Əlaqə Arxiv
news Image
2017.06.07
09:45
| A A A
Azərbaycan İslam dünyasında yeni nifaqa son qoya bilər
Elman Nəsirov: “Bir çox hallarda münaqişə tərəflərinin hər biri ilə yaxşı dost münasibətlərində olduğundan Azərbaycan müsəlman dünyasında birliyin olmasında bir körpü rolunu oynaya və problemlərin həllinə töhfəsini verə bilir”

Qətərlə bəzi İslam ölkələri arasında münasibətlər kəskinləşib. Belə ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya və bir sıra digər müsəlman dövlətləri Qətərin İŞİD terrorçularına dəstək olduğunu bəyan edərək onunla diplomatik əlaqələri kəsib. Münasibətlərin kəskinləşməsində Qətərin İranı müdafiə etdiyi barədə rəylərin yer alması da öz rolunu oynayıb. Yaranmış situasiyada müsəlman dünyasında yeni bir gərginlik ocağının yaranma ehtimalı böyükdür. 

Bu yaxınlarda Bakıda başa çatan İslam Həmrəylik Oyunları İslam dünyasında həmrəylik və birliyin möhkəmlənməsi yolunda xüsusi önəm daşıyan bir hadisə oldu. Azərbaycan özünün fəaliyyətilə bir daha təsdiq etdi ki, İslam aləmində həmrəylik və birliyin bərqərar olması və möhkəmlənməsində maraqlıdır. Bu yolda da Azərbaycan dövləti bütün bacardığını əsirgəmir. Lakin buna baxmayaraq, ərəb dünyasında hazırda vəziyyətin gərginləşdiyi müşahidə edilir. 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Qətər ətrafında yaşanan gərginlik müsəlman birliyi və həmrəyliyinin əldə edilməsində növbəti bir baryer kimi dəyərləndirilməlidir: “Son günlər, xüsusilə müsəlman aləminin 7 ölkəsilə Qətər dövləti arasında münasibətlərin kəskinləşməsi bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev nə qədər uzaqgörən siyasət həyata keçirib, bu ili «İslam Həmrəylik ili» elan etdi. Cari ildə həmçinin İslam Həmrəylik Oyunları keçirildi. Öncəki il isə «Multukulturalizm ili» elan edilmişdi. 
Ölkə Prezidenti aydın görür ki, müsəlman aləmində birlik məsələsində ciddi problemlər mövcuddur. Eyni zamanda, yeni problemlərin yaranması istiqamətində müəyyən qüvvələr səylər göstərir. Məqsədləri də ondan ibarətdir ki, müsəlman dünyasında heç zaman birlik və həmrəylik olmasın. Bu nöqteyi-nəzərdən son hadisələr İslam Həmrəyliyi məsələsinin nə qədər əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoydu. Xüsusən də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və digər ölkələrin  Qətərə qarşı tətbiq etdikləri siyasət, onunla iqtisadi əlaqələri kəsmələri heç şübhəsiz müsəlman aləmindəki onsuz da güclü olmayan birliyə növbəti zərbə kimi dəyərləndirilə bilər. Qətərə yönəlik ittihamlar da ümumi ittihamlardır. Guya Qətər digər ərəb dövlətlərindən fərqli olaraq terrorizmi himayə edir. Həmçinin, Qətərin İranla bağlı loyal münasibət sərgiləməsi də şübhəsiz ki, ona qarşı məlum davranışın formalaşmasında az rol oynamayıb. Belədə ümumi ittihamlar nəticəsində Qətərlə əlaqələri kəsməyə başlayıblar. Digər müsəlman ölkələri isə Qətəri müdafiə edir. Bu da Fələstin-İsrail münaqişəsilə bağlı vaxtilə müsəlman ölkələri arasında yaşanan davranışı xatırladır. O zamanlar da müsəlman dünyasının bəzi ölkələri Fələstini müdafiə edirdisə də, digərləri də İsrailə dəstək olurdu. Yəni, həmin konfliktə münasibətdə belə İslam dünyasında ortaq yanaşmanın olmadığını müşahidə etdik. Qətər ətrafında yaranmış böhranla bağlı da müsəlman dünyasında anoloji davranışın şahidi oluruq. Halbuki müsəlman aləmində yaranan yeni bir böhran nöqtəsinin aradan qaldırılması istiqamətində birgə səylərə ehtiyac vardır. Problemləri görüşərək müəyyən edib, onun həlli istiqamətində addımlar atmaq lazımdır. Amma indiki hadisələr göstərir ki, Qətərə münasibətdə müsəlman və ərəb ölkələri parçalanmış mövqe nümayiş etdirməyə başlayıblar. Bu da müsəlman birliyi və həmrəyliyinin əldə edilməsində növbəti bir baryer kimi də dəyərləndirilə bilər. Belə bir situasiyada Azərbaycanın mövqeyi ondan ibarətdir ki, yaranmış böhranın dinc və sülh yolu ilə tənzimlənməsi üçün onun dəyirmi masa ətrafında müzakirə edilərək çıxış yollarının tapılmasına ciddi ehtiyac vardır. Əks halda ittihamların sayı artdıqca Fars körfəzində çox mürəkkəb bir problemin əsası qoyula bilər və o da öz növbəsində nəticə etibarı ilə uzağagedən növbəti problemlərin yaranmasına gətirib çıxarar. Yaranmış problem isə onsuz da mürəkkəb olan regionda vəziyyətin daha da gərginləşməsinə xidmət etmiş olacaq. Bunu unutmaq lazım deyil. 
İslam dövlətləri arasında birlik və həmrəyliyin bərqərar olması istiqamətində Azərbaycanın çox yaxşı örnəyi var. Azərbaycan sülhpərvər dövlətdir. Bir çox hallarda münaqişə tərəflərinin hər biri ilə yaxşı dost münasibətlərində olduğundan Azərbaycan müsəlman dünyasında birliyin olmasında bir körpü rolunu oynaya və problemlərin həllinə töhfəsini verə bilir. Rusiya ilə Türkiyə arasında pozulmuş münasibətlərin bərpa olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri oldu. Bunu Moskva da, Ankara da etiraf etdi. Bu, bir həqiqətdir. Azərbaycanın fars körfəzində gərginlik ocağının yaranmasında iştirak edən hər bir tərəflə yaxşı münasibətləri vardır. Ona görə də Azərbaycanın bu potensialından həmin tərəflər barışıq naminə istifadə edə bilərlər. Çünki ölkəmiz sülhpərvər dövlətdir. Beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycan Prezidenti praqmatik siyasətçi kimi tanınır və dünya miqyasında qəbul edilir. Bu kontekstdən yanaşdıqda, hazırda bir-birinə düşmən gözü ilə baxan ərəb ölkələri Azərbaycan dövləti və onun Prezidentinin həmin potensialından istifadə edə bilərlər. Bunun üçün Azərbaycan tərəfinə müraciət etmək və yaranmış gərginliyin aradan qaldırılması üçün ölkəmizdən kömək göstərilməsini xahiş etmək hesab edirəm ən düzgün variantdır. Çünki Azərbaycan dövləti təkcə sözdə deyil, işdə bunu sübut edib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin sözümüzün mənası və çəkisi böyükdür. Həmin problemin həllində də Azərbaycan dövlətinin sözü, süzünün mənası, çəkisi öz rolunu oynaya bilər”.  
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz