Əlaqə Arxiv
news Image
2017.06.07
09:01
| A A A
Azərbaycan-ABŞ münasibətlərinin yeni səhifəsi
Mövcud əməkdaşlığın genişləndirilməsi hər iki tərəfə çoxsaylı faydalar gətirmək iqtidarındadır

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov  bildirib ki, Azərbaycan-ABŞ münasibətlərində yeni  səhifənin açılması üçün geniş imkan var. Dünyanın ən güclü dövlətlərindən birinin prezidenti bir müddət əvvəl Respublika Günü münasibətilə həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda və ölkəmizdə keçirilən XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə bağlı dövlətimizin başçısına təbrik məktubunda ikitərəfli əməkdaşlığın perspektiv inkişafı barədə arzu və təkliflərini bəyan etmişdi. N.Məmmədov bu faktı əsas götürərək Azərbaycan və ABŞ arasında açılması məntiqi olan yeni əməkdaşlıq səhifələri barədə fikrini paylaşıb.

May ayının 21-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitində  ABŞ Prezidenti söylədiyi nitqində ABŞ-ın dünya ölkələri ilə bundan sonrakı əməkdaşlıq prinsiplərini gündəmə gətirib. D.Trampın irəli sürdüyü prinsiplər Birləşmiş Ştatların tərəfdaşlıq etdiyi ölkələrlə diktə etmək üslubunu paritet əsaslarda işləməyə çevirmək başlıca xətt kimi ehtiva edir. Müstəqilliyini göz bəbəyi kimi qoruyan Azərbaycan bu prinsipləri bəyənir və qiymətləndirir. Çünmki, ərazisindən, əhali sayından, iqtisadi qüdrətindən asılı olmayaraq iki müstəqil dövlətin əlaqələrində yalnız bərabər hüququluluq əsasında uğur qazanmaq mümkündür.
ABŞ dövlət başçısının Azərbaycan Prezidentinə təbrikində sözügedən prinsiplər qorunur ki, bu da real dostluğun açarı sayıla bilər. Təbrikdə deyilir: “Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzun müddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. ABŞ, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir. 
Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.
Göründüyü kimi D.Tramp bu vaxtadək İraqda və Əfqanıstanda Azərbaycan sülh korpusunun dinclik və əmin-amanlığın qorunmasında iştirakına işarə edərək uğurlu əməkdaşlığı qeyd edir. Lakin bu əməkdaşlığın bir istiqaməti də elə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən erməni terrorizminin aradan aldırılmasına işarədir. Çünki, Amerika prezidentinin Dağlıq Qarbağda sülh əldə olunmasını qətiyyətlə dəstəklədiyini bildirməsi sübut edir ki, okeanın o tayında hadisələrin gedişini diqqətlə izləyirlər. 
Avropanın yeni enerji mənbəyi kimi Azərbaycanın önə çıxarılması da mühüm hadisə sayılmalıdır. Çünki, bu fakt ölkəmizin dünyanın siyasi və iqtisadi meydanında qazandığı rolun əhəmiyyətini göstərir. Məhz buna görə də Azərbaycan Cənubi Qafqaza təşrif buyuran digər dövlətlərin dayaq məntəqəsinə çevrilir. Bu qiyməti nəhəng ABŞ dövlətinin başçısından eşitmək çox xoşdur və bu dövlətlərin əməkdaşlığının gələcək perspektivlərini müəyyən edən səbəblərdən sayılmalıdır. Azərbaycanın apardığı düzgün apardığı iqtisadi-siyasi fəaliyyətinə görə minnətdarlığını bildirən Donald Tramp eyni zamanda biznes əlaqələrinin inkişafı sahəsində də iki ölkə arasında uğurlu layihələrin reallaşdırılacağının mümkünlüyündən bəhs edir. Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı siyasətin bəhrəsi kimi bu fikirlər tamamilə yerinə düşür. İndi ölkəmizdə əlverişli biznes mühiti formalaşıb və bu səbəbdən həm öz iş adamlarımız, həm də əcnəbi iş adamları Azərbaycanda rahat fəaliyyət göstərə bilirlər. Bu da tərəfdaşlarımızın diqqətindən yayınmır. Bütün bunlarsa yalnız qarşılıqlı münasibətlərin inkişafına gözəl perspektiv vəd edir.
 

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz