ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi, ardınca Rusiyanın 755 amerikalı diplomatı ölkədən çıxarması ilə başlanan böhran Ermənistanda qorxu ilə müşahidə olunur. Ermənistan iki böyük ölkənin toqquşmasının Qarabağda müharibəyə səbəb olacağından narahatdır.
Erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, Rusiya-Amerika böhranı ATƏT-in Minsk qrupunun fəaliyyətini daha da effektsiz edəcək: “Bu, mövcud status-kvonun möhkəmləndirilməsi baxımından Ermənistanın xeyrinə görünə bilər. Lakin ən böyük təhlükə münaqişənin həlli ilə bağlı ümidlərin boşa çıxmasından sonra, Azərbaycanın güc variantına əl atmasıdır. Bu baxımdan, Qarabağda yeni müharibə riskləri artır”.
Erməni şərhçi əlavə edir ki, Rusiya dünyada sıxışdırıldıqca, Qafqaz siyasətini sərtləşdirə bilər. “Rusiyanın Qarabağ məsələsində Ermənistanı qurban verərək, Qafqazda möhkəmlənə biləcəyi variantı bu gün ön plana çıxıb”,-deyə o qeyd edir.
Artıq ABŞ-la Rusiya arasında gərginləşən münasibətlər belə demək mümkündürsə, öz təsirini Cənubi Qafqaza da göstərməyə başlayır. Əvvəlki illərdə dünyanın digər bölgələrində, Yaxın Şərq, Suriya, Ukrayna məsələsində bu iki super dövlət qarşı-qarşıya gəlirdisə, Cənubi Qafqazla bağlı sanki bir sükutluq hökm sürürdü. İndi isə hiss olunur ki, Vaşinqtonla Moskvanın maraqları Azərbaycanın yerləşdiyi Cənubi Qafqazda da açıq şəkildə toqquşmağa başlayır. Hələlik Cənubi Qafqazın Gürcüstan timsalında ancaq bir hissəsi ABŞ-ın dəstəyi altındadır. Ermənistan isə tamamilə Moskvadan asılı vəziyyətə düşüb, onun forpostu rolunda çıxış edir. Burada yerləşən dövlətlərdən təkcə Azərbaycan tam müstəqil siyasət yürütməkdə davam edir. Bakı həm Vaşinqton, həm də Moskva ilə səmimi dostluq münasibətlərini saxlamaqdadır. Hər iki dövlətlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir.
İşğala məruz qalan Azərbaycan həmçinin bölgənin bütün parametrlərə görə ən güclü dövlətidir. Bu mənada Azərbaycan aydındır ki, həm Vaşinqton, həm də Moskvanın daha çox maraq dairəsində olan bir ölkədir. Bunun nəticəsidir ki, Kreml Bakını özünün yaratdığı Avrasiya İttifaqı və Gömrük İttifaqında görmək istəyir. ABŞ-da öz növbəsində Azərbaycana Avropanı enerji baxımdan Rusiyanın asılılığından xilas edəcək təbii resurslarla təmin edən aparıcı bir dövlət kimi baxır. Azərbaycan Ermənistanın həyata keçirdiyi işğala son qoymaq əzmindədir. Bunun üçün onun bütün imkanları var. Keçən ilin aprel döyüşləri də göstərdi ki, kənardan müdaxilə olmadığı təqdirdə Azərbaycan Ordusu qısa zamanda bütün işğal edilmiş torpaqları azad edə, hətta İrəvana belə gedib çıxmaq gücündədir. Bunu Ermənistanda da artıq bir çoxları etiraf etməyə başlayıb və bu, erməni cəmiyyətində əməlli-başlı təşviş, qorxu hissi yaradıb. Belə bir vəziyyətdə, Vaşinqtonla Moskva arasında qarşıdurmanın daha da kəskinləşdiyi müşahidə edilir. Hansı ki, separatizm və beynəlxalq aləmdə tanınan ərazilərinin müəyyən hissəsinin itirilməsilə üzləşən kiçik dövlətlərin də kəskinləşən bu qarşıdurmadan istifadə edərək öz problemlərinin həllinə nail olmağa çalışacaqları birmənalıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan Vaşinqtonla Moskva arasında münasibətlərin kəskinləşməsindən istifadə edərək, işğalçı Ermənsitana qarşı təzyiqlərini daha da artırmalıdır: “Əlbəttə ki, Rusiya ilə Amerika arasında gərginliyin artmasının bölgəmizə də müəyyən təsirləri ola bilər. Çünki Moskva təkcə Vaşinqtonla münasibətlərini gərginləşdirmir. Eyni zamanda, bu əsasda ABŞ-ın Avrasiya bölgəsindəki müttəfiqlərilə də Moskvanın münasibətləri soyuyur. Yəni, Ukrayna, Gürcüstan, Baltikyanı və Şərqi Avropa ölkələri ilə də Moskva arasında anoloji gərginliklər yaşanır.
Bu günlərdə heç də təsadüfi olmayaraq ABŞ vitse-prezidenti regiona səfərini məhz Gürcüstandan başladı. ABŞ Azərbaycanın da tərəfdaşıdır. Azərbaycanın həyata keçirdiyi bütün layihələri dəstəkləyir. Bu mənada da Rusiya əvvəllər olduğu kimi, yenə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraq göstərməməkdə davam edir. ABŞ-la onun münasibətləri gərginləşəndən sonra isə ümumiyyətlə, maraq göstərməyəcək. Tam əksinə, Moskva Ermənistana hərbi dəstəyini artırmaqda davam edəcək. Onsuz da Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Rusiyanın boyunduruğu altına keçib, düşünür ki, belədə Moskva onu qoruyacaq. Amma ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi, ikincinin Ermənistana verdiyi dəstək bizi qorxutmamalıdır. İşğalçıya təzyiqi davam etdirdiyimiz istiqamətdə fəaliyyətimizə davam etdirməliyik.
Rusiya-Ermənistan birgə hərbi qoşun birlikləri yaradılıb. Ermənistan da bu məqamdan istifadə edərək təxribatlarını, atəşkəsin pozulmasını Dağlıq Qarabağda deyil, Tovuz, Qazax istiqamətində davam etdirir. Belədə ermənilər Azərbaycanı təxribata çəkməklə prosesə Moskvanın da qoşulmasına çalışırlar. Azərbaycan Rusiya ilə Amerika arasında münasibətlər gərginləşir deyə, mövcud vəziyyətə sakit durub baxmayacaq. İşğalçıya münasibətdə təzyiqlər davam etdirilməlidir ki, torpaqlarımızın azad edilməsi prosesi sürətləndirilsin”.
Politoloq Elşən Mustafayev qeyd etdi ki, iki nəhəng dövlət arasında qarşıdurmadan Azərbaycan Qarabağ probleminin həlli istiqamətində yararlanmalıdır: “Bütövlükdə götürəndə, nə Rusiya, nə də ABŞ üçün Dağlıq Qarabağın taleyi o qədər də böyük maraq kəsb etmir. Digər tərəfdən, hamımıza bəllidir ki, problemi yaradan da Moskvadır, yəni ABŞ deyil. Eyni zamanda, problemin həllinə imkan yaratmayan ölkə də məhz Rusiyadır.
Rusiyanın hərbi və silah baxımından dəstəyi olmasaydı, Azərbaycan işğal olunmuş əraziləri çoxdan və qısa zamanda azad edə bilərdi. Cərəyan edən proseslər də onu deməyə əsas verir ki, Cənubi Qafqazda maraqlarının qorunması üçün regionda Dağlıq Qarabağ kimi münaqişənin olması və onun həll olunmayaraq qalması Moskvanın strateji maraqları çərçivəsindədir. ABŞ-la Rusiya arasında qarşıdurmanın genişlənməsindən ermənilərin narahat olmalarında da həqiqət var. Ona görə yox ki, ABŞ bizim üçün gəlib Dağlıq Qarabağı azad edəcək. Sadəcə olaraq, Rusiyanın zəiflədilməsi, bu ölkə daxilində problemlərin kəskinləşməsi onun Qarabağ konfliktinə marağını azalda bilər. Yəni, gedən qarşıdurma fonunda Rusiya elə bir duruma düşə bilər ki, Cənubi Qafqaza və Qarabağ münaqişəsinə heç diqqət yetirməyə belə imkanı olmaz. Belə ki, iki tərəfin qarşıdurmasında zəifləyən qüvvənin başı özünə qarışdığından kənar hadisələrə diqqəti azalır. Bu kontekstdən yanaşdıqda, ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi Azərbaycana Dağlıq Qarabağ probleminin həllində kömək edə bilər. Bu mənada münaqişənin həlli ən azından Rusiyanın regiona diqqətinin azalmasından keçir. Yəni, situasiya yetişən an Azərbaycan bu məqamdan istifadə etməlidir”.
Rüfət NADİROĞLU