Əlaqə Arxiv
news Image
2017.06.07
09:30
| A A A
Erməni lobbisi ilə sinxron hərəkət edənlər
Mais Səfərli: “Ölkəmizdə fəaliyyət göstərən radikal müxalifət və ermənilər Azərbaycana qara yaxmaqla məşğul olan eyni şəbəkədən idarə olunurlar” Hikmət Babaoğlu: “Onların fəaliyyəti məhz erməni lobbisinin diqtəsilə həyata keçirilir”

Erməni mediası Əfqan Muxtarlını açıq şəkildə müdafiə etməyə başlayıb. Anti-Azərbaycan şəbəkəsinin ifşa edilməsi və bu şəbəkənin təmsilçisi olan Əfqan Muxtarlının ədalət qarşısına çıxarılması Ermənistanda ciddi etiraz yaradıb. Buna səbəb nədir? 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən radikal müxalifət və ermənilər Azərbaycana qara yaxmaqla məşğul olan eyni şəbəkədən idarə olunurlar. Bunun nəticəsidir ki, anti-Azərbaycan şəbəkəsinin təmsilçisi Əfqan Muxtarlının həbsi Ermənistanda ciddi etiraza səbəb olub: “Düşmən ölkənin mediası, qeyri-hökumət təşkilatları, siyasi partiyaları, bütövlükdə erməni cəmiyyəti həmişə Azərbaycan barədə mənfi obraz yaratmağa çalışıb və bu gün də anoloji fəaliyyətdə bulunurlar. Onlar guya Azərbaycanda insan haqlarının pozulduğunu iddia edirlər. Bu məsələdə də ermənilər Azərbaycanın radikal müxalifətindən heç nə ilə fərqlənmirlər. Əksinə, görünür iş birliyindədirlər və eyni şəbəkədən idarə olunurlar. 
Azərbaycandakı radikal müxalifət də ermənilər kimi çalışır ki, dövlətimizi «qara siyahı»ya salsınlar. Yəni, bu məsələdə radikal müxalifətlə ermənilərin maraqları üst-üstə düşür. Azərbaycanın demokratik hüquqi dövlət olduğunu ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar, Avropa dövlətləri, ümumiyyətlə, bütün dünyada gözl bilirlər. Amma Azərbaycanın inkişafını gözü götürməyən xarici dairələr ölkəmizə qarşı qərəz sərgiləməklə guya insan hüquqlarının pozulduğunu, qanunlara hörmət edilmədiyini bəyan edirlər. Uzun illərdir ki, onlar belə bir çirkin kampaniya aparırlar. Ermənilər də hər zaman bu istiqamətdə Azərbaycana qarşı əks təbliğat aparıblar. Erməni diasporu, bütün ermənilər bu məsələdə cəmləşiblər. Amma təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən bəzi radikal müxalifət dairələri də onlardan heç nə ilə fərqlənmirlər. Bu isə o deməkdir ki, radikal müxalifət üçün dövlətin və xalqının milli maraqları əsas deyil. Onlar özlərinin şəxsi və firqə maraqlarını hər şeydən üstün tuturlar”. 
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, Azərbaycandakı radikal müxalifət erməni lobbisi ilə sinxron hərəkət edir: “Azərbaycan ictimaiyyətinə bəllidir ki, ölkəmizdə özünü müxalifət adlandıran bir qrup insanlar beynəlxalq erməni lobbisilə sinxron hərəkət edirlər. Onların fəaliyyəti məhz erməni lobbisinin diqtəsilə həyata keçirilir. 
Əfqan Muxtarlı hadisəsilə bir daha onun şahidi olduq ki, bu doğrudan da belədir. Çünki hazırkı mərhələdə Azərbaycanın  artan beynəlxalq nüfuzu, ölkəmizin öz təhlükəsizliyini lazımı səviyyədə təmin etməyi bacarması, eyni zamanda təmas xəttində ərazilərimizdə olan erməni işğalçı qüvvələrin hərəkətini izləməsi və onlara qarşı sərt tədbirlər görməsi işğalçıları vahiməyə salıb. Ona görə də müxtəlif vasitələr, o cümlədən Azərbaycandakı radikal müxalifəti ələ almaqla ölkəmizi beynəlxalq aləmdə şantaj etməyə çalışırlar. Erməni mətbuatının Ə. Muxtarlını dəstəkləməsi də məhz bu amillərdən qaynaqlanır. Onlar üçün hər hansı bir azərbaycanlının nə etməsi, həbs edilib-edilmədiyi maraqlı deyil. İşğalçını narahat edən ermənilərə xidmət edən adamların qanun qarşısında cavab verməsidir. Erməni mətbuatının Əfqan Muxtarlı barədə narahat olması da məhz bundan qaynaqlanır. Amma buna baxmayaraq, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün hüquq-mühafizə orqanları qətiyyətli addımlarını atmaqda davam edəcək. Qanunu pozan heç bir şəxsin fəaliyyəti cəzasız qalmayacaq”. 
R. SULTANOV
 

Sizin Reklam Yeriniz