Əlaqə Arxiv
news Image
2012.04.26
09:37
| A A A
Avropa Şurasında Azərbaycana qarşı qərəzli sənəd hazırlanır
Alman deputat Kristofer Ştrasserin müəllifi olduğu yeni hesabatın obyektivlikdən uzaq olduğunu göstərən xeyli məqamlar üzə çıxıb

Məlum olduğu kimi, Avropa Şurası ilə Azərbaycan arasında uzun müddətdir ki, ziddiyyət predmetinə çevrilən əsas məqamlardan biri siyasi məhbus məsələsi ilə bağlıdır. Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını, ümumiyyətlə, bu ad altında konkret kimlərin nəzərdə tutulmasının hələ hüquq müstəvisində müəyyən edilmədəyini bildirsə də, Avropa Şurası əks-mövqedən çıxış edir.

Siyasi müşahidəçiləri isə əslində Avropa Şurasının bu məsələdə Azərbaycana qarşı ikili standartlardan çıxış etdiyini və bir çox hallarda konkret cinayət törətmiş şəxsləri də sözügedən kateqoriyadan olan məhbusların sırasına şamil etdiyini vurğulayırlar. Burada rol oynayan əsas amillərdən biri isə xarici təşkilatlardan qrant almaq üçün Azərbaycanın dövlətçilik maraqlarını düşünmədən belə qurban verməyə hazır olan qeyri-hökumət təşkilatları, "hüquq müdafiəçilərinin" rolu az deyil. Məhz onlar özlərindən müxtəlif siyahılar hazırlayaraq, bir çox hallarda qatı cinayətkarı belə siyasi məhbus qismində Avropa Şurasına təqdim eməyə can atırlar.

Təbii ki, Azərbaycan tərəfi bu qəbildən olan hallarla razılaşa bilməz və sözügedən məsələdə qətiyyətli mövqe tutub. Məhz bunun nəticəsidir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi təyin olunan Kristofer Ştrasserin ölkəmizə səfəri heç cürə baş tutmur.

Artıq yaranmış vəziyyətdə Ştrasser bildirir ki, o, Azərbaycana gəlmək niyyətindən daşınıb. Lakin eyni zamanda Kristofer Ştrasser bu ilin sonunadək hesabatını yekunlaşdıracağını da bildirib. Bu isə hesabatın bəri başdan qeyri-obyektiv olacağını deməyə əsas verir. 2009-cu ilin mart ayında məruzəçi təyin olunmuş almaniyalı deputat isə Bakıya gəlmək niyyətindən vaz keçdiyinə dair bəyanatını Avropa Şurasının İnsan Haqları Komitəsinin iclasından sonra edib. Ştrasser bildirib ki, Azərbaycan hökuməti onu martın sonunda Bakıya səfər etməyə dəvət edib, lakin yalnız siyasi məhbus anlayışının müzakirə edilməsi üçün. Ştrasser isə bu cür dəvəti qəbul edə bilmədiyini qeyd edib. Məhz bu da Ştrasserin qeyri-obyektivliyini sərgiləyən əsas hallardan biridir. Çünki faktiki olaraq bu şəxs hökumətin onunla əməkdaşlıq etmək istəyinə qarşı gəlir.

Rəsmi Bakı isə bəyan edir ki, Ştrasserin siyasi məhbuslar üzrə məruzəçisi qismində ölkəmizə gəlməsi mümkün deyil. Lakin o, digər təmsilçi, məsələn, Almaniya Bundestaqının deputatı olaraq istənilən vaxt Azərbaycana təşrif buyura bilər. Bunun üçün Kristofer Ştrasserə viza verilməsində hər hansı problem də yoxdur.

Digər tərəfdən istər Avropa Şurası, istərsə BMT və onun müxtəlif qurumları, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən indiyədək "siyasi məhbus" anlayışı və onun meyarları ilə bağlı hər hansı bir konvensiya, qətnamə, yaxud digər sənəd qəbul edilməyib. Belə olan halda Avropa Şurasının hansı meyarla Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasının özü böyük sual doğurur. Elə Azərbaycan tərəfi də bu sualı dəfələrlə Avropa Şurası rəhbərliyinə, digər təmsilçilərinə ünvanlasa da istənilən cavabı ala bilməyib. Azərbaycan tərəfinin digər tutarlı arqumenti Avropa Şurasında Azərbaycan üzrə iki həmməruzəçinin olmasıdır. Belə olan halda bir həmməruzəçiyə nə dərəcədə ehtiyac olması özü böyük sual doğurur.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə iki həmməruzəçisi var. Azərbaycan tərəfi həmin həmməruzəçilərlə konstruktiv iş aparır. Digər tərəfdən bu həmməruzəçilərlə siyasi, hüquqi, qanunun aliliyi, demokratiyanın inkişafı və digər müvafiq sferalarda lazımi iş aparılır. Bu da bir daha təsdiq edir ki, hansısa "siyasi məhbus" məsələsi və yaxud digər məsələlər üzrə ölkəmizlə bağlı əlavə məruzənin təyin edilməsi və göndərilməsi Avropa Şurası tərəfindən obyektiv yanaşma deyil.

O da maraqlıdır ki, Ermənistanda açıq siyasi repressiya rejiminin hökm sürməsinə rəğmən, bu ölkədə baş verənləri Avropa Şurası nəzərə almaq istəmir. Elə bunun nəticəsidir ki, quruma üzv olan 47 ölkədən ilk olaraq yalnız Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçi təyin edilib. Düzdür, sonradan Azərbaycanın təkidi ilə Ştrasserin mandatının adında müəyyən dəyişikliklər edilib. Digər tərəfdən Avropa Şurasında Azərbaycan tərəfi təkidlə ümumtanınmış hüquqi sənədin olmadığını və ölkəmizə qarşı ayrı-seçkiliyin yolverilməz olduğunu diqqətə çatdırıb.

O da məlumdur ki, Azərbaycan siyasi məhbus məsələsində AŞ ilə konstruktiv əməkdaşlıq etməyə hazırdır. Ancaq Bakı onu da bildirir ki, bu problemi yalnız Azərbaycanda deyil, AŞ-yə daxil olan digər ölkələrdə də araşdırmaq lazımdır. O da vurğulanır ki, siyasi məhbusları yalnız Azərbaycanda axtarmaq uğursuzdur. Bu mənada o da xüsusi olaraq diqqətə çatdırılır ki, Avropa üçün problem olan insan haqları məsələsini Azərbaycanda axtarmaq qəribədir. Həmçinin o da qeyd olunur ki, heç kim insan haqlarını alverə çevirib təzyiq vasitəsi kimi istifadə edə bilməz.

Rasim BAYRAMOV

Sizin Reklam Yeriniz