Əlaqə Arxiv
news Image
2017.06.06
08:00
| A A A
Bakı-Ankara-Tiflis oxu üzrə hərbi əməkdaşlıq genişlənir
Üzeyir Cəfərov: “Təlimlərin üç ölkə arasında əməkdaşlığın gələcəyinə hesablanmş perspektivi var” Tərlan Eyvazov: “Türkiyə yaxın NATO ölkəsi kimi əməkdaşlıqda maraqlı dövlətlərə dəstək verir”

Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayıb. Gürcüstanda keçirilən “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edir. Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

Qeyd edək ki, hərbi təlimlər iyunun 14-dək davam edəcək. Bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib. Təlimlərin davamlı olacağı istisna edilmir. Bu fonda fikirlər səslənir ki, sözügedən təlimlər həm də üç ölkə arasında yeni hərbi ittifaqın əsaslarını yaradır. Ehtiyactda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Türkiyə-Gürcüstan-Azərbaycan münasibətləri inkişaf mərhələsindədir: “Bu, özünü bütün sahələrdə olduğu kimi hərbi sahədə də göstərir. İndiki təlimlər həm regionda baş verəbiləcək təhlükələrin qarşısını almağa, həm də iqtisadi maraqları təmin etməyə hesablanıb.  Eyni zamanda həm dövlətlərin döyüş hazırlığının artırılması məqsədi güdür, həm də regional təhlükələrin qarşını almaq üçündür. Hansısa bir təhlükə yaranarsa, ölkələr bir-birinə əsgəri dəstək olmasa da, maddi dəstək vermələri mümkündür. Yəni, təlimlərin üç ölkə arasında əməkdaşlığın gələcəyinə hesablanmş perspektivi var. Bu təlimlər kiməsə qarşı yönəlməyib. Region dövlətlərinin sırf öz maraqlarını təmin etmək üçün keçirdikləri  təlimlərdir”. 
Üzeyir Cəfərovun fikrincə, Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi ittifaqın yaranması istisna edilmir: “Ancaq sözügedən ittifaq tezliklə gözlənilmir. Nəzərə alaq ki, Türkiyə NATO üzvüdür, Gürcüstan isə NATO-ya yaxınlaşmaqda olan dövlətdir. Azərbaycanın da gələcəkdə bu isitqamətdə qərar verəcəyi gözlənilir”.  
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov bildirdi ki, Türkiyə mühüm NATO və region dövləti olaraq öz üzərinə düşən vəzifəni icra edir: “Azərbaycan və Gürcüstan NATO ilə əməkdaşlıqda maraqlıdırlar.  NATO dövləti olaraq Türkiyə də onlara dəstək verir. 
İndi də ölkələr arasında siyasi, iqtisadi əlaqələr mövcuddur. Bunun fövqündə hərbi əlaqələr də var. Nəzərə alaq ki, bu cür təlimlər dəfələrlə keçirilib. NATO-nun təlimlərində Gürcüstan, Azərbaycan iştirak edib. Hətta bəzən Ermənistan da ora qoşlub. Sadəcə, əlaqələrə görə Türkiyənin bilavasitə Ermənistan silahlı qüvvələrinə təsiri yoxdur. Lakin Gürcüstan və Azərbaycan silahlı qüvvələri daim Türkiyə silahlı qüvvələri ilə birlikdədir. 
Digər tərəfdən, Azərbaycan və Gürcüstanın Türkiyə və digər NATO ölkələri ilə əlaqələri var. Nəzərə alaq ki, ABŞ, Avropa uzaqdadır. O baxımdan Türkiyə yaxın NATO ölkəsi kimi əməkdaşlıqda maraqlı dövlətlərə dəstək verir. Burada qeyri-adi nəsə yoxdur, sadəcə üçtərəfli əməkdaşlıqdır. Hansı ki, bu əməkdaşlıq Gürcüstan və Azərbaycanın müstəqilliklərinin ilk günlərindən başlayır və artan xətt üzrə gedir. Bu təlimlər heç bir üçüncü ölkəyə qarşı da təhlükə yaratmır”. Ekspertin fikrincə, hələlik üç dövlət arasında ittifaqa ehtiyac yoxdur: “Nəzərə alaq ki, NATO özü bir hərbi alyansıdır. Hərbi ittifaq subyektiv fikir ola bilər. Gürcüstan NATO istiqamətini seçdiyinə görə, Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında da strateji, hərbi müqavilələr var. Ona görə də bu əməkdaşlığı təbii qəbul etmək lazımdır”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz