Əlaqə Arxiv
news Image
2017.08.10
09:50
| A A A
İrəvanın dostlarından narazılığı və qəlbinin Qərb çırpıntısı
Ermənistanın hazırkı durumu ermənilərin özlərinə də xoş gəlmir

Rusiya və İranın Ermənistana son münasibətlərindən İrəvanda narazılıq var. Burada hesab edilir ki,  Azərbaycanın gedişləri hər iki ölkənin Ermənistana münasibətinin tədricən dəyişməsinə rəvac verir. Bu yolda iki güclü fakt bu ölkənin politoloqlarına dinclik vermir. Birincisi, Azərbaycan-Rusiya-İran üçlüyünün regional əməkdaşlığıdır ki, ermənilər bunu heç cür həzm edə bilmirlər. İkincisi, Rusiyanın Azərbaycana ən müasir silahlarını satması və bir neçə həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinin gözlənilməz dəvəti ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsidir. Bu hadisələr və iqtisadi-siyasi əməkdaşlığın genişlənməsi ermənilərin yuxusuna haram qatıb. Amma əllərindən bir iş gəlmədiyindən ortaya Qərb-Şərq söhbətləri salmağa başlayıblar.

Erməni politoloqlar dad döyürlər ki, Ermənistanda qərbpərəst qütbün yoxluğu ucbatından ölkə taleyin ümidinə qalıb. Artıq bir neçə gündür ki, erməni siyasi gündəmini ABŞ-Rusiya münasibətləri fonunda “Ermənistanın taleyi necə olacaq?” sualı zəbt edib. Ekspertlər canfəşanlıqla deyirlər ki, İrəvan üçün alternativ yol mövcud deyil. Onlar ad çəkməsələr də bu ölkənin Rusiyanın rəhbərliyi altında olmasına və bu əsarətdən çıxmaq şansının olmamasına işarə edirlər. İndi siyasilər sual qoyurlar ki, müqavimət qabiliyyətini artırmaq üçün Ermənistan nə etməlidir? Axı, ölkədə arxalanılası real qərbpərəst siyasi qütb mövcud deyil. Olan-qalanın da nə siyasi gücü, nə ona xalqın etimadı, nə də cəmiyyətdə real dayağı var.  
Bu yaxınlarda Ermənistan XİN iqtisadi və siyasi münasibətləri inkişaf etdirdikləri ölkələrin siyahısını dərc edib. 14 ölkə içərisində yalnız Rusiya Avrasiya İqtisadi İttifaqının üzvüdür. Ekspertlər XİN-in bu təşəbbüsünü erməni xarici siyasətinin iflası kimi qiymətləndirirlər. Onlar deyirlər ki, guya Ermənistan Aİİ-yə könüllü daxil olub. Bəs, elə isə, nə üçün 14 ölkədən cəmi biri bu ittifaqın üzvüdür. Əslində, bütün bunlar haqqında həqiqəti politoloqlar gözəl bilirlər. Lakin məsələ haqda geniş şərhlər yazıb ritorik suallar verməklə onlar “Rusiyanın əleyhinə ifadə verən şahid” statusunda çıxış edirlər. Sanki, bununla Rusiyaya olan etirazlarını bildirirlər. 
Bu arada “Moskvanın “Komsomolskaya pravda” qəzetində dərc olunmuş bir məqalə erməniləri lap təşvişə salıb. Məqalə müəllifi təsdiq edir ki, 1945-ci ildə Stalin Bosfor və Dardanel boğazlarına qədər torpaqları ələ keçirməklə Ermənistanın sərhədlərini həmin yerlərə qədər genişləndirmək istəyirmiş. Lakin bundan xəbər tutan amerikalılar Naqasakiyə atom bombası ataraq rusları bu əməldən çəkinməyə məcbur ediblər. Çünki, əks halda Vaşinqton atom bombasından Rusiyaya qarşı da istifadə edəcəkmiş. İrəvanlı ekspertlər məqalənin dərcini Ermənistana Moskvanın xəbərdarlığı kimi qəbul ediblər. Axı, son vaxtlar ermənilər qərbpərəslik barədə daha çox danışmağa başlayıblar. Eyni zamanda ermənilər kədərlə qeyd edirlər ki, bu vaxta qədər Ermənistan-Türkiyə sərhədlərini rus sərhədçiləri MDB-nin ümumi sərhədi kimi qoruyur və Qars müqaviləsinin ləğvi barədə heç düşünmürlər. Yəni, Rusiya öz koloniyasını azadlığa buraxmaq fikrində deyil. 
Ermənistan prezidenti Serj Sarkisyanın İran prezidenti Həsən Ruhaninin inauqurasiyası günlərində onunla Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi də erməni ekspertlərin eynini açmayıb. Çünki, Serjin ətraflı canfəşanlığına baxmayaraq İran prezidenti “münaqişə sülh yolu ilə həll olunmalıdır” kimi artıq çeynənmiş və ümumi ibarəyə çevrilmiş ifadələrlə fikrini bildirib. Erməni siyasi elitasının rəyinə görə, bu mövqe Azərbaycanla əlaqələrin genişlənməsi fonunda formalaşıb.
Beləliklə, Ermənistan rəhbərliyi və siyasi komandaları ən yaxın müttəfiqlərindən də əllərini üzməyə düçar olublar. Onlar bunu anlasalar da, hələlik böhrandan çıxış yolunu tapa bilmirlər. 

N.NOVRUZ 

Sizin Reklam Yeriniz