Əlaqə Arxiv
news Image
2017.10.04
08:00
| A A A
Qərb Qarabağ laqeydliyinin acısını indi özü çəkir
“Məlum beynəlxalq güclərin “titanik fəaliyyəti” nəticəsində beynəlxalq hüququn özü iflic vəziyyətə salınıb”

İraqda kürdlər, İspaniyada Kataloniya və basklar, Ukraynada Donbas, Gürcüstanda məlum separatçı ocaqlar,  Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar müstəqilliklərini elan edir, separtizm dalğası genişlənir. Bir sözlə, hazırda dünyanın gözü qarşısında bir sıra bölgələrdə separatizm dalğası geniş vüsət almağa başlayıb. Əgər zamanında Qərbin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli mövqeyi ortaya qoyulsaydı, həm separatçılara, həm də separatizmə dəstək verən qüvvələrə konkret sanksiyalar tətbiq olunsaydı, şübhəsiz ki, bu gün biz separatçı davranışların vüsət almasını görməzdik. O da heç kəsə sirr deyil ki, separatizm müəyyən mərhələdən sonra daha aqressiv və silahlı mərhələyə qədəm qoyur. Siyasi, aqressiv separatizmlə terrorizm arasındakı fərq cizgisi çox incədir. Bunun real nümunəsini Qarabağ münaqişəsinin timsalında görmək olar. Bu fonda demək olarmı ki, dünyanın, xüsusən də Qərbin Dağlıq Qarabağdakı separatizə vaxtında və adekvat reaksiya verməməsi separatizm kimi belə təhlükəli halların meydana gəlməsi və “çiçəklənməsinə” rəvac verib?

Politoloq Elşən Manafov qeyd etdi ki, məhz dünya güclərinin seyrçi, bir çox hallarda hətta ölkəni parçalayan qüvvələrə dəstək mövqeyində dayanmasının nəticəsidir ki, vaxtilə Dağlıq Qarabağda separatizm halları baş qaldıraraq mövcud vəziyyətin yaranmasına gətirib çıxarıb: “Hazırda dünyada, o cümlədən Avropa və Yaxın Orta Şərqdə separatizm siyasətinin tuğyan etməsi əslində, məlum beynəlxalq güclərin öz geosiyasi maraqlarını dünyanın müxtəlif bölgələrində həyata keçirmək üçün düşünülmüş siyasətin tərkib hissəsidir. Məlum beynəlxalq güclər tərəfindən separatizmə dəstək və bu istiqamətdə ikili yanaşma siyasəti olmasaydı, habelə separatizmə meyllilik xalqların öz müqəddəratını təyin etmək kimi beynəlxalq hüququn məlum müddəasına söykənməsəydi, təbii ki, sözügedən məlum hadisələrin də baş verməsinin şahidi olmazdıq. 
Təbii ki, bu gün Kataloniya, İraq Kürdüstanında baş verən olayların arxasında məlum beynəlxalq güc mərkəzlərinin dünyanın sözügedən bölgələrilə bağlı geosiyasi maraqları durur. İspaniyada yaşanan hadisələr mahiyyət etibarı ilə Avropa Birliyinin zəiflədilməsi, gücdən salınmasına hesablanmış addımdır. AB-nin zəifləməsində maraqlı olan qüvvələrədn biri də təbii ki, Rusiyadır. Lakin son zamanlar Avropa Birliyində ABŞ-ın müəyyən etdiyi avroatlantizm siyasətinə alternativ mövqe nümayiş etdirən dövlətlərin sayının artdığını da görürük. Bu mənada Almaniya kimi dövlətin daha müstəqil siyasət ortaya qoyması zamanında AB-ni ABŞ-ın çətiri altında görmək istəyən Vaşinqtonun siyasi istiblişmentinin maraqlarına cavab vermir. Ona görə də Donald Tramp hakimiyyət başına gələn kimi ABŞ-ın AB-yə münasibətində məlum gərginlik yarandı. Ardınca da AB-nin öz daxilində gərginlik yarandı. 
İstisna etmirəm ki, Böyük Britaniyanın AB-nin tərkibindən çıxmasından və İspaniyada yaşanan hadisələrdən sonra, Portuqaliya, İtaliya, Yunanıstanda mahiyyət etibarı ilə bu hadisələr yaşanacaq. Bu da ondan irəli gəlir ki, separatizm siyasətinə dəstək beynəlxalq güclərin özləri tərəfindən həyata keçirilr. Hətta sovet imperiyasının çökdürülməsi də ümumdüyna məxfi hökumətinin güc mərkəzləri tərəfindən həyata keçirilib. Çünki xalqların öz müqəddəratını təyin etmə hüququna bu dərəcədə “sayğı” ilə yanaşmaq əslində sovet imperiyası kimi nəhəng bir dövlətin çökdürülməsi üçün düşünülmüş siyasət idi. Beynəlxalq hüquqa bu məlum müddəanı da XX əsrin əvvəllərində ABŞ prezidenti Vudro Vilson gətirmişdi. Hansı ki, həmin müddəa da dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı müddəası ilə ciddi ziddiyyət təşkil edir. 
Bu gün Azərbaycan dövlətçiliyi üçün də ən ciddi problem zamanında beynəlxalq güclərin, ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin ölkəmizi hədəfə götürən separatçı qüvvələrə olan seyrçi mövqeyindən qaynaqlanır. Azərbaycanda və digər MDB ölkələrindəki bütün münaqişələrin kökündə məhz separatizm və Rusiyanın bu məkandakı təsir imkanlarını zəiflətmək, onu Qərbin təsir dairəsinə salmaq üçün düşünülmüş geosiyasi layihədir. İraq Kürdüstanındakı separatizmin arxasında da beynəlxalq güclərin maraqları dayanır. Bu, heç də kürd xalqının müstəqillik ideyası ilə bağlı istəklərindən irəli gəlmir. Mosul ətrafındakı zəngin neft-qaz yataqlarına transmilli şirkətlərin yiyələnmək niyyətindən qaynaqlanır. Qərbin Kürdüstandakı separatizm oyunları Türkiyə və İranı zəiflətmək, parçalamaq, Yaxın Orta Şərqin müasir xəritəsini yenidən cızmaq, dövlətlərin sərhədlərini dəyişdirmək üçün ABŞ-ın müəyyən etdiyi yeni dünya nizamı siyasətinin tərkib hissəsidir. Özü də bu siyasət davam edəcək. Çünki, məlum beynəlxalq güclərin “titanik fəaliyyəti” nəticəsində beynəlxalq hüququn özü iflic vəziyyətə salınıb. BMT-nin özü məlum beynəlxalq güclərin əlində bir vasitəyə çevrilib. BMT separatizm kimi hadisələrə zamanında hüquqi kontekstdə ciddi reaksiya verə bilmir. Yaxud da bu reaksiya məlum dövlətlərin maraqları kontekstində baş verir. Bu da müasir dünyamızın ən ciddi bəlalarından birinə çevrilib. Hazırda beynəlxalq terrorizmin tuğyan etməsi də əslində, beynəlxalq separatizmə dəstək verən dövlətlərin siyasətilə bağlıdır”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz