Əlaqə Arxiv
news Image
2017.06.21
09:27
| A A A
Avropa Parlamenti yenə ikili standartlardan çıxış etdi
Elşən Manafov: “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün olması, onların problemləri və hüquqlarının pozulması kimi halları Avropa Parlamenti nədənsə görmək istəmir”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var. Avropa Parlamenti bundan əvvəl də Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədi və sonradan səhvini başa düşüb əlaqələri yenilədi. Bəs nədən, bundan sonra da Azərbaycana qarşı qurum əvvəlki tək ədalətsiz addımlar atmağa başlayıb?

Politoloq Elşən Manafovun fikrincə, Avropa Birliyinin Azərbaycana qarşı yenidən ədalətsiz mövqe sərgiləməsi erməni diasporunun  sifarişlərinin nəticəsidir: “Avropa Parlamentinin Azərbaycanla əlaqədar verdiyi son ədalətsiz qərarları ölkəmizdəki müəyyən qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən Əfqan Muxtarlının işilə bağlı hüquq-mühafizə orqanlarımızın həyata keçirdiyi tədbirlərdən qaynaqlanır. Bu kontekstdə yaşanan hadisələrə Avropa Parlamenti dərhal Azərbaycanda guya insan haqlarının pozulması ampulasından yanaşıb. Görünür, əslində, Avropa Parlamenti bu kimi bəyanatlar verməklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində özünün mövqeyilə bağlı geopolitik maraqlarının təmin edilməsi üçün istifadə etməyə çalışır. Belə hallar Avropa Parlamentinə Azərbaycanla təzyiq və təsir dili ilə danışmağa imkan yaradır. Bu da onu göstərir ki, bir çox hallarda Avropa Parlamenti özünün müəyyən etdiyi dəyərlərə, o cümlədən Helsinski Yekun Aktının qəbul etdiyi prinsiplərə sayğısızlıq nümayiş etdirir. 
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün olması, onların problemləri və hüquqlarının pozulması kimi halları isə Avropa Parlamenti nədənsə görmək istəmir. Ancaq Əfqan Muxtarlı ilə bağlı məsələyə dərhal ciddi reaksiya verirlər.  Düşünürəm ki, sadəcə olaraq, Avropa qurumları bölgədə özlərinin maraqlarını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. 
Əslində, Qərbin bir sıra transmilli şirkətləri Azərbaycanda təmsil olunub. Azərbaycanla Avropa Birliyi arasında münasibətlər hər iki tərəfin qarşılıqlı maraqları kontekstində inkişaf edir və genişlənir. Amma Avropanın özünün istər Qarabağ münaqişəsinə münasibətdə sərgilədiyi mövqe, multikulturalizmlə bağlı Qərbdə yaşanan dözümsüzlük göstərir ki, “köhnə dünya” özünün bəyan etdiyi dəyərlərdən xeyli kənara atılıb. Hazırda Avropanın özündə kifayət qədər problemli hadisələr yaşanır. Prinsip etibarı ilə Avropa Birliyinin mövqeyinin özü ciddi sual altındadır. Böyük Britaniyanın AB-dən çıxmasından sonra eyni mövqedən çıxış edəcək dövlətlərin sayı azalıb. Onun ardınca Fransa və İtaliyanın da anoloji addımlar atacağı istisna deyil. Ona görə güman edirəm ki, Avropa Parlamentinin Azərbaycanla bağlı məsələdə sərgilədiyi mövqe sadəcə olaraq, müəyyən qurumların, istisna deyil ki, erməni diasporunun təzyiqi və sifarişlərilə baş verir. Ancaq eyni zamanda, onu da qeyd etmək istərdim ki, indiyə kimi Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərarlar Azərbaycan dövlətini özünün əvvəlcədən bəyan etdiyi yoldan çəkindirə bilməyib və  çəkindirə bilməz. Azərbaycan azad dövlət olaraq müstəqil siyasət həyata keçirir. Avropa Parlamentinin indiyə kimi bu istiqamətdə qəbul etdiyi hər hansı qərar və böhtanlar düşünmürəm ki, Azərbaycanın əvvəlcədən müəyyən etdiyi yoldan kənarlaşmasına və təzyiq istiqamətinə yönəlməsinə səbəb olsun. Onlar Azərbaycanı ən yaxşı halda AŞPA-da səs hüququndan məhrum edə bilərlər ki, ancaq fikrimcə, buna da getməyəcəklər. Çünki Qərb bu məsələdə hər iki tərəfin maraqlarına cavab vermək məcburiyyətindədir. 
Xatırladım ki, qardaş Türkiyə AB qarşısında üzərinə götürdüyü  bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, 1987-ci ildən bəri quruma üzv olmaq istəyən Ankaraya münasibətdə sərgilədikləri mövqe Azərbaycana münasibətdə də sərgilənir. Bu da onu göstərir ki, zamanında Türkiyə siyasətçilərinin dediyi kimi, AB xristian dövlətlərinin klubudur. Çox təəssüf ki, Avropa özü müasir dünyada beynəlxalq terrorizmə qarşı mübarizədə sivilizasiyaların  əməkdaşlığına deyil, qarşıdurmanın daha da güclənməsi yoluna qədəm qoyub. Bu da bütövlükdə Azərbaycanla Avropa Parlamenti və AB arasındakı münasibətlərə yaxşı heç nə vəd etmir. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri daim böyük sayğı və ehtiramla yerinə yetirib. Bu mənada düşünürəm ki, Avropa Parlamentinin həmin istiqamətdə qəbul etdiyi qərarlar qərəzlidir və bu qərarların da hər halda Azərbaycan dövlətçiliyinə elə də ciddi təsirləri olmayacaq”. 
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz