Əlaqə Arxiv
news Image
2017.06.14
09:38
| A A A
Yeni Soyuq müharibə başlanır
Elşən Manafov: “Böyük güclər arasında qarşıdurma özünün daha böhranlı və mürəkkəb mərhələsinə daxil olmaqdadır”

Pentaqon rəhbəri Cim Mettis Amerika qanunvericilərinə tezliklə böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Bura Rusiya, ABŞ və Çin aiddir. onun sözlərinə görə, dünyada bu ölkələr arasında hərbi qarşıdurma başlaya bilər. O, faktiki olaraq Ikinci  Soyuq müharibənin başlana biləcəyini bildirib. "Həm Rusiya, həm də Çin II Dünya müharibəsindən sonra çətinliklə qurulmuş beynəlxalq qaydaların əsas müddəalarına doğru yönəlib". Pentaqon rəhbəri, həmçinin bəyan edib ki, Rusiya və Çinin qlobal səyləri və hərbi əməkdaşlığı fəallaşdırması beynəlxalq təhlükəsizlik baxımından risklidir. 
Politoloq Elşən Manafov bildirdi ki, əslində, Soyuq müharibə artıq gedir: “İstər ABŞ, istərsə də Rusiya rəsmiləri özləri bunu artıq bir neçə dəfə etiraf ediblər. Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Soyuq müharibə başa çatandan sonra ilk dəfədir ki, Vaşinqtonla Moskva arasında münasibətlər soyuq müharibə dövrünün ən böhranlı məqamlarını yaşayır. Bu ölkələr arasında qarşıdurma kifayət qədər gərgin müstəvi üzərinə keçib. Həmin  qarşıdurmanı doğuran səbəblər də təbii ki, son zamanlar ABŞ-da Donald Tramp adminstrasiyasının NATO-nun şərqə doğru genişlənməsi istiqamətində atdığı addımlar, habelə Şimali Koreya məsələsində Vaşinqtonun hərbi əzələ nümayiş etdirməsidir, İranı yenidən beynəlxalq terrorizmə dəstək verən ölkələr sırasına aid etməsi və Tramp adminstrasiyası dövründə Vaşinqtonun Tehranla münasibətlərə yenidən baxmaq istəyidir. O, cümlədən Tramp İŞİD-lə mübarizədə ilk baxışdan ABŞ-la Rusiya arasında əməkdaşlığıın zəruriliyini dəfələrlə vurğulamışdı. Amma prezident seçildikdən sonra isə o, daha fərqli mövqe sərgiləməyə başladı. İranın hədəfə alınması da tərəflər arasındakı münasibətlərdə kifayət qədər gərginlik yaradacaq. 
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, İslam inqilabının qələbəsindən sonra İranda bu miqyasda terror hadisəsi yaşanmamışdı. Bu mənada İranın hədəfə alınması güman edirəm ki, ABŞ tərəfindən dolayısı yolla İŞİD-ə edilmiş mesajlarla bağlı ola bilər. Filippinin prezidenti də bir neçə dəfə ABŞ adminstrasiyasının siyasətini kəskin şəkildə tənqid etdi. Bu fonda dərhal Filippində də baş verən terror hadisələrinin şahidi olduq. Təbii ki, qarşıdurmanı doğuran digər səbəblər də var. Bütün hallarda bu səbəblər ABŞ-ın yeni dünya nizamı ilə bağlı layihəsinin həyata keçirilməsi üçün atdığı addımlarla bağlıdır. Amma güman edirəm ki, Şimali Koreyaya münasibətdə ABŞ-ın atdığı addımlar Vaşinqtonun Pekinlə münasibətlərinə kifayət qədər gərginlik gətirəcək. 
Çin dünyanın iqtisadi nəhəngidir. Çinin iqtisadi inkişafının qarşısını onu hərbi qarşıdurmaya çəkməklə almaq mümkün olacaqsa, ABŞ bunu hökmən etməyə çalışacaq. Digər maraqlı məqam ondan ibarətdir ki, artıq Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinin sayının Pakistan və Hindistanın timsalında artdığını görürük. İranın da perspektivdə həmin quruma qəbul olunacağı proqnozlaşdırılır. Şanxay Əməkdaşlıq Təşkilatını isə ekspertlər müəyyən mənada NATO-ya qarşı dura biləcək blok kimi qiymətləndirirlər. Təəssüflər olsun ki, bu alyans artıq tədricən nüvə silahına malik Rusiya, Çin, Hindistan və Pakistanın kimi dövlətlərin hərbi-siyasi blokuna çevrilməkdədir. Qətər ətrafında yaranan münasibətlər də göstərir ki, artıq ərəb dövlətlərinin müəyyən qismi Vaşinqtonun Yaxın və Orta Şərqlə bağlı siyasətinin önündə gedən dövlətlərdir. Bunun nəticəsidir ki, həmin ərəb dövlətləri Qətərə qarşı kifayət qədər fərqli mövqe sərgiləməkdədirlər. Müsəlman dünyasının ən demokratik ölkəsi sayılan Türkiyənin Qətərə 3 minlik hərbi kontingent göndərməsi qərarı göstərdi ki, əslində, Ankaranın özünün də ABŞ-la münasibətlərində marağına cavab verməyən vəziyyət yaranmaqdadır. Vaşinqton bu fonda Türkiyənin narahatlığına baxmayaraq, aşıq şəkildə PKK-nın Suriyadakı məlum qanadını silahlandırmaq, ona maliyyə dəstəyi verməkdə davam edir. Məlum oldu ki, keçən ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin arxasında ABŞ-ın xüsusi xidmət orqanları durub. Belədə perspektivdə Türkiyənin NATO-dan qopub, Şanxay Əməkdaşlıq Təşkilatına qoşula biləcəyini də istisna etməzdim. Bunun da səbəbi Türkiyə-ABŞ və Türkiyə-Avropa Birliyi arasında olan gərginlikdir. Halbuki onu da unutmayaq ki, Türkiyənin ixrac etdiyi məhsullarının əsas bazarı da məhz Avropa bazarıdır. Amma görünür, Rəcəb Tayyip Ərdoğan iqtidarının Türkiyənin milli təhlükəsizlik maraqları ilə bağlı həyata keçirdiyi siyasət regional və qlobal təhlükəsizlik məsələsində sərgilədiyi mövqe Vaşinqtonu da narahat etməyə başlayıb.  Əslində, bu qarşıdurmanı doğuran səbəblərdən biri də NATO-nun öz strateji müttəfiqi olan üzvü Türkiyəyə münasibətdə sərgilədiyi mövqedir.     NATO-nun Şərqə doğru genişlənməsi, Çernoqoriyanın ora üzv olması da Rusiyanı kifayət qədər narahat edib. Baltik ölkələrində NATO-nun keçirdiyi hərbi təlim məşqləri, burada alyans qüvvələrinin dislokasiyası da Kremli əməlli-başlı qıcıqlandırıb. Sadaladığım bu amillər göstərir ki, böyük güclər arasında qarşıdurma özünün daha böhranlı və mürəkkəb mərhələsinə daxil olmaqdadır. Güman edirəm ki, sağlam düşüncə, dövlətin milli təhlükəsizlik maraqları, müasir dünyanın gələcəyilə bağlı amillər hər halda dövlətlərin başında dayanan siyasi rəhbərləri daha praqmatik mövqe sərgiləməyə, danışıqlar masası arxasında oturmağa sövq etməlidir. Cari ilin iyulunda Trampla Putin arasında görüş nəzərdə tutulub. Düşünürəm ki, bu görüşün nəticələrindən asılı olaraq tərəflər arasındakı münasibətlərdə gərginliyin artacağı, yoxsa azalacağı ilə bağlı məsələ ətrafında gələcəkdə daha dolğun fikirlər söyləmək mümkün olacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz