Əlaqə Arxiv
news Image
2017.06.06
09:00
| A A A
Qarabağ separtçılarına qarşı antiterror əməliyyatları
Elşən Manafov: “Azərbaycan dövlətinin Qarabağdakı separatçı rejimə qarşı antiterror kampaniyası aparmaq hüququ var”

Böyük Britaniyanın paytaxtı Londonda baş verən teror aktı bu bəlanın Avropaya sürətlə yayılmaqda olduğunu göstərir. Qeyd edək ki, Londondakı hadisədən bir müddət əvvəl Mançestr şəhərində də anoloji teror hadisəsi baş vermişdi. Hər iki hadisədə, ümumiyyətlə Avropanın Paris, Brüssel kimi şəhərlərində də baş verən terror olaylarında İŞİD-in əlinin olduğu bildirilib. 

Belədə terror sakit və sabit məkan hesab olunan Avropanı da ağuşuna alıb. Bu cür vəziyyət öz növbəsində terrora qarşı Qərbin qəti hərəkətə keçməsini zəruri edir. Amma politoloq Elşən Manafov düşünmür ki, London olayları belə Qərbi terrora qarşı qəti hərəkətə keçməyə sövq edəcək: “2001-ci ildə ABŞ-da baş verən terror aktları göstərdi ki, dünyanın ən fövqəldövləti belə terror aksiyalarından sığorta olunmayıb. Qərb dövlətləri və onların xüsusi xidmət orqanları arasında koordinasiya edilmiş siyasət həyata keçirilmədən bu və ya digər dövlətlər terror hadisələrindən sığortalana bilməz. İkinci bir tərəfdən, bu gün dünyada terrorun tuğyan etməsində də elə ABŞ başda olmaqla Qərb dövlətləri günahkardır. 
Vaşinqton dünya nizamının öz istəyin uyğun şəkildə qurulmasına nail olmaq üçün “Əl-Qaidəyə” maliyyə dəstəyi verdi. İndi İŞİD də ABŞ xüsusi xidmət orqanlarının törəməsi kimi qəbul olunur. Bu mənada Vaşinqtonun İŞİD-ə qarşı apardığı mübarizə daha çox dekorativ xarakter kəsb edir. Qərbin xüsusi xidmət orqanları terror təşkilatları ilə bu səpkidə münasibətləri bir kənara qoyub gerçəkdən onların məhv edilməsi istiqamətində ortalığa konkret, ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət qoymalıdırlar. Terroru doğuna amillər həmçinin ayrı-ayrı dövlətlərin maraqlarından qaynaqlanmır. Yoxsul ölkələrdə yaşayan əhalinin ağır maddi durumu, insanların elmə bağlılığının aşağı olması da terror hadisələrin baş verməsinə rəvac verən amillər sırasında yer alır.Böyük Britaniyada baş verən terror olayının arxasında da istisna deyil ki, Qərbin xüsusi xidmət orqanları dayanır. Vaşinqton Avropa İttifaqından çıxan Londonun daha müstəqil siyasət yürütməsinin qarşısını almaq üçün də bu cür addımlar ata bilər. Qərb bu fonda Rusiya və Çinlə birlikdə terrora qarşı mübarizədə qəti addımlar atarsa, onların bu bəlaya qarşı sərt mübarizəyə başladığını düşünə bilərik. Amma görürük ki, ABŞ İranı terror aksiyalarına dəstək olmaqda ittiham edir. Belədə düşünmürəm ki, Qərb terrora qarşı mübarizədə London olaylarından sonra belə qəti hərəkətə keçəcək. Əksinə, güman edirəm ki, Qərbin bu istiqamətdə mübarizə adı ilə fəaliyyətə keçməsi  ərəb dövlətlərinin yenidən hədəfə alınmasına səbəb olacaq. 
Bir neçə gün bundan əvvəl İŞİD Filippində iri həcmli terror aksiyası həyata keçirdi. Hansı ki, həmin ərəfədə Filippin prezidenti ABŞ rəhbərliyini ittiham edən açıqlamalarla çıxış edirdi. Bu mənada görünür, məhz Filippini cəzalandırmaq üçün  İŞİD-dən istifadə olunub. PKK məsələsində də görürük ki, ABŞ-la Rusiyanın maraqları üst-üstə düşür, hər ikisi həmin terror qrupuna dəstək verir. Bu mənada ABŞ-ın bürqütblü dünyanı daha da gücləndirmək və Rusiyanın ona qarşı çıxması siyasəti terror aktlarının daha da güclənməsinə səbəb olur”.
Mövcud vəziyyətdə erməni terroruna qarşı addımların atıla bilməsinə gəldikdə, həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan dövlətinin Qarabağdakı separatçı rejimə qarşı məhz antiterror kampaniyası aparmaq hüququ var: “Ermənistana müharibə elan etmək fikrində də deyilik. Hərçənd Ermənistan rəsmiləri açıq-aşkar Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verir. Onlar Azərbaycan hakimiyyətinin razılığı olmadan dəfələrlə qanunsuz şəkildə Dağlıq Qarabağa səfərlər edib. Ermənilər Xocalı faciəsinə görə məsuliyyət daşıdıqlarını da dolayısı ilə etiraf edirlər. Amma problem ondadır ki, Ermənistanın dövlət terrorizminə qarşı Azərbaycanın beynəlxalq qanunvericilik çərçivəsində antiterror aksiyaları həyata keçirməsini nədənsə Qərb və Rusiya qəbul etmək istəmir.  Onların geosiyasi maraq və mənafeləri buna imkan vermir. Qərb dövlətləri və Rusiya terrora qarşı mübarizədə güc amilindən dəfələrlə istifadə ediblər. Lakin Azərbaycanın erməni terroruna qarşı mübarizədə beynəlxalq hüquq normalarına uyğun olaraq addımlar atmasını tanımaq və qəbul etmək istəmirlər. Bütün bunlar onu göstərir ki, Qərbin və Rusiyanın əlində beynəlxalq hüquq normaları əslində, güc nümayişi və ancaq öz maraqlarının təmin edilməsi amilinə çevrilib”. 
 

Rüfət  NADİROĞLU

Sizin Reklam Yeriniz