Əlaqə Arxiv
news Image
2017.10.07
10:00
| A A A
Avropa Komissiyası Azərbaycanla ayrıca razılaşmaya gedəcək
İlqar Vəlizadə: “Azərbaycan öz prioritetlərindən istifadə edərək Avropa ilə münasibətlər qurmaq istəyir” Oqtay Sadıqzadə: “Hər bir ölkəyə fərdi yanaşmaq lazımdır”

Məlumdur ki, Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüş keçib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın əvvəldən “Şərq Tərəfdaşlığı” proqramına dəstək verən ölkə olduğuunu bildirib: “Amma üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Biz Azərbaycanıq. Biz geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkəyik. Bu səbəbdən, bu cür olaraq, biz həmin qrupa dəvət olunduq. Lakin həmin vaxtdan etibarən qrupda iki ölkə Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə Assosiasiya Sazişini imzalamış ölkədir. Qalan bir ölkə - Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Buna görə, ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən mövqeyimizin əsasını təşkil edirdi. Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı yanaşmamıza yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu, belə deyildi. Əslində, biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. Şərq Tərəfdaşlığı, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir”. Siyasi analitiklərin də fikrincə, Avropa İttifaqı bütün ölkələrə eyni mövqedən yanaşmamalıdır. Bu baxımdan da  Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma olması vacib şərtdir.

Politoloq İlqar Vəlizadə bildirdi ki, Azərbaycan Avropa ilə münasibətlərini bərabərhüquqlu əsaslar üzərində qurmaq istəyini heç vaxt gizlətməyib: “Yəni, ümumiləşdirilmiş standartlardan kənara çıxmaqlarını istəmişik. Çünki hər bir ölkənin öz mövqeyi, rolu və milli maraqları var. Bütün ölkələrə eyni yanaşmaq düzgün olmazdı. 
Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma mütləq lazımdır. Azərbaycan öz prioritetlərindən istifadə edərək Avropa ilə münasibətlər qurmaq istəyir. 2013-cü ildən sonrakı hadisələr Azərbaycanın bu mövqeyində haqlı olduğunu göstərdi.  Bu, yeganə mümkün olan dəsti-xətdir. Eyni zamanda mövcud sazişin əsas təşəbbüskarı da Avropa İttifaqı yox, Azərbaycandır. Təşəbbüskar olaraq, Azərbaycan əvvəlcə öz şərtlərini müəyyən edib. Vaxt keçdikdən sonra Avropa İttifaqı vəziyyəti dəyərləndirərək, bu şərtləri ümumən qəbul edib. İndi də şərtlər üzərində danışıqlar aparılır. Danışıqlar əsasən dörd istiqamət üzərində qurulub. Birincisi, enerji təhlükəsizliyidir. Daha sonra institusional əməkdaşlıqdır ki, bu məsələdə Azərbaycan Avropa idarəetmə üsullarını qəbul edir. Üçüncüsü, nəqliyyat sektorunda əməkdaşlıq və ən nəhayət, siyasi paketdir. Siyasi paketə də insan hüquqları daxildir. Bu istiqamətlər üzərində danışıqlar aparılır. İndiki şəraitdə ən optimal variantlardır. Həm Azərbaycanı geosiyasi rikslərdən qoruyur, eyni zamanda Avropa İttifaqı da Azərbaycanla əməkdaşlığı yaxın və uzaq perspektivlərdə təmin etmiş olur”. 
Digər siyasi şərhçi Oqtay Sadıqzadə bildirdi ki, Avropa İttifaqı ilə münasibətlər göz önündədir: “Münasibətlərin daha da genişləndirilməsi istiqamətində işlər görməliyik. Onların da proseslərə daha obyektiv yanaşması vacib şərtdir. 
Azərbaycan gənc  demokratik ölkədir. Hər bir ölkəyə fərdi yanaşmaq lazımdır. Azərbaycanda söz, mətbuat azadlığı var, demokratiya təmin edilib. Düzdür, müharibə ilə əlaqədar müəyyən məhdudiyyətlər var. Avropa da bunu anlamalı, Azərbaycanın milli maraqlarını başa düşməlidir”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz