Cəzasızlıq düşməni azğınlığını davam etdirməyə imkan verir. 2 yaşlı Quliyeva Zəhranın güllə ilə vurulmasından sonra 13 yaşlı Yusifov Ramini yaralamaları bunu deməyə əsas verir. Hər zaman hadisələr obyektiv yanaşan Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyini cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bu məsələdə isə ilk növbədə Azərbaycan dövlətinin və beynəlxalq təşkilatlarının üzərinə iş düşür.
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, son dövrlərdə Ermənistanın Azərbaycana qarşı münasibətində bir xətt xüsusi ilə qabarıq nəzərə çarpır: “Bu da dinc, mülki əhalini atəşə tutaraq, körpə uşaqları hədəfə götürməkdir. Artıq körpə uşaqlara atəş açmaq Ermənistanın rəsmi siyasətinə çevrilib. Bu istək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində çox azğın, heç bir insanlığa sığmayan yenib bir dəsti-xəttdir. Ermənistan Azərbaycanın da eyni addım atmasını istəyir. Sonra isə ondan istifadə edərək, Azərbaycanı danışıqları pozmaqda, qeyri-insani hərəkətlərdə ittiham etməyə çalışacaqlar. Amma Azərbaycan heç bir zaman Ermənistanın etdiyi hərəkətləri etməyəcək. Eyni zamanda Ermənistanın atdığı addımlar da cəzasız qalmayacaq. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycan ilə təhlükəli oyun oynayır. Ancaq bunun nəticəsinin özünə qayıdacağının fərqinə varmalıdır”.
Milət vəkili əlavə etdi ki, Azərbaycan məsələnin daha yuxarı instansiyalara çatdırılması istiqamətində həmişə işlər aparıb: “Ən böyük instansiya olan BMT vaxtı ilə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini həmişə pisləyib.
Dünyada heç bir dövlət Ermənistanın işğal etdiyi əraziləri qəbul etmir. Hətta onun çox ümid ediyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın işğalçılıq siyasətinə dəstək verməyəcəyini dəfələrlə bəyan edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi. Beynəlxalq təşilatlara və ATƏT-in Minsk qrupuna müraciətlər ünvanlandı. Yəni, bu istiqamətdə həmişə işlər gedir. Əsas məsələ, torpaqların işğaldan azad edilməsidir. Bu problem həll olunarsa, bütün problemlər həll edilmiş olacaq. Bunu isə Ermənistan etməsə, Azərbaycan etmək iqtidarındadır”.
«İnsan Hüquqları XXI Əsr» Fondunun sədri Şahin Camalov bildirdi ki, bu, Ermənistanın nə ilk, nə də son həmlələri deyil: “Lakin ən böyük problem beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətimn buna susmasıdır. Azərbaycan isə torpaqlarının azad olunması hüququnu özündə saxlayır. Nə zamansa bu hüquqdan istifadə edəcək. Amma ən böyük problem beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətinə, mülki əhaliyə qarşı cinayətlərinə, beynəlxalq öhdəliklərin pozmasına səbrlə yanaşmasıdır.
İşğalçı dövlətin cəzalandırılması üçün müəyyən addımların atılmaması belə bir fikir yaradır ki, beynəlxalq ictimaiyyət Ermənistanı himayə edir. Bu hal təəssüf ki, bütün beynəlxalq təşkilatlarda özünü büruzə verir. Ermənistanın bu cür addımlarının cəzası olmadıqca yeni cinayətlər üçün şərait yaranacaq. Yəni, bundan sonra da Ermənistan əməllərinə davam edəcək. Ona görə də ilk növbədə beynəlxalq təşkilatlar öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Beyənlxalq hüquqa hörmət edən dövlət kimi Azərbaycan illərdir, səbr nümayiş etdirir. Ancaq deyəsən, səbrin sonudur. İşğalçı dövlətə qarşı bu qədər humanist olmaq yaxşı nəticələr verməyəcək”.
Mübariz BAYRAMOV