İyunun 4-də Heydər Əliyev Mərkəzində "SABAH-ın məzunu" mərasimi keçirilib.
Movqe.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə Leyla Əliyeva "Mən SABAHAM" adlı sərgi ilə tanış olub. Sərgidə gənclər Leyla Əliyeva ilə öz innovativ ideyalarını bölüşüblər.
SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.
SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində "SABAH-ın Könüllüsü" layihəsi həyata keçirilib.
SABAH qruplarının professor-müəllim heyəti, ümumilikdə, 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.
"SABAH-ın məzunu" mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olundu.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunu oxudu. Məktubda deyilir ki, SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.