Əlaqə Arxiv
news Image
2017.06.09
09:40
| A A A
Erməni cəmiyyəti öz hakimiyyətinin caynağında boğulur
Burada qeyri-insani siyasətə qarşı çıxanlar hakimiyyətdən ölüm təhdidi alır

Ermənistandan insan haqları müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts ölüm təhdidi alıb. Hüquq müdafiəçisini “Facebook” üzərindən hədələyən Aşot Avanesyan adlı şəxs onu “Azərbaycanın agenti olmaqda” ittiham edir, 2-3 metrlikdən 9 mm-lik gülləylə vuracağını, daha sonra başını kəsəcəyini deyir. Artur Sakunts əmindir ki, həmin şəxs polisin adamıdır. Ermənistanın bügünkü reallığı budur: hakimiyyət əleyhinə olanlar, Qarabağ barədə həqiqəti deyənlər “Azərbaycanın agenti olmaqda” ittiham edilir, bununla repressiyaya məruz qalırlar. 

Sakuntsun sosial şəbəkədə polisə ünvanlanmış bəyanatında deyilir: “Mən bir şeyi başa düşmürəm: siz günün günortasında 10 adamı güllələdiniz (2008-cil, 1 mart hadisələri) , insanları günahsız yerə həbsə doldurdunuz, yüz minlər sizə görə ölkəni tərk etdi. Sizin törətdiyiniz qanunsuzluqlardan bezən insanlar dünyanın hər yerinə səpələndi. Bəs olmadı, indi də qeyri-insani siyasətə qarşı çıxanları hədələyirsiniz?!”. Məlumat üçün xatırlatmaq yerinə düşər ki, Sakunts insan haqları müdafiəçisi kimi Ermənistanla Azərbaycan arasında sülhə dair çağırışlar edir, vətəndaş cəmiyyəti layihələri həyata keçirir. Bu fəaliyyətinə görə onu Ermənistanda o cümlədən hakimiyyət dairələrində “Azərbaycanın agenti” adlandırır və lənətləyirlər.
Sakunts kimi təhdid altında yaşayanlar (əgər buna yaşamaq demək mümkünsə) Ermənistanda az deyil. Bu günlərdə “armenianreport.am” saytının əməkdaşı Tevos Arşakyan yazır ki, mayın 31-də Ermənistan milli təhlükəsizlik xidmətinin nümayəndələri və polislər günün-günorta çağı küçədə mülki fəal Arqişti Kiviryanı tutaraq elə oradaca üst-başını axtarmaq istəyiblər. A.Kiviryan bu hüquqsuzluğa imkan vermədiyi üçün heç bir izahat vermədən onu zorla polis idarəsinə aparıblar. Polisin bildirdiyinə görə, zərərçəkınin üzərində soyuq silah olması güman olunub. Beləcə, erməni polisin mənasız fantaziyası hər hansı şəxsin həbsi ilə nəticələnə bilər. Amma hamıya məlumdur ki, bu cür motivlər hakimiyyətin siyasi opponentlərini susdurmaq üçün düşünülmüş tryuklardır. Çünki, Kiviryan məsələsini gündəmdə saxlamayan erməni KİV-ərini qınayan T.Arşakyan yazır: “Azərbaycanda Muxtarlı adlı şəxsin həbsi ilə əlaqədar onun müdafiəsi üçün bizim KİV az qala BMT baş katibinə petisiya imzalayıb göndərmək istəyirdilər, sanki bizdə demokratiya və azadlıq hökmrandır. Halbuki bizdə demokratiya saxta və riyakardır”.
Erməni cəmiyyəti öz hakimiyyətinin caynağında boğulur, desək, azdır. Sarkisyanın Dağlıq Qarabağın işğalı zamanı göstərdiyi qaniçənlik Ermənistanda hakimiyyət uğrunda çarpışmalarda artıb ki, azalmayıb. Hüquqsuzluq bu dövlətdə həyatın ayrılmaz atributuna çevrilib. Bunlar aydındır. Aydın olmayan isə Qərbin insan hüquqları institutlarının və mütəxəssislərinin bu hadisələrə laqeydliyidir. Məsələn, Helsinki Vətəndaş Assambleyasının baş ofisindən Sakuntsun hədələnməsinə reaksiya yoxdur. Yaxud ABŞ Dövlət Departamenti və Avropa Şurası Kiviryanın küçənin ortasında maşına basıb polisə aparılmasına görə Ermənistan hüquq-mühafizə orqanlarının vətəndaş azadlıqlarına qarşı qnunlar davranmaq barədə çağırışlar yoxdur. Qəribədir, niyə? Ona görə ki, Qərb dövlətlərinin hakimiyyətə gələn siyasi qüvvələri daim erməni lobbisinin maliyyə və təbliğat yardımından istifadə edirlər? Budurmu insan hüquqlarının qorunması? Yox, bu ən azı ikili standartların bariz ifadəsidir. Bu, tərəfkeşlik, təəssübkeşlik (hətta ola bilsin ki, dini zəmində) və haqsızlıqdır. Ancaq bu münasibət həm də daim yersiz təhdid olunan ölkələr üçün bir nəticədir. Yəni, hamı dostunu-tanışını konkret əməl əsasında tanıyır və siyasətində bunları nəzərə alır. 
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz