Məlumdur ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bu barədə Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib. Onun sözlərinə görə, müqavilə hələ qüvvəyə minməyib və bəzi texniki nüanslar qalır.
Aleksandr Mixeyevin açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb. Belə ki, erməni siyasi şərhçi Sarkis Artsruni Rusiya-Türkiyə arasında keyfiyyətcə yeni əməkdaşlığın Qarabağ problemində yeni çağırış olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya S-400 sistemlərini Türkiyə satması Rusiya-Türkiyə əməkdaşlığında yeni və daha dərin mərhələdir. Siyasi şərhçi hesab edir ki, razılaşma Moskvanın Ankaraya regionda bundan sonra əsas rəqib kimi baxmayacağını göstərir: “Xüsusi halda, təhlükə var ki, Rusiya və Türkiyə Qarabağ məsələsində ATƏT-in Minsk qrupunu nizamlanma prosesindən sıxışdırıb çıxararaq birtərəfli razılaşmaya gəlməyə çalışacaq”.
Erməni şərhçinin fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması Cənubi Qafqazın taleyində həlledici rol oynaya bilər: “Onlar Minsk qrupuna paralel də fəaliyyət göstərə bilərlər. Ancaq məsələ orasındadır ki, bu, mütləq Ermənistan və Azəraycanın razılığını tələb edir. Bu fonda inandırıcı deyil ki, Ermənistan belə bir siyasi formatı qəbul etsin.
Onu da əlavə etmək lazımdır ki, Dağlıq Qarabağ problemi çoxdan beynəlmiləlləşib. Onun BMT və ATƏT çərçivəsində həlli nəzərdə tutulur. Eyni zamanda gərək bu məsələdə həm Azərbaycan, həm də Ermənistan Türkiyə və Rusiyanın gəldikləri qərarlara tabe olsunlar. Bu da çox zəif ehtimallardan biridir. Ermənistan Türkiyənin olduğu yerdə bütün qərarlara əks gedəcək. Ancaq son anda həlledeci söz Azərbaycan və Ermənistana məxsusdur. Rusiya və Türkiyənin gəldiyi qərarlar isə mütləq beynəlxalq çərçivədə tanınmalıdır. Yəni, BMT və ATƏT-in nizamlama komissiyaları bu məsələni nəzərdən keçirməlidirlər.
Dünyada sülh və təhlükəsizliyə cavabdeh olan beynəlxalq qurumlar var. Həmin qurumların iştirakı olmadan bu məsələnin həlli ehtimalı zəifdir. Lakin tərəflər Ermənistana təsir edərək məqbul varianta gətirərlərsə, beynəlxalq təşkilatlar bunu alqışlaya bilər. Yəni, əsas işi onlara görə bilər. Lakin əldə edilmiş razılaşmanın hüquqi təsbiti mütləq beynəlxalq təşkilatlardan keçməlidir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə və Rusiya arasında S-400 hava hücumundan müdafiə raket sistemlərinin satılması barədə ikitərəfli müqavilənin bağlanması iki ölkə arasında son dövrlər artan uğurlu əməkdaşlığın nəticəsidir: «Yaxın Şərq üzrə, xüsusilə Suriya münaqişəsində iki ölkə arasında müəyyən fikir ayrılıqlarına baxmayaraq, siyasi-iqtisadi əlaqələr inkişaf edir. Hər iki ölkənin Qərblə soyuqlaşan əlaqələri iki ölkənin birgə layihələrə imza atmağa sövq edib.
Təbii ki, Rusiya-Türkiyə əlaqələrinin yüksək səviyyədə olması işğalçı Ermənistanı ciddi şəkildə narahat edir. İrəvan iki ölkə arasında hərbi-texniki əlaqələri özünün təhlükəsizliyi üçün ciddi təhlükə olaraq görür. Ermınistanın apardığı siyasət işğalçılığa söykəndiyi üçün Ankara və Moskva arasında əlaqələrin Ermənistanın xaric edilməsi ilə nəticələnəcəyindən ehtiyatlanı. Onlar qorxur ki, Rusiya və Türkiyə Qarabağ münaqişəsinin həllində ortaq məxrəcə gəlib, Ermənistanın maraqlarını heçə endirərlər.
Ötən il Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında konfliktin həllində müəyyən pozitiv danışıqlar oldu. Sonradan Rusiyanın dəyişən siyasəti nəticəsində danışıqlar prosesi dayandı. Rusiya-Türkiyə əlaqələri inkişaf etsə də, Moskva Türkiyənin Cənubi Qafqazda, xüsusilə Qarabağ münaqişəsinin həllində iştirakına imkan verməyəcək. Rəsmi Moskva Minsk qrupunun tərkibindən kənarda Türkiyə ilə sövdələşməyə getməyəcək. Bu Türkiyənin regionda güclənməsinə gətirər. Moskva çalışır ki, münaqişəni öz inhisarında saxlasın, əlavə vasitəçilərə imkan verməsin”.
Mübariz BAYRAMOV