ABŞ-ın Rusiya ilə əlaqələrinin pisləşdiyi indiki dövrdə amerikalılar üçün qarşıda duran mühüm vəzifələrdən biri də Kreml rəhbəri Vladimir Putinin əslində hansı keyfiyyətlərə malik insan olduğunu müəyyənləşdirməkdən ibarətdir. Bu barədə məşhur "Foreign Policy"də gedən məqalənin müəllifləri - ekspertlər Fiona Hill və Klifford Qeddi də söhbət açır. Onların gəldikləri qənaətə görə, əslində Putin barədə etibarlı məlumat çox azdır. Buna görə Rusiyanın dövlət başçısını çox vaxt simasız, mahiyyətsiz, ürəksiz, haradan üzə çıxması məlum olmayan, ancaq özündə təəssürat yaratmağı bacaran adam kimi dəyərləndirirlər.Hill və Qeddi bunları qeyd edirlər: Putin öz mühitində doğulmuş adamdır. Onun keçmiş təcrübəsi hazırkı dünyagörüşünə əsaslı təsir göstərir. Mövcud səbəbdən də hamı onu müxtəlif identiflikliklərin (bənzərliklərin) kombinasiyasıyla püxtələşmiş adam sayır. Bənzərlikliklərin təsnifatına gəlincə, ekspertlər 6 cəhəti fərqləndirirlər. Bunlar Putinin dövlət adamı olması, tarixi şəxsiyyətə çevrilmək potensialına malikliyi, survivalistliyi (fövqəladə vəziyyətlərə daim hazırlığı olan adam), bazar təfəkkürlü yanaşma tərzi, başqalarına yad görünməsi, ətrafındakıları yad təsəvvür etməsi və tənzimləyici agent missiyası yerinə yetirməsidir. Ancaq müəlliflər onu da qeyd edirlər ki, geniş yayılmış "KQB" əjdahası", "kleptokrat", "avtokrat" kimi adlandırmalar Putin hakimiyyətinin fenomeninin tam izah etmək baxımından acizdir. "Məhz identifikliyinin kombinasiyaları Putini Rusiyanın siyasi həyatında bacarıqlı pərdəarxası oyunçuya çevirib və Kremli öz əlində saxlaya bilib", - deyən Hill və Qeddinin maraqlı, eyni zamanda qəribə təsir bağışlayan düşüncəsinə inansaq, hazırda məhz sadalanan keyfiyyətlər Putinin zəif yerinə çevrilib. O səbəbdən ki, 1999-cu ildən ölkə dəyişsə də, Rusiya prezidenti olduğu kimi qalıb.