Əlaqə Arxiv
news Image
2017.06.03
12:09
| A A A
Azərbaycanın Qərb dünyası əhəmiyyəti gedərək artır
Regionda liderlik mövqeyi qazanmaqla sülhün və sabitliyin təminində əsas qüvvə olan Azərbaycan bu istiqamətdə də diqqəti cəlb edir

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts bu günlərdə qeyd edib ki, Azərbaycan Böyük Britaniya üçün prioritet ölkədir. “İştirak etdiyim “Xəzər neft-qaz sərgisi” iki ölkə arasında olan möhkəm münasibətlərin nümunəsidir” deyən xanım Krofts əlavə edib ki, bu, mədəniyyətdən kibertəhlükəsizliyə, təhsildən səhiyyəyə qədər bütün sahələrdə belədir.

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisində keçən ildəkindən daha çox – 300-dən artıq şirkət öz stendi ilə təmsil olunub. Builki sərgiyə 37 yeni şirkət qatılıb. Artıq bu sərgi öz mövzusu və əhatə dairəsinə görə dünyanın ən sanballı sərgiləri sırasında yer alır. 
Britiş Petroleum şirkəti uzun illərdir ki, Azərbaycanda neft-qaz sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Ötən dövrdə Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr – “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənubi Qafqaz Boru Kəməri” layihələri Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevirməklə bu sahənin inkişafına töhfə verib. Bu günə qədər BP-Azərbaycan tərəfindən 3 milyard barrel neft və kondensat, həmçinin 80 milyard kubmetr qaz hasil edilib. Bütün bu uğurlar şirkətin Azərbaycanda qurduğu mükəmməl əməkdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyü uzunmüddətli öhdəlikdən irəli gəlir. 
Əslində, Böyük Britaniya və bütövlükdə Qərb dünyası ilə Azərbaycan arasında əlaqələrin zəngin tarixi var və indiki əməkdaşlığın əsasında həmin əlaqələr dayanır. Azərbaycan tərəfinin təşəbbüskarlığı və etibarlı tərəfdaşlığı yaranmış iqtisadi-siyasi münasibətlərin dərinləşməsinə və ölkələrin iqtisadi rifahının daha da gözəlləşməsinə xidmət edir. Bu baxımda dünya ölkələrinin Azərbaycanla əməkdaşlığa marağı getdikcə artır. 
Son həftələrdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktublarda ifadə edilmiş işgüzar fikirlər buna daha bir sübutdur. Çünki, ölkəmizin rəhbərliyi “dosta dost” formulu üzrə balanslı siyasət yürüdərək regionda və dünyada sülhü, tərəqqini təbliğ edir. Bu da işgüzar əməkdaşlığın başlıca şərtlərindəndir. Prezident İlham Əliyevin fəaliyyətində əsas uğurlardan biri də təbii resurslardan paritet əsaslarla bütün ölkələrin istifadə edilməsinə yönəlmiş istiqamətdir. Qarşılıqlı əlverişli çərtlərlə həyata keçirilən bu siyasət Qərb dövlətlərinin diqqətini cəlb edir və onlar buna əməli işlə cavab verməyə çalışırlar. Xüsusilə, Avropa enerji daşıyıcıları ilə təminatında alternativ mənbələrin meydana çıxmasında Azərbaycanın göstərdiyi səylər yüksək qiymətləndirilir. Bütün maneələrə baxmayaraq, TAP-TANAP layihələrinin həyata vəsiqə qazanmasında göstərdiyi cəsarətli addımlara görə, Qərb Azərbaycana minnətdardır. Bu, çox zəngin və məsafə yaxınlığı səbəbindən daha ucuz başa gələn mənbədir. Üstəlik, Orta Asiyanın zəngin resurslarına doğru aparan bir vasitədir. Azərbaycan hökumətinin tranzit nəqliyyatı sahəsində apardığı ağıllı və faydalı siyasət Türkmənistandan və Qazaxıstandan, habelə İran, İsrail və gələcəkdə Əfqanıstandan enerji daşıyıcılarının Avropaya sərfəli qiymətlə transportasiyasına imkan yaradacaq. 
Üstəlik, regionda liderlik mövqeyi qazanmaqla sülhün və sabitliyin təminində əsas qüvvə olan Azərbaycan bu istiqamətdə də diqqəti cəlb edir. Məsələ burasındadır ki, münasibətdən və ya hamilikdən asılı olmayaraq real güc büynəlxalq məsələlərin həllində əsas meyardır. Azərbaycan bu meyara çoxdan yiyələnib və dünya dövlətləri bunu götdüklərindən Cənubi Qafqazda Azərbaycanın mövqeyini qiymətləndiri və ona arxalanırlar. Bütün bu səbəbləri nəzərə alaraq qəti söyləmək olar ki, bu gün Azərbaycan Qərb dünyası üçün önəmli ölkədir və bu keyfiyyəti getdikcə daha da artır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz