Əlaqə Arxiv
news Image
2017.06.30
10:17
| A A A
Azərbaycanın müdafiə naziri Qarabağ münaqişəsinin həllini NATO baş katibinin müavini ilə müzakirə edib
Zakir Həsənov NATO toplantısında iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində (Belçika Krallığı) Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Bu barədə movqe.az-a Müdafə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı üzrə müzakirələr aparılıb. Görüşdə Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin müdafiə nazirləri ilə yanaşı, Əfqanıstanın müdafiə naziri, o cümlədən Avropa İttifaqının Ali Nümayəndəsi və BMT baş katibinin xüsusi nümayəndəsi də iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Z.Həsənov səfər çərçivəsində NATO baş katibinin müavini Rouz Gotemoller ilə də görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO baş katibinin müavininə məlumat verib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Fikri İşıkla işçi görüşü keçirərək ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, eləcə də Qətiyyətli Dəstək Missiyasına gələcək töhfələr mövzusunda fikir mübadiləsi aparıblar.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Makedoniyanın yeni təyin olunan müdafiə naziri Radmila Shekerinska ilə nəzakət görüşü də keçirib.
Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verir.

Sizin Reklam Yeriniz