Əlaqə Arxiv
news Image
2012.04.25
15:16
| A A A
Vəhhabiləri kimlər qızışdırır?
Arif Yunus: «Vəhhabiliyi yaradıb ondan müsəlmanlara qarşı istifadə etmək istəyənlər sonradan onların qəzəbinə tuş gəlirlər» Elxan Mehdiyev: «İran radikal şiələrin, Rusiya isə vəhhabilərin vasitəsilə ölkəmizi zəiflətmək, dini konfliktlər ocağına çevirmək istəyir»

Son vaxtlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ölkədə vəhhabi olduğu söylənilən silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində aparılan uğurlu əməliyyatlar həmin dəstələrin arxasında duran qüvvələri narahat etməyə başlayıb. Artıq xarici ölkələrdəki vəhhabilər Azərbaycan dövlətinin əleyhinə təhdidlər yağdırmağa başlayıblar.

Maraqlıdır ki, bu kimi təhdidlərə daha çox mətbuatda geniş yer ayrılır. Məsələn Rusiyanın "Novıe isvestiya" qəzeti Azərbaycandakı vəhhabilərin fəaliyyətinə geniş yer ayırıb və onların sayı barədə maraqlı rəqəmlər səsləndirib. Qəzetin yazdıqlarına görə, Azərbaycanda 15 minə qədər vəhhabi var.

Bu mübahisəli məqam haqda danışmazdan əvvəl qeyd edək ki, Azərbaycan dini tolerantlıq baxımından digər dövlətlərə nümunə olmalıdır. Tarixən ən müxtəlif dinlərin, təriqətlərin mehribanlıqla yaşadığı ölkəmizdə bu gün bu sağlam auranı pozmaq istəyənlər var. Təəssüflər ki, ayrı-ayrı xarici qüvvələrin şirnikləndirici vədlərinə aldanaraq siyasi oyunların qurbanına çevrilən təriqətçilər özləri də bilmədən həyatlarını təhlükə altına atırlar.

Din məsələləri üzrə ekspert Arif Yunusun sözlərinə görə, hazırda bütün dünyada sələfilər kimi tanınan vəhhabilərin İslamla bir o qədər də bağlılıqları yoxdur: "Hər kəs yaxşı bilir ki, sələfilər bu gün beynəlxalq güclərin siyasi məqsədləri üçün - İslamı gözdən salmaq, müsəlmanlar arasında qırğın törətmək üçün istifadə olunur. Vəhhabiliyi yaradıb ondan müsəlmanlara qarşı istifadə etmək istəyənlər sonradan onların qəzəbinə tuş gəlirlər. Rusiya vəhhabiliyi yaratdı ki, bəlkə İslamın digər təriqətlərinə qarşı qiyam hazırlasın. Amma vəhhabilik Rusiyanın özü üçün təhlükəyə çevrildi. Azərbaycanda zərərsizləşdirilən vəhhabilərin əksəriyyəti Rusiyadan gəldikləri üçün müəyyən şübhələr yaranır".

Ekspert hesab edir ki, vəhhabiliyə qarşı qanundan kənar addımlar atmaq düzgün deyil: "Vəhhabilik bütün dünya ölkələrində yayılıb. Qanun onların fəaliyyətini qadağan etmir. Bizdə də qadağan olunmur. Ona görə də onlara şərait yaratmaq lazımdır ki, fəaliyyət göstərsinlər. Hesab edirəm ki, onların məscidləri açılsa daha yaxşı olar. Bu, onlara dövlət nəzarətini də asanlaşdırar. Vəhhabilərin pərakəndə halda fəaliyyət göstərməsi nəzarəti də çətinləşdirir".

A.Yunus hesab edir ki, radikal dini təriqətlər güclü dövlətlərə təsir etmək iqtidarında olmur: "güclü, qanunla idarə olunan dövlətlərə radikal dini təriqətlər heç nə edə bilmir. Hətta onların arxasında güclü siyasi qüvvələr olsa belə, istəkləri baş tutmur. Bu mənada onların Azərbaycana ciddi təsir etmək imkanları uzaq başı terrordan o tərəfə getməyəcək".

Konfliktoloq Elxan Mehdiyev isə hesab edir ki, vəhhabilərin fəaliyyətinə hansısa xarici ölkələrin dəstəkləri var: "Bu mümkündür. Rusiya kimi dövlətlər istəyərlər ki, qonşuları zəif olsun və ondan asılı qalsınlar. Amma hər bir dövlət öz işini elə qurmalıdılar ki, hansısa təhlükəli dini cərəyan burada kök sala, formalaşa bilməsin".

Ekspertə görə, Qəbələ RLS və Xəzərin statusu ilə bağlı razılığın əldə oluna bilməməsi Rusiya-Azərbaycan münasibətlərini aysberq vəziyyətində saxlayır: "İki ölkə arasındakı gərgin münasibətin görünməyən hissəsi suyun altındadır. Kreml bunu yaxşı başa düşür. Ona görə də müxtəlif yollarla Azərbaycana təzyiqlər edir. İran radikal şiələrin, Rusiya isə vəhhabilərin vasitəsilə ölkəmizi zəiflətmək, dini konfliktlər ocağına çevirmək istəyir. Bunun həllinin bir yolu var. Siyasi institutların fəaliyyətini gücləndirmək. Son günlər müxalifətin mitinq keçirmələrinə şərait yaradılması təqdir olunmalıdır. Gələcəkdə bu imkanlar daha da genişləndirilməlidir ki, təhlükəli cərəyanlara bu ölkədə ehtiyac olmasın".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz