Əlaqə Arxiv
news Image
2017.08.02
08:30
| A A A
Azərbaycan hərb məhsularına dünyada böyük tələb yaranır
Vüqar Bayramov: “Yaxın illərdə Azərbaycanın qeyri-neft sektorunda ixrac imkanları geniş olan sahələrdən biri məhz hərbi sənaye olacaq” Natiq Cəfərli: “Mühüm addımlar atmaq və gələcəkdə silah istehsalı çeşidinin artırılması ilə hərbi sənaye Azərbaycana ciddi valyuta gətirə biləcək sahələrdən birinə çevriləcək”

Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur. Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun dediklərindən belə bəlli olur ki, pilotsuz uçuş aparatları, zirehli texnikalar artıq ixrac olunur. Bu fonda demək olarmı ki, qeyri-neft sektorunun bir sahəsi kimi hərb sənayesi artıq yeni inkişaf yolundadır və Azərbaycana xeyli gəlir gətirir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, hərbi sənaye kompleksi yaxın illərdə Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac imkanları geniş olan sahələrdən birinə çevriləcək: “Hərbi sənayenin inkişaf etdirilməsi və onun ixracının həyata keçirilməsilə ölkəyə daha çox valyutanın daxil olması qarşıya qoyulan prioritet məsələlərdəndir. Xatırlayırsınızsa, hökumət səviyyəsində keçirilən müşavirələrdə də müzakirə edilən məsələlərdən biri məhz hərbi sənayenin inkişaf etdirilməsilə bağlı olub. Çünki bu sahənin inkişaf etdirilməsi nəticə etibarı ilə ölkəyə daha çox həcmdə valyuta axınına şərait yaradacaq. Amma onu da etiraf edək ki, hərbi sənayenin ixrac potensialının artırılması heç də asan məsələ deyil. Bu istiqamətdə dünya miqyasında ciddi rəqabət mühiti var. Xüsusən də Rusiya kimi böyük hərbi sənaye kompleksinə malik olan qonşu ölkə vardır. Nəticə etibarı ilə Azərbaycanın bu istiqamətdə rəqabət aparmaq imkanları məhduddur. Lakin bununla belə, mövcud vəziyyət heç də o anlama gəlmir ki, Azərbaycan regional bazarlara öz hərbi məhsullarını çıxara bilməz. 
Birmənalı şəkildə Azərbaycanın regional bazarlara öz hərbi məhsullarını çıxarmaq imkanı var. Lakin bunun özü də mərhələli şəkildə baş verəcək. Təbii ki, 2015-ci ildən başlayaraq Azərbaycanın hərbi sənaye məhsulu istehsalı genişlənib və bu fonda da onun xarici bazarlara çıxmaq imkanları da artıb. Bununla belə, bu sahədə daha ciddi nailiyyətlərə nail olmaq üçün prosesin mərhələli şəkildə həyata keçməsinə ehtiyac vardır. Ümumiyyətlə, perspektiv baxımdan bu sahədə ixrac potensialımızın artım imkanları genişdir. Azərbaycan belə bir imkana sahibdir. Düşünürəm ki, hərbi məhsul istehsalı üzrə ixracın çoxalması qeyri-neft sektorunda ixrac imkanlarımızın artırılmasına gətirib çıxaracaq. Sözsüz ki, indiki məqamda vacibdir ki, daha rəqabətli məhsul istehsalı həyata keçirilsin. Dünya bazarında, xüsusən də regional bazarda yer tutmaq üçün məhz daha rəqabətli məhsullar istehsal etməliyik. Məhz rəqabətə davamlı məhsul istehsal etməklə hərbi sənaye məhsulları üzrə ixracı da artıra bilərik. Bütün hallarda hərbi sektor ölkəyə valyutanın daxil olması baxımından geniş imkanlara malik bir sahədir. Bu baxımdan düşünürük ki, yaxın illərdə Azərbaycanın qeyri-neft sektorunda ixrac imkanları geniş olan sahələrdən biri də məzh hərbi sənaye olacaq”. 
İqtisadçı-ekspert Natiq Cəfərli də qeyd etdi ki, bir sıra mühüm addımların atılması ilə gələcəkdə hərbi sənayemiz ölkəyə ciddi həcmdə valyuta axınına rəvac verə bilər: “Silah ixracatı çətin sahədir. Ona görə ki, bu istiqamət üzrə dünyada ciddi rəqabət mövcuddur. Təbii ki, bu sahədə ilk addımlarını atan Azərbaycanın bir neçə xarici ölkəyə silah ixrac etməsi özlüyündə böyük nailiyyət sayıla bilər. Çünki bu sektor həddən artıq kəskin rəqabət mühitinin mövcud olduğu bir sahədir. Ona görə də bu sahənin inkişaf etdirilməsi və gələcəkdə ixracatı artırmaq çox vacibdir. 
Hər halda indilikdə silah ixracı üzrə rəqəmlər hələ də o qədər böyük deyil. Bu istiqamətdə 10 ölkəyə silah ixrac edilsə də, rəqəmlər hələlik o qədər də böyük sayıla biləcək həddə deyil. Amma bu istiqamətdə ciddi addımların atılması və gələcəkdə silah istehsalı çeşidinin artırılması ilə hərbi sənaye Azərbaycana ciddi valyuta gətirə biləcək sahələrdən birinə çevriləcək.  Sadəcə, burada diqqət yetirilməsi vacib olan məsələlər var. Çünki silah istehsalında istifadə olunan bəzi komponent və detallar xaricdən gətirilir. Ona görə elə şərait yaradılmalıdır ki, Azərbaycanda silah istehsalı üzrə bütün zəncir daxildə yaradılsın. Ona görə də gələcəkdə detalların da ölkə daxilində istehsalını təşkil etmək lazımdır. Bu əsasda hərbi sənayAe məhsulları üzrə ixracatdan daha çox qazanmaq olar. Amma bütün hallarda rəqabət mühitinin sıx olması fonunda Azərbaycan yeni bazarlarda yer almaq üçün qiymət və keyfiyyət məsələsində udmağı bacarmalıdır”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz