“Ermənistan PKK terrorçularını bütün vasitələrlə dəstək verir”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, Ermənistan PKK terrorçularına pasport verir: “PKK terrorçuları başda Avropa olmaqla müxtəlif ölkələrə Ermənistan pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir”.
G.Gülbey qeyd edib ki, PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir. “Bu, Ermənistan-PKK işbirliyini sübut edən əsas faktlardan biridir”, - deyə o bildirib.
Qeyd edək ki, zaman-zaman oxşar məlumatlar ortaya çıxıb. Məlumatlar da Ermənistanın PKK-ya hərtərəfli dəstəyini müxtəlif formada ortaya qoya bilib. Bu şəraitdə isə dünya Ermənistana qarşı cəza tədbirlərini gecikdirməkdə davam edir. Siyasilərin fikrincə, bu fonda ümid qalır Azərbaycan və Türkiyəyə.
Politoloq İlqar Vəlizadə bildirdi ki, PKK-ın Ermənistanın hərbi strukturundan yararlanması hər kəsə bəllidir: “Həmçinin zaman-zaman PKK-ın Ermənistanda, işğal altındakı ərazilərdə təlimlər keçməsi haqqında müxtəlif mənbələrdən məlumatlar yayılır. Eyni zamanda Ermənistan hərbçiləri ilə PKK arasında digər rabitələrin mövcudluğu haqqında xəbərlər var. Sovet dövründə belə bu cür informasiyalar dövriyyəyə buraxılıb.
Çox güman ki bu dəstək formasını hazırda dəyişib. Amma yenə də mövcuddur. Bu dəfə ermənilər PKK-dan daha çox istifadə edirlər. Ancaq informasiyalar kifayət qədər təsdiqini tapmayıb ki, ondan istifadə edərək Türkiyə, ya da Azərbaycan konkret addımlar atsın. Erməni tərəfi həmişə bu rabitələri gizli saxlamağa, PKK ilə təlimləri fərqli təqdim etməyə çalışıb. Ancaq onların əlaqələrini tam şəkildə aşkara çıxarmaq üçün daha mütəşəkkil iş aparmaq lazımdır. Ermənistan PKK ilə əlaqələrinin daha da genişlənməsindən qorxur. Çünki təkcə Türkiyə və Azərbaycan tərəfindən yox, dünya ictimaiyyəti tərəfindən qınaq ala bilər. Ona görə də hazırda Azərbaycan və Türkiyə ancaq vəziyyəti nəzarət etmək iqtidarındadır. Əgər bu əlaqələr təsdiq olunsa və böyüsə, Türkiyə və Azərbaycan lazımi cavab verəcəklər”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyəyə qarşı otuz ildən artıqdır davam edən PKK terroru bu ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyni təhdid edir: “Bu terror təşkilatının arxasında müəyyən dövlətlərin olduğu və hərbi loqistik verdiyi məlumdur. Zamanla Türkiyə hakimiyyəti terror təşkilatına dəstək verən ölkələrə qarşı sərt şəkildə təpki göstərir.
Hazırda PKK sıralarında bəzi dövlətlərin vətəndaşları xüsusi təlimatla Türkiyə əleyhinə fəaliyyətdə iştirak edirlər. Burada əsasən üstünlük təşkil edənlər erməni millətindən olanlardır. PKK–nın rəhbər heyətində olanların bir çoxu Ermənistanın xarici ölkələrdə olan səfirlikləri ilə əməkadaşlıq edir və Ermənistan hakimiyyətinin dəstəyi ilə texniki və digər diplomatik pasportlarla təmin edilirlər. Türkiyənin Ağrı dağı və İgdır regionunda PKK–nın fəallaşmasında mühüm rol oynayan məhz Ermənistan hakimiyyətidir. PKK-nın rəhbəri Murat Karayılanın Ermənistan tərəfindən rabitə və digər texniki vasitəsilərlə təmin edilməsi Türkiyə əleyhinə rəsmi İrəvanın apardığı terror siyasətinin tərkib hissəsidir. Türkiyə hakimiyyəti Ermənistanın bu təxribatçı siyasətinə qarşı ciddi tədbirlər görməli, Azərbaycanla birgə bu istiqamətdə tədbirlər planı hazırlamalıdır. İki ölkənin diaspor və səfirlikləri xaricdə Ermənistanın PPK-çılara verdiyi dəstəklə bağlı müəyyən dövlətlərin qurumlarını məlumatlandırmalı və qarşısını almaq üçün birgə hökumətlər işləməlidir.
Ermənistanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı terror siyasətinin qarşısı ən sərt üsullarla alınmalıdır. Bu gün ölkələrə qarşı əsas təzyiq rıçaqlarından biri terrordur. Ermənistan da PKK terror təşkilatından bu kimi məqsədlə istifadə edir. Əvvəllər terror hücumları əsasən ASALA tərəfindən həyata keçirirdi. İndi isə erməni hakimiyyəti PKK-nın arxasında gizlənməklə bu terroru davam etidirir”.
Mübariz BAYRAMOV