Əlaqə Arxiv
news Image
2017.06.15
09:00
| A A A
İslam həmrəyliyi uğrunda Azərbaycan daha bir vacib təşəbbüs irəli sürdü
Elman Nəsirov: “Kənar vasitəçilər olmadan da Azərbaycanın təklif etdiyi formada müsəlman dövlətləri problemlərini prinsip etibarı illə həll edə bilərlər” Fərəc Quliyev: “kənar vasitəçilər olmasa, İslam dövlətləri aralarında yaranan problemləri birlikdə asanlıqla həll etməyə qadirdirlər”

«Biz-müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik». Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib. 

Qeyd edək ki, son illər Azərbaycan təkcə müsəlman aləmində deyil, ümumiyyətlə, dünya miqyasında özünün sülhpərvər, barışdırıcı, problemləri dinc yolla həll etməyə qadir olan bir ölkə kimi göstərməyi bacarıb. Keçən il Azərbaycanda «Multukulturalizm ili» elan edilməsi, cari ilin isə İslam Həmrəyliyi ili olması və İslam Həmrəylik Oyunlarını keçirməsi də bir daha onu təsdiqləyir ki, ölkəmiz sözün həqiqi mənasında müsəlman dünyasında birlik və həmrəyliyin olması, yaranan problemləri kənar vasitəçilər olmadan öz aralarında həll etməsinin tərəfdarıdır. Ölkəmiz həm də bu istiqamətdə fəaliyyətə real töhfələr də verir. 
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, kənar vasitəçilər olmadan da Azərbaycanın təklif etdiyi formada müsəlman dövlətləri problemlərini prinsip etibarı illə həll edə bilərlər: “Əslində, cənab Prezidentin müsəlman ölkə səfirləri və diplomatik nümayəndə rəhbərlərilə məlum görüşündə belə bir ideya və təşəbbüslə çıxış etməsi müsəlman ölkələri arasında təəssüf ki, gözlənilən və arzulanan birliyin olmamasından qaynaqlanır. 
Bir çox hallarda müsəlman ölkələri öz aralarında olan problemlərin həllində həmrəylik nümayiş etdirə bilmirlər. Bir araya gəlib, problemləri müzakirə edib və ondan çıxış yolu axtarmaq əvəzinə, bəzi hallarda bir-birinə qarşı ittihamlar səsləndirirlər. Xüsusilə də son günlər Qətər ətrafında yaranmış böhran bu söylənilənləri növbəti dəfə təsdiqləyir. Cənab Prezidentin müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndələrilə keçirdiyi görüşündə də ilk növbədə əsas ideya o oldu ki, bir və həmrəy olaq. Çünki bir yerdə və həmrəy olanda problemlərimizi də həll edə bilərik. Kənar vasitəçilər olanda, digər dövlətlər prosesə qarışanda onlar hər şeydən öncə öz maraqlarından çıxış edir. Onlar üçün bu mənada İslam ölkələrinin həmrəylik və birliyi elə də əhəmiyyətli deyil. Əksinə, bir çox hallarda müsəlman ölkələri arasında birliyin olmamasında maraqlı olan tərəflər var. Bu nöqteyi-nəzərdən Cənab Prezident növbəti dəfə müsəlman ölkələrinə səfirləri vasitəsilə ismarıc göndərdi ki, gəlin bir yerdə olaq. Azərbaycan keçən ili «Multukulturalizm ili», bu ili isə «İslam Həmrəyliyi ili» élan etmək və İslam Həmrəyliyi Oyunları keçirməklə artıq bu mesajları ünvanlayıb. Yaranmış imkandan istifadə edərək müsəlman ölkələri səfirlərilə görüşündə də Cənab Prezident növbəti dəfə bu mesajları verdi. Hesab edirəm ki, bu mesajlar olduqca böyük əhəmiyyət və məna kəsb edir. Bir daha göstərir ki, Azərbaycan Cənab Prezidentin sözlərilə desək dünya miqyasında elə də böyük dövlət olmasa da, onun sözünün mənası və çəkisi böyükdür. Bu məntiqdən çıxış edərək müsəlman ölkələrinə belə vacib və olduqca əhəmiyyətli mesajlar ünvanlanır. 
Müsəlman ölkələrinin kənar vasitəçilər olmadan öz problemlərini özlərinin həll etməsi prinsip etibarı ilə mümkündür. Amma ayrı-ayrı daha böyük dövlətlərin geopolitik maraqları üzündən müsəlman ölkələri arasında bir çox hallarda birlik pozula bilir.  Bəzi hallarda müsəlman ölkələri həmin birliyə adekvat olmayan, uyğun gəlməyən bir davranış tərzi nümayiş etdirirlə. Cənab Prezident bir neçə dəfə çıxışlarında söyləyib ki, bir sıra İslam ölkələri işğalçı Ermənistanla əlaqələri genişləndirir,  bu da İslam həmrəyliyi və birliyinə heç bir halda uyğun gəlməyən davranışdır. Həmin birliyə böyük ehtiyac vardır. Təəssüf ki, bu birliyin əldə edilməməsində həm İslam ölkələrinin öz məsuliyyəti var, həm də müəyyən beynəlxalq siyasi dairələr belə birliyin əldə edilməsinə bütün vasitələrdən istifadə etməklə əngəl olurlar. Vəziyyətin mürəkkəbliyi də məhz bununla bağlıdır”.  
Milli Məclisin deputatı Fərəc Quliyev də düşünür ki, kənar vasitəçilər olmasa, İslam dövlətləri aralarında yaranan problemləri birlikdə asanlıqla həll etməyə qadirdirlər: “Azərbaycanın mövqeyi ona imkan verir ki, belə problemlərdə vasitəçilik edə bilsin. Artıq Azərbaycan bütün tərəflərdə qərəzsiz və səmimi ölkə kimi qəbul olunub. Birləşdirici mövqe tutması, özünün tolerant ölkə olması, tərəfdaşlıq və əməkdaşlığa üstünlük verməsilə Azərbaycan bu mövqeyə layiq görülüb. Ona görə ki, ölkədə və dünyada sülh axtarışında tamamilə səmimiyik. 
Bütün ölkələrlə Azərbaycanın münasibətləri yaxşıdır. Üstəlik bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi onu göstərir ki, İslam ölkələri arasında Azərbaycanın vasitəçi rolunda olması qəbul olunur. Super dövlətlər isə bu kimi problemlərin həllində vasitəçi olanda öncə öz maraqlarından çıxış edirlər. Hətta vasitəçilik etdiyi ölkələrin daxili işlərinə müdaxilə etmək və oradan hansısa mənfəət güdmək barədə düşünürlər. Amma Azərbaycan kimi ölkənin hegemon, imperiya iddiaları yoxdur. Ona görə də belə variantlarla vasitəçilik missiyası sülhün əldə edilməsi üçün daha səmərəli olur. Bu mənada hesab edirəm və bir çox çıxışlar da göstərdi ki, Azərbaycanı eşitməyə hazırdırlar. Azərbaycan hətta böyük dövlətlər arasında vasitəçilik edir. Burada bir vaxtlar korlanan Türkiyə-Rusiya münasibətlərini nəzərdə tuturam. Ümid edirəm ki,müsəlman ölkələri arasında həmrəylik və birliyin əldə edilməsi məsələsində də Azərbaycanın missiyası uğurla başa çatdırılacaq. Bu diplomatik jest olmaqla yanaşı, Azərbaycan və bütün müsəlman dünyasının xeyrinə işləyən bir amildir. Həm də İslam ölkələri arasında münasibətlərin normallaşmasına töhfə verə biləcək bir məsələdir. 
Sözsüz ki, kənar vasitəçilər olmadan İslam ölkələri öz aralarında yaşanan problemləri həll edə bilərlər. Belə məsələlərdə böyük bir kənar dövlətin vasitəçiliyindənsə, ölkələr özləri bərabər əsaslarla problemləri həll etmək sayəsində daha ciddi uğur qazana bilərlər”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz