Əlaqə Arxiv
news Image
2017.06.19
09:33
| A A A
Azərbaycan işğaldakı torpaqları azad etmək gücündədir
Elman Məmmədov: “Azərbaycan Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yolla azad edilməsini təmin edə bilər” Akif Nağı: “Ordumuzun gücü, cəmiyyətin yüksək səviyyədə olan döyüş əhval-ruhiyyəsi Azərbaycana imkan verir ki, hərbi yolla bütün ərazilərimizi işğaldan azad etsin”

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. Qeyd edək ki, bu yaşayış məntəqəsi 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən uğrulu Horadiz əməliyyatı nəticəsində işğaldan azad edilən ərazilərimizdən biridir. Son dövrlər isə Cocuq Mərcanlının bərpası istiqamətində ciddi işlər görülür. Artıq burada orta məktəb binası, məscid tikilib, yeni yol salınıb. Kənddə ilk mərhələdə 50 yaşayış evi tikilib. 

​Artıq Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. İndi ordumuz ən müasir, dövrün tələblərinə cavab verən  silah və hərbi texnika ilə təmin edilir. Hətta bu silahların bir hissəsi Azərbaycanın özü tərəfindən istehsal olunub. Son illər keçirilən hərbi təlimlər də göstərdi ki, Azərbaycan əsgəri verilən hər bir  tapşırığı, əmri peşəkarcasına yerinə yetirməyə qadirdir. 

Ən əsası da odur ki, Azərbaycan ordusu öz gücünü düşmənə real döyüş səhnəsində də göstərib. Belə ki, şanlı ordumuz keçən ilin aprelində baş tutan 4 günlük döyüşlərlə bir neçə yaşayış məntəqəsi və yüksəklikləri işğaldan azad etməyə nail oldu. Bu möhtəşəm uğurun nəticəsi olaraq Azərbaycan ordusu və əhalisi arasında qələbəyə olan inam daha da artıb. Bu inam fonunda Rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yolla azad edilməsini təmin edə bilərmi?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycan Cocuq Mərcanlı kimi işğal altında olan digər ərazilərimizi də hərbi yolla azad etməyə tam qadir olan güclü bir ölkədir: “Azərbaycan Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yolla azad edilməsini təmin edə bilər. Bu gün Azərbaycan dövləti və ordumuz o güc və imkana malikdir. Bəs niyə bunu etmir? Ona görə ki, ABŞ, Rusiya və Fransadan ibarət 3 həmsədr dövlət və beynəlxalq təşkilatlat özlərinin  ermənipərəst mövqeyilə Azərbaycan ordusunun qarşısındadır. Onlar bir cümlə əzbərləyiblər. Hər dəfə bəyan edirlər ki, problemin həlli ancaq sülh yolu ilə olmalıdır, sülh yolunun alternative yoxdur. Biz də buna hazırıq. Ancaq mən başqa cür fikirləşirəm. Erməninin bu əqidəsi, tərbiyyəsizliyi və onları müdafiə edən dövlətlər, beynəlxalq qurumların ədalətsizliyi qarşısında problemin sülh yolu ilə həlli yoxdur. Həlli ancaq müharibə yolu ilə mümkündür, ancaq 3 həmsədr dövlət imkan versə. Təbii ki, onlar da imkan vermir. Onda zəhmət çəksinlər, idarə etdikləri cinayətkar, çırtdan terrorçu dövləti torpaqlarımızdan çıxmağa məcbur etsinlər. Çıxmasalar Azərbaycan ordusu öz torpağını hərbi yolla azad edəcək. Ordumuz da güc nümayişi ilə bunu etməyə tam olaraq qadirdir”.

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə də, Azərbaycan ordusu, dövləti və cəmiyyət hazırda düşmən tapdağı altında qalan bütün digər ərazilərimizi də işğaldan azad etmək gücünə sahibdir: “Hesab edirəm ki, Azərbaycan ordusu bu gün kifayət qədər güclüdür. Azərbaycan dövlətinin iqtisadi imkanları da genişlənib. Azərbaycan cəmiyyəti də torpaqların azad edilməsi uğrunda istənilən itkilər verməyə hazırdır. Cəmiyyətimizin döyüş əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Ona görə də bu amillər Azərbaycana imkan verir ki, hərbi əməliyyatlara başlamaqla bütün ərazilərimizi işğaldan azad etsin. Ardınca da həmin ərazilərdə, necə ki, azad ediləndən sonra Cocuq Mərcanlıda bərpa işlərinə başlanılan kimi, abadlıq işlərinə start veriləcək. Yəni Azərbaycan Cocuq Mərcanlıda bərpa işləri həyata keçirməklə özünü həm də onda göstərdi ki, az zaman kəsiyində ermənilər tərəfindən xarabalığa çevrilmiş yaşayış məntəqəsini abad bir kəndə çevirmək gücündədir. Ona görə də hərbi əməliyyatlara başlayıb, torpaqları işğaldan azad edib, geniş miqyasda bərpa və quruculuq işlərinə başlamaq olar. Azərbaycanın buna gücü çatır”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz