Əlaqə Arxiv
news Image
2017.06.01
09:30
| A A A
Cəbhədə artan itkilər Ermənistanda yeni hakimiyyət dəyişiklyinə rəvac verir
Elşən Manafov: “Ölkədə narazılıq Sarkisyan hakimiyyətinin xeyrinə olmayaraq dərinləşməkdədir”

Son günlərdə həm döyüş, həm də qeyri-döyüş şəratində Ermənistanın itirdiyi hərbçilərin sayı yenidən artmağa başlayıb. Buna görə Ermənistanda hakimiyyətdən, xüsusən də Müdafiə Nazirlyindən yeni narazılıq dalğası baş qaldırıb. Erməni rəhbərlyi Qarabağ siyasətini dəyişməsə, itkilərin sayının daha da artmasını gözləmək olarmı? Bu fonda Ermənistanda baş qaldıran narazılıq nələrə səbəb ola bilər?

Politoloq Elşən Manafov qeyd etdi ki, Ermənistanda Serj Sarkisyan rejimindən narazılıq günü-gündən daha da dərinləşməkdədir: “Ermənistandakı seçkilərin nəticələrini nəzərə alsaq, İrəvan rejimi xalqın azad seçimi və iradəsi zəminində formalaşmış hakimiyyət deyil. Baxmayaraq ki, bu hakimiyyətin legitimliyi dünya və bölgə dövlətləri tərəfindən tanınıb, amma bütövlükdə son parlament seçkilərində baş verən kütləvi saxtakarlıqlar göstərir ki, Ermənistan hakimiyyətini ictimai rəy və əhalinin sərgilədiyi mövqe əsla narahat etmir. Yəni, Sarkisyan hakimiyyətinin iqtidarda qalması bölgədə marağı olan məlum dövlət və məlum dairələr tərəfindən razılaşdırılıb. 

Bununla belə son zamanlar təmas xəttində və qeyri-döyüş şəraitində erməni hərbçiləri arasında artmağa başlayan itkilər ölkədə ictimai narazılıq doğurur. Burada bir maraqlı məqam var. Sarkisyan bu günlərdə verdiyi açıqlamada heç bir arqumentə söykənmədən, faktları saxtalaşdırmaqla bəyan etdi ki, mövcud vəziyyətin danışıqlar yolu ilə həll variantı Azərbaycan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən mümkün deyil. Onun sərgilədiyi bu mövqe bir daha göstərir ki, erməni tərəfi problemin həlli istiqamətində konstruktiv mövqe sərgiləmək fikrində deyil. Ermənistanın mövcud problemi hərbi yolla həll etmək imkanı birmənalı olaraq sıfır səviyyəsindədir. Sadəcə olaraq, Minsk qrupu və orada cəmləşən həmsədrlərin məsələyə münasibətdə ikili mövqeyi, xristian təəssübkeşliyindən çıxış etmələri, bölgədə konfliktin status-kvo vəziyyətində saxlanılmasında maraqlı olan tərəflər əslində, İrəvanda oturan hakimiyyətin mövcud siyasət yürütməsinə rəvac verən əsas səbəbkarlardan biridirlər.  Bu mənada düşünürəm ki, bütövlükdə ölkədəki mövcud vəziyyət, sosial gərginlik Ermənistandan aydan-aya miqrant axınının güclənməsi Sarkisyan rejiminin xeyrinə deyil. Lakin buna baxmayaraq, həmin hakimiyyət müvafiq dövlətlərin rəyi və dəstəyilə iqtidarda qaldığı və mahiyyət etibarı ilə hərbi polis rejimi daşıdığından, eyni zamanda indilikdə hakimiyyəti kənarlaşdıra biləcək müxalifətin olmaması ampulasında rejimin ciddi narahatlığı olmamalıdır. Son parlament seçkiləri də göstərdi ki, Ermənistandakı hakimiyyət əslində oliqarxik mahiyyət kəsb edir. Parlamentdə təmsil olunan bütün qüvvələr erməni xalqının iradəsilə deyil, oliqarxları və ölkə iqtisadiyyatını nəzarət altında saxlayan məlum dairələrin sövdələşməsi nəticəsində formalaşıb. Lakin o da var ki, Ermənistan hakimiyyətində monolitlik də yoxdur. Bütövlükdə ölkədə narazılıq Sarkisyan hakimiyyətinin xeyrinə olmayaraq dərinləşməkdədir. Bu fonda ölkədə sosial böhranın dərinləşdiyi göz qabağındadır. Amma hazırkı situasiyada Ermənistan ordusu Sarkisyan iqtidarına sadiqdir. Erməni xalqının sabahını düşünən hərbçilər yox dərəcəsindədir. Nə ölkə daxilində, nə də kənarda belə qüvvələrin faktiki olaraq yoxluğu, Sarkisyan rejimini xalqın rəyilə hesablaşmadan mövcud siyasəti həyata keçirməyə sövq edir”.

Rüfət NADİROĞLU     

Sizin Reklam Yeriniz