Əlaqə Arxiv
news Image
2017.09.22
09:15
| A A A
Azərbaycan Avropa İttifaqının silah embarqosunu dəf etdi
Azər Həsrət: “Çexiyadan silah almağımızla bağlı presedent Azərbaycanla silah məsələsində iş birliyi qurmaq istəyən başqa ölkələr üçün də yaxşı bir örnək olacaq” Fazil Mustafa: “Bu kimi məsələlərdə hər halda müəyyən addımlar atmağa borcluyuq”

Azərbaycan Ordusunun bu həftənin əvvəlində başlamış irimiqyaslı hərbi təlimləri zamanı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemlərinin və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi geniş rezonansa səbəb olub. Ən azından ona görə ki, Azərbaycan ilk dəfədir ki, Avropa İttifaqının silah embarqosunu dəf etməyə nail olur və ittifaqın üzvü olan ölkənin istehsalı olan silah sistemləri əldə edir. 

Beləliklə, qarşıdakı dövrdə Azərbaycanın digər Avropa İttifaqı, o cümlədən NATO-ya üzv Avropa İttifaqı ölkələrindən də yeni silahlar almasını gözləmək olarmı və bu, Azərbaycana hansı üstünlüklər vəd edir? Siyasi icmalçı Azər Həsrət düşünür ki, Çexiyadan silah almağımızla bağlı presedent digər Avropa İttifaqı və NATO ölkələri üçün də örnək olacaq və onlar da bizə silah satmağa maraq göstərəcəklər: “İstər NATO ölkələri, istərsə də ona üzv olmayan, amma Avropa İttifaqının  tərkibində olan, silah istehsal edən ölkələrin hamısı həmin məhsulu hansısa bazarda satmaqda maraqlıdırlar. Azərbaycanın taleyi elə gətirib ki, silah almağa məcburdur. Çünki torpaqlarımız işğal altındadır, düşmənlə üz-üzəyik. O baxımdan silah satmaq marağında olan ölkələr onu embarqo olsa da belə, Azərbaycan kimi ölkələrə satmaqda maraqlıdırlar. Bunun üçün də mövcud olan embarqo və yasaqlardan yan keçməyin yollarını arayırlar. Əlbəttə ki, NATO və Avropa səviyyəsində Azərbaycanla bağlı ciddi məhdudiyyət və  problem əslində, yoxdur. Çünki Azərbaycan ərazisi işğal edilib, biz təcavüzkar deyilik, qonşularımıza qarşı təcavüz siyasəti yürütmürük. Heç kimin torpaqlarını işğal etməmişik və bu iddiada da deyilik. Ona görə də bizim kimi ölkəyə silah satmaq  təhlükəli deyil. Azərbaycan ən yaxşı halda o silahlardan öz torpaqlarını müdafiə etmək üçün istifadə edəcək. O mənada Çexiyanın da Azərbaycana silah satan dövlətlər sırasında yer alması digər NATO və Avropa İttifaqı ölkələrini də anoloji istiqamətdə addım atmağa həvəsləndirəcək. 
Əlbəttə, istərdik ki, Azərbaycanın ümumiyyətlə, silah almağa ehtiyacı olmasın. Lakin təcavüzə məruz qaldığımızdan torpaqlarımızı azad etməliyik. Ona görə də məcburuq ki, silahlanaq, güclənək. Düşünürəm ki, Çexiyadan silah almağımızla bağlı presedent Azərbaycanla silah məsələsində iş birliyi qurmaq istəyən başqa ölkələr üçün də yaxşı bir örnək olacaq”. 
Milli Məclisin deputatı Fazil Mustafa silah almaqla bağlı Avropa ilə də əməkdaşlıq etməyin vacib olduğunu söylədi: “Bu kimi məsələlərdə hər halda müəyyən addımlar atmağa borcluyuq. Çünki torpaqlarımız işğal altındadır, ona görə də başqa ölkələrdən silah almağımız vacibdir. Hansı ölkə silah satışı ilə məşğuldursa və onunla əməkdaşlıq marağımıza uyğundursa, istər NATO ölkəsi olsun, istərsə də başqası, ordumuzun gücləndirilməsi istiqamətində ardıcıl addımlar atmalıyıq. 
Çexiya, yaxud Polşa və ya başqa ölkə olsun, bu məsələdə tərəddüd etmədən özümüzə lazım olan silahı almalıyıq. NATO ölkəsi olaraq lazım olanda Türkiyədən də müəyyən silah-sursatı alırıq. Ona görə də bu məsələdə NATO ölkəsi və ya başqa ölkələr məsələsi yoxdur. Əsas odur ki, silah satılsın və biz də onu ala bilək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz