Əlaqə Arxiv
news Image
2017.10.03
09:30
| A A A
Radikal müxalifət ümidini radikal dindarlara bağlayıb
Azər Həsrət: “Siyasi müxalifət radikal dindarlardan öz maraqları naminə sui-istifadə etmək istəyir” Məmməd Əlizadə: “Onların bu cəhdləri də iflasa uğrayacaq”

Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Amma radikal müxalifət, əsas etibarı ilə də AXCP dini siyasiləşdirməyə, radikal dindarları siyasətə cəlb etməyə çalışır. AXCP-nin keçirdiyi və az sayda insanın iştirak etdiyi son mitinqlərə qatılanların əksəriyyəti də məhz radikal dindarlar olub. Bu düşərgənin qarşıdakı mitinqində də eyni vəziyyətin yaşanması gözlənilir. 

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, radikal müxalifət radikal dindarlardan öz siyasi məqsədləri naminə sui-istifadə edirlər: “Azərbaycan milyard yarımdan çox insanın etiqad etdiyi müsəlman aləminin bir parçasıdır. İnsanlarımızın səmimi dini inancları var. Amma müəyyən qüvvələrin insanların dini inanclarından sui-istifadə etmə halları da göz önündədir. Xüsusən də siyasi müxalif mövqeyində dayananlar dindarlar arasında həmrəyliyi əsas tutmaqla onlardan öz maraqları naminə sui-istifadə etmək istəyirlər. Ona görə özünü dinə həsr etmiş insanları da siyasi şüarlarla bir araya toplamağa çalışırlar. Bununla onlar guya dindarlara rəğbətlərini ifadə edir, onların hüquqlarının puzulduğu və həmin hüquqların müdafiəsi üçün birləşmək lazım olduğunu iddia edirlər. 
Dinimizi tam olaraq mənimsəyən insanlar heç də çoxluq təşkil etmir. Yəni din elə bir şeydir ki, savad və dünya görüşündən asılı olmayaraq, hər kəs üçün əlçatandır. Təəssüflər olsun ki, müəyyən dağıdıcı qüvvələr insanların müqəddəs dini inanclarından sui-istifadə edirlər. Amma düşünürəm ki, dindən sui-istifadə edib siyasi məqsədlərini gerçəkləşdirmək istəyənlərə heç bir halda keçid verilməyəcək”. 
Həmsöhbətimiz qeyd etdi ki, Qərb isə Azərbaycan hakimiyyətini təsir imkanlarını saxlamaq üçün radikal müxalifətlə yanaşı dindarların radikal kəsimindən də istifadə etməyə çalışır: “Qərbdə də görürlər ki, Azərbaycan müxalifəti radikal dindarlarla əlbir fəaliyyət göstərir, onları siyasətə cəlb etməyə çalışır. Amma buna baxmayaraq, Qərbdə müəyyən dairələr radikal müxalifətə dəstək verməkdə davam edir. Qərbin belə mövqe tutmasında məqsədi aydın məsələdir ki, Azərbaycan hakimiyyətinə təsir imkanlarını əldə saxlamaqdan ibarətdir. Onlar bütün vasitələrdən istifadə edərək çalışırlar ki, Azərbaycan hakimiyyətini özlərindən asılı hala salsınlar. 
Bunun üçün də həmin dairələr Azərbaycan içindəki siyasi müxalifətə, radikal dini qüvvələrə «stavka» edir. Onlar demokratiya, insan haqları və s. adı altında həmin qüvvələri səfərbər edib daim hazır vəziyyətdə tutmağa çalışırlar. Qərb bu kimi addımları ilə Azərbaycanda uçurum yaratmağa çalışır. Amma bir şeyi unudurlar ki, Azərbaycan artıq həmin mərhələni keçib. Ölkəmiz daxilində hansısa qüvvələrdən istifadə edərək qarışıqlıq, Azərbaycan xalqı ilə hakimiyyəti arasında uçurum yaratmaq cəhdləri heç bir zaman baş tutmayacaq. Çünki Azərbaycan özünün 26 illik müstəqillik tarixində bu cür uçurum cəhdlərini görüb, xalqımız onun əziyyətini çəkib. Bu səbəbdən də Azərbaycan xalqı bu kimi cəhdlərə boyun əyməyəcək. Hər zaman ayıq olmalıyıq ki, xalqla dövlət arasında heç zaman uçurum yaranmasın”. 
Politoloq Məmməd Əlizadənin fikrincə, radikal dindarların siyasətə cəlb edilməsi Qərbin Azərbaycana yönəlik təzyiq kampaniyasının tərkib hissəsidir: “Azərbaycanda bildiyiniz kimi radikal müxalifətin mövqeyi həddən artıq zəifləyib. Cəmiyyətdə onlara dəstək olanların sayı minimuma enib. Bu fonda da radikal müxalifət dindarların radikal kəsimini öz tərəflərinə cəlb etmək cəhdlərində bulunurlar. Bununla da onların inanclarından öz maraqlarının təmin edilməsi üçün istifadə etməyi düşünürlər. Görünür, müxalifət radikal dindarlarla əlbir olmağa görə, Qərbdə müəyyən dairələrdən razılıq alıb. Belə olmasaydı, tez-tez radikal dindarların terror hərəkətlərilə üzləşən Avropa ölkələri onlarla əlbir olan siyasi müxalifətə dəstək verməzdi. Dəstək verməkdə davam edirsə, deməli, Azərbaycanın radikal müxalifətinin radikal dindarları siyasətə cəlb etmək, onlardan sui-istifadə etmək cəhdlərinin arxasında da məhz Qərbdəki dövlətimizi sevməyən qüvvələr dayanır. 
Qərb açıq şəkildə görür ki, Azərbaycan cəmiyyətinin əksəriyyət təşkil edən sivil kəsimi iqtidarı dəstəkləməkdə, onun arxasınca getməkdə davam edir. Bu da Azərbaycan iqtidarının xalqın mənafeyi naminə apardığı uğurlu siyasətin nəticəsidir. Belə olan halda Qərb bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da radikal düşüncə tərzli insanlardan ölkəmiz əleyhinə, öz maraqlarının təmin edilməsi üçün istifadə etmək niyyətinə düşüb.  Qərbin  siyasi müxalifətin əli ilə radikal dindarları siyasi proseslərə cəlb etmək cəhdləri dövlətimizə qarşı onların təzyiq kampaniyasının tərkib hissəsidir. Amma qeyd etdiyim kimi, onlar bu avantürüst istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan dövləti artıq güclü dövlətdir. Ölkəmizdə i    qtidar xalqın maraqlarına tam cavab verən addımlar atır. Ona görə də cəmiyyətin böyük əksəriyyəti hakimiyyətin arxasınca gedir, ona dəstək olur. Bu mənada da xaricdəki hamilərilə birlikdə radikal müxalifətin dindarların radikal kəsimindən öz mənafeləri naminə sui-istifadə etmək cəhdləri həmişə olduğu kimi yenə də iflasa uğrayacaq”.
R. SULTANOV

Sizin Reklam Yeriniz