Əlaqə Arxiv
news Image
2017.08.30
09:30
| A A A
Qarabağ münaqişəsi üzrə substantiv danışıqlar başlanır?!
Natiq Miri: “Sürətli, qısamüddətli, lokal hərbi əməliyyatlara ehtiyac var” Elxan Şahinoğlu: “Əgər danışıqlarda real irəliləyiş olmayacaqsa, lokal toqquşmaları ehtimal edə bilərik”

Məlumdur ki, ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 6 prinsipi özündə ehtiva edən sənədlə  çıxış edib. Həmsədrin bu xüsusda açıqladığı sənəd mərhələli həll planını nəzərdə tutur. 

Riçard Hoqlandın açıqlaması Ermənistanın siyasi rəhbərliyində  ciddi təşvişə və narahatlığa səbəb olub. Müxtəlif səviyyələrdə ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilir. Ermənistan rəsmiləri bu prinsiplərin yeni olmadığını bildirir. Açıqlama ilə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının Akvil, Muskoka və Los-Kabos bəyanatlarında Helsinki Yekun Aktı əsasında münaqişənin mərhələli həllinin əsas elementləri öz əksini tapıb: “Bu elementlər də yenilənmiş Madrid prinsiplərinin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoaqland tərəfindən də bu prinsiplər bir daha vurğulandı. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini də yerinə yetirmir. Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək”. 
Beləliklə göründüyü kimi, Azərbaycan substantiv danışıqlara başlamağı vacib sayır. O baxımdan da yaxın tezlikdə danışıqlar baş tutmasa, Qarabağ cəbhəsində hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi maraqlıdır.  Siyasi şərhçilər isə müharibə varinatını daha çox ehtimal edirlər. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, Qarabağda savaşın başlaması hər an mümkündür: “Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməyə qüdrəti çatır. Azərbaycanın bundan artıq gözləməyə ehtiyacı yoxdur. Sadəcə, qlobal geosiyasi vəziyyət buna imkan vermir.
 Söhbət ondan gedir ki, bu gün Dağlıq Qarabağ probleminin yenidən aktiv fazaya keçməsində həmsədr dövlətlər maraqlı deyillər. Ən əsası da bu münaqişədə əsas faktor olaraq Rusiya Dağlıq Qarabağda yeni savaşın başlamasını istəmir. Bu, Rusiya üçün arzuolumaz vəziyyət yarada bilər. Rusiya əmindir ki, savaş başladığı təqdirdə Azərbaycan qısa zamanda torpaqlarını işğaldan azad edəcək. İkincisi, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi üzrə Rusiya Ermənistanın müttəfiqidir. Bu baxımdan Ermənistanın Rusiyadan müəyyən gözləntiləri olacaq. Yəni, savaş başladığı təqdirdə Rusiya Ermənistana yardım etməli və ya bütövlükdə savaş prsosesinə qoşulmalıdır. Bu da Azərbaycanın birmənalı olaraq Rusiya tərəfindən itirilməsi anlamına gəlir. 
Ən nəhayət, Rusiya prosesə müdaxilə edərsə, Azərbaycanın da müttəfiqləri savaşa qoşulmaq məcburiyyətində qalacaqlar. Bu da döyüşün regional, bəlkə də qlobal savaşa çevrilməsi təhlükəsi yaradır. Azərbaycan bunları göz önünə aldığı üçün tərəddüdləri var. Onu da nəzərə alaq ki, həmsədr dövlətlərin digərləri də Rusiyadan fərqli davranmırlar. 
Bütün geosiyasi maraqlara rəğmən, həmsədrlərin xristian təəssübkeşliyini də gözardı etməməliyik. Bu dövlətlər Ermənistanı Azərbaycana əzdirmək istəməzlər. Ona görə də sürətli, qısamüddətli, lokal hərbi əməliyyatlara ehtiyac var. Bu da Azərbaycanın haqqıdır”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, əslində, həmsədrlər mərhələli həll planının tərəfdarı deyillər: “Yalnız amerikalı həmsədr Riçard Hoqlandın bu barədə açıqlaması oldu. Rusiyalı  həmsədrdən oxşar bəyanat almamışıq. Ermənistanın isə Riçard Hoqlandın təklifi üzərində danışıqlar aparacağı gözlənilmir. Bunun üçün gərək ABŞ və Rusiya Ermənistana təzyiq etsinlər. Belə təzyiqlər də illərdir, yoxdur. Ona görə danışıqlardan real nəticə gözləmək əbəsdir. Ermənistan substantiv danışıqlarda maraqlı deyil”. 
Elxan Şahinoğul əlavə etdi ki, bu fonda cəbhədə hadisələr necə gedirdisə, elə də davam edəcək: “Hər zaman danışıqlarda nəticə olmur və cəbhədə vəziyyət gərgin qalır. Əgər danışıqlarda real irəliləyiş olmayacaqsa, lokal toqquşmaları ehtimal edə bilərik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz