Əlaqə Arxiv
news Image
2017.06.02
09:40
| A A A
Radikal müxalifət yenə xəyanət yolunu seçdi
Mais Səfərli: “Bu olay radikal müxalifətin xaricilərin göstərişilə hərəkət etməkdə davam edərək dövlətimizə xəyanət etdiklərinin təsdiqidir” Kamil Seyidov: “Ölkəmizin müstəqil siyasət yürütməsi və inkişafı xaricdəki bizi istəməyən qüvvələri narahat etməkdə davam edir”

Mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra Əfqan Muxtarlı saxlanılıb.  Balakən rayonu ərazisində saxlanılarkən Ə.Muxtarlı sərhədçilərə müqavimət göstərib. Rəsmi məlumatlara əsasən, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Bundan əvvəl də Gözəl Bayramlının üzərindən xeyli pul çıxıb və bu pullar Gürcüstandan radikal müxalifətə göndərilir. Xaricdən radikal müxalifətə pulların göndərilməsi nə ilə bağlıdır və bu onu göstərmirmi ki, radikallar yenə xaricin göstərişi ilə hərəkət edirlər?
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, xaricdən radikal müxalifətə maliyyə dəstəyinin verilməsi həmin qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmaq niyyətlərinin nəticəsidir. Həmsöhbətimizə görə, bu olay həm də radikal müxalifətin xaricilərin göstərişilə hərəkət etməkdə davam edərək dövlətimizə xəyanət etdiklərinin təsdiqidir: “Təəssüf edirəm ki, özünü azərbaycanlı adlandıran bəzi şəxslər belə qanunsuz hərəkətlərə yol verirlər. Düşünürəm ki, sərhəddən qanunsuz olaraq pul keçirməklə əlaqədar yaşanan hadisələrlə bağlı olaraq Azərbaycan hüquq-mühafizə orqanları çox obyektiv, düzgün bir tədqiqat aparacaqlar. Buna heç kəsin şübhəsi də olmasın. 
Kimsə sərhəddən keçərkən üzərindəki hər hansı bir qiymətli əşyanı, yaxud pulu gömrükdə deklorasiya etmir, onu bildirmirsə, deməli, həmin vəsaitlər normal məqsədlərə xərclənmək üçün gətirilməyib, halal pullar deyil, onun mənbəyi, mənşəyi bəlli deyil. Ona görə də qanunsuz olaraq sərhəddən pul keçirməklə bağlı yaşanan hadisə ciddi şəkildə araşdırılmalıdır. Belə pullar radikal müxalifətin nümayəndəsində aşkar edilibsə, deməli, cəmiyyətdə onlar haqqında yaranan şübhələr öz təsdiqini tapır. Uzun illərdir, cəmiyyətdə belə bir fikir formaşalıb ki, radikal müxalifət xaricdən maliyyələşir, onlara maliyyə dəstəyi məhz ölkə xaricindən gəlir. Ona görə də baş verən olaya ciddi aydınlıq gətirilməlidir. 
Bildiyiniz kimi, siyasi təşkilatlar heç bir halda xarici ölkənin istər fiziki, istərsə də hüquqi şəxsləri tərəfindən maliyyələşdirilə bilməz. Çünki siyasi təşkilatlar öz ölkələrində hakimiyyət uğrunda mübarizə aparırlar. Bu fonda hər hansı bir xarici qüvvə və ya əcnəbi ölkədən asılı siyasi təşkilat seçkilərdə qalib gəlməklə hakimiyyətə gələrsə, onda Azərbaycanın taleyi həmin qüvvələrdən asılı vəziyyətə düşəcək. Bu fonda da Azərbaycan öz müstəqilliyini itirə bilər. Odur ki, Azərbaycan dövləti və hüquq-mühafizə orqanları doğru olaraq bu məsələdə ayıq-sayıqlıq nümayiş etdirirlər. Məsələ ciddi şəkildə araşdırılmalı və olayda əli olanlar müvafiq cəzalarına çatmalıdırlar. İstintaq zamanı bəlli olacaq ki, sərhəddən qanunsuz olaraq keçirilən həmin pullar hardandır. Belə hallara qarşı qanunun sərt üzü tətbiq olunmalıdır. Radikal müxalifətin hazırda Azərbaycan cəmiyyətində heç bir dəstəyi yoxdur. Normal fəaliyyət göstərmək üçün normal partiya quruculuğunun aparılması vacibdir. İkincisi, cəmiyyətə normal inkişaf mesajları vermək, proqram və platformalar təqdim etmək gərəkdir. Partiyalar öz proqtam və platformalarının daha üstün, ağlabatan olduğunu sübut etməlidir. Bunun üçün də ciddi və normal fəaliyyət göstərmək, intellektual səviyyə lazımdır. Amma görürük ki, radikal müxalifət dövlətimizin mənafeyinə zidd olan bir yolu seçib. Ona görə də seçkiləri daima uduzmaqda davam edirlər. Çünki xalqımız xarici dairələrin əlində alət olanlara heç zaman səs verməyib və verməyəcək. Nəticədə radikal qüvvələr xarici dairələrin toruna daha tez düşür və sonda da onlardan asılı olurlar”.
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, xaricilər radikal müxalifətə pul ötürməklə yenə də Azərbaycandakı stabil vəziyyəti pozmaq məqsədi güdürlər: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti müstəqil siyasət yürüdür. Dövlətimiz bəzi qonşu ölkələrdən fərqli olaraq heç zaman xarici diktə ilə hərəkət etməyib. Bütün məsələlərdə Azərbaycan özünün müstəqil sözünü deyib. 
Həmçinin Azərbaycan sürətlə inkişaf etməkdə davam edir. Amma görünür, ölkəmizin  müstəqil siyasət yürütməsi və inkişafı xaricdəki bizi istəməyən qüvvələri narahat etməkdə davam edir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycan onlardan asılı olsun, ancaq və ancaq onların iradəsinə uyğun hərəkət etsinlər. Bu çirkin niyyətlərinə çatmaq üçün də hər vasitəyə əl atırlar. Təəssüf ki, ölkə daxilində də dövlətimizi istəməyən xarici dairələrin toruna düşənlər vardır. Radikal müxalifət dövləti maraqları deyil, şəxsi maraqları üstün tutaraq, əcnəbilərin buradakı istəklərinin icrasına çevrilirlər. Düşmənlərimiz həmişə çalışıb ki, Azərbaycanda stabillik və inkişaf olmasın. Bu mənada onların radikal müxalifətə göndərdikləri pul məsələsi də məhz ölkədə daxili vəziyyəti gərginləşdirməyə, stabilliyi pozmağa hesablanmış addımlardır. Hər halda radikal müxalifət təmsilçilərinin sərhəddən pul keçirməklə bağlı məsələ müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır və inanıram ki, araşdırılaraq olaya hüquqi qiymət veriləcək. Dəfələrlə bildirilib ki, radikal müxalifət xarici dairələrin əlində bir oyuncağa çevrilib. Son olay da bir daha bunu təsdiqlədi. Bununla radikallar bir daha göstərirlər ki, onlarda Vətənə sədaqət, dövlətçiliyə xidmət kimi ulu dəyərlər yox səviyyəsindədir. Onu da qeyd edim ki, belə qüvvələrə xalqımız heç bir zaman dəstək verməyib və bundan sonra da verməyəcək”. 
R. SULTANOV

Sizin Reklam Yeriniz