncliyini təmsil edir. Hazırda Avropa ölkələrinin keçirdiyi iqtisadi çətinliklər fonunda E.Makronun president seçilməsi daha çox onun təmsil etdiyi qüvvələrlər bağlıdır. Seçicilər siyasi ibarəbazlıqdan yorulublar və iqtisadi yüksəliş arzulayırlar. Bu mənada yeni prezidentin ölkə iqtisadiyyatına daha çox diqqət yetirəcəyi şəksizdir. Bur də ki, bu onun bilavasitə gündəlik işidir. Buna görə də, məsələn, Rusiya seçkilərin ikinci turunda onu dəstəkləməsə də Makronun bu ölkə ilə işgüzar əlaqələrin inkişaf etdirilməsində maraqlı olacağını proqnozlaşdırmışdıq və bu fikrimizdə qalırıq. Eyni, zamanda onun ianələr diləyən Ermənistandan fərqli olaraq bütün tərəfdaşlarına qarşılıqlı əməkdaşlıq təklif edən Azərbaycanla da əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə təşəbbüs göstərəcəyi gündəmi məşğul edən proqnozlar sırasındadır. Bunun bir göstəricisi seçkilərdə Emmanuel Makronun digərlərində fərqli olaraq Fransadakı erməni lobbisinin və diasporunun dəstəyinə etinasız qalmasıdır. Yəni, Makronun Jak Şirak, Nikola Sarkozi, Fransua Olland kimi ermənilər qarşısında hər hansı öhdəliyi yoxdur. Bu istiqamətdə o, ilgəkdən azad prezidentdir. Düzdür, Fransanın ümumi dövlət siyasətində “erməni məsələsi”nin müəyyən yeri var. Bu siyasətdən çıxmaq kimliyindən asılı olmayaraq, hər bir rəhbər üçün çətin prosesdir. Amma hər bir halda hər bir rəhbərin də təmsil etdiyi siyasi qüvvələrin öz proqramı var və düşünürük ki, Emmanuel Makronin siyasi platformasında ermənilər favorit statusa malik deyillər. Buna görə də köhnə və yeni kursun toqquşmasında Makronun təmkinli mövqe nümayiş etdirərək Qarabağ münaqişəsinin həlli yolunda daha çox loyallıq göstərəcəyi və Minsk qrupunda Rusiyaya güzəştə gedərək onun baş arbitr rolunu oynamasına mane olmayacağı gözlənidlir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz