Əlaqə Arxiv
news Image
2017.06.01
09:15
| A A A
NATO-dan Ermənistana Qarabağ xəbərdarlığı
Aydın Mirzəzadə: “Ermənistan bir daha beynəlxalq hüquqa əməl etməli olmasına dair bağlı xəbərdarlıq aldı” Elxan Şahinoğlu: “NATO Parlament Assambleyası son illər bütün toplantılarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib”

“Dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bizim üçün ən vacib şərtlərdən biridir”. Bunu NATO Parlament Assambleyasının prezidenti Paolo Alli assambleyanın Tbilisidə keçirilən yaz sessiyasında deyib. O vurğulayıb ki, ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir. Siyasilərin fikrincə, NATO-nun bu mövqeyi Ermənistana da ünvanlanan növbəti xəbərdarlıq mesajı daşıyır.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, növbəti dəfə beynəlxalq təşkilatın nümayəndəsinin ərazi toxunulmazlığı məsələsinə toxunulması vacib faktordur: “İkinci Dünya Müharibəsindən sonra dünyada stabilliyin qorunması məhz bu prinsipin önə çəkilməsi ilə mümkün olub. 1975-ci ilin avqustun 1-də Finlandiyanın paytaxtında ATƏT-in Təhlükəsizlik və Əməkdaşlıq müşavirəsində ərazilərin bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsi sülhün və əmin-amanlığın əsas prinsipi olduğunu göstərdi. Bu prinsipin bir daha vurğulanması beynəlxalq birliyin sülhü qoruyub saxlamasında maraqlı olduğunu göstərir. 
Bu gün dünyada göstərilən prinsiplərə etinadsızlıq edən, onu qəbul etməyən yeganə dövlət Ermənistandır. Azərbaycan torpaqlarını bir hissəsini işğal edərək orada oyuncaq rejim elan etməsi və Azərbaycana qarşı hərbi provakasiyalarını davam etdirməsi onun sivil qaydalarla qurulan dövlət olmadığını göstərir. Məhz bu mövqeyinə görə, Ermənistan hansısa inkişafdan danışa bilməz. Əhalisinin durmadan köçüb getməsi son dövrlər Ermənistan rəhbərliyini narahat edib. Serj Sarkisyan yaxın 20-30 il ərzində əhalinin 2 dəfə artırılmasının vacibliyini vurğulayıb. Ancaq bu, şüarlarla yox, konkret əməllərlə həyata keçirilməlidir. Bu isə Ermənistanda yoxdur. Ermənistan bir daha beynəlxalq hüquqa əməl etməli olmasına dair bağlı xəbərdarlıq aldı. Azərbaycan tərəfindən də həmişə bu fikri eşidir. Ermənistanın bu prinsiplərə əməl etməkdən başqa çıxış yolu yoxdur. Əks halda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün bütün digər variantlardan istifadə etməli olacaq”.
“Atlas” Araşdırmaları Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, NATO Parlament Assambleyası son illər bütün toplantılarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib: “NATO-nun bu siyasəti illərdir, davam edir. Bu da Ermənistanı narahat etməyə bilməz. Düzdür, NATO Azərbaycanı özünə tərəfdaş kimi görür. Ancaq bu, o demək deyil ki, NATO və ya Avropa Parlamentinin qəbul etdiyi qətnamələr, rəsmilərin verdiyi açıqlamalar münaqişənin həllinə təsir edir. Ona qalsa, BMT-nin daha güclü 4 qətnaməsi var. Ermənistan isə onu qulaq ardına vurur, heç bir böyük dövlət ona təsir etmir. 
İki həmsədr dövlət NATO-nun da üzvüdür. NATO-nun verdiyi qərarlar əslində, onların da mövqeyini əks etdirir. Amma çox təəssüf ki, bu iki dövlət münaqişənin həllinə təsiredəcək alətləri işə salmırlar”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz