Əlaqə Arxiv
news Image
2017.10.10
09:56
| A A A
Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşa çevrilir
Aydın Mirzəzadə: “Azərbaycan öz inkişafı ilə beynəlxalq təşkilatlarla bərabər hüquqda danışmağa layiq görülən ölkələrdəndir” Elman Nəsirov: “Yaxın perspektivdə ikitərəfli münasibətlərin inkişafında yeni bir səhifə açılacaq”

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr "Şərq Tərəfdaşlığı" çərçivəsində də dinamik inkişaf edir. Azərbaycan Avropa İttifaqı  ilə münasibətlərini yeni bir strateji tərəfdaşlıq sənədi ilə davam etdirmək istəyir və sənəd üzərində iş getməkdədir. Bu sənəd Azərbaycan tərəfindən hazırlanaraq Avropa İttifaqına təqdim edilib. Bunun özü də mühüm hadisədir. Çünki adətən Avropa İttifaqı  tərəfdaş ölkələrə belə sənədlər təqdim edir, lakin bu addımı Azərbaycan atıb. Bütün bunlar Azərbaycana Avropa İttifaqı  ilə əməkdaşlığın inkişafında hansı üstünlüklər vəd edir?

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan öz inkişafı ilə beynəlxalq təşkilatlarla bərabər hüquqda danışmağa layiq görülən ölkələrdəndir: “Hesab edirəm ki, ilk növbədə kifayət qədər siyasi nüfuzu olan, iqtisadiyyatında böyük uğurlar əldə edən ölkə beynəlxalq təşkilatlarla bərabər hüquqda danışa bilər. Avropa İttifaqı dünyanın aparıcı təşkilatlarından biridir. Ora daxil olan ölkələrin iqtisadiyyatı dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. 
Azərbaycan öz inkişafı ilə artıq Avropa İttifaqı  ilə öz maraqlarını ortaya qoyaraq danışmaq hüququna malik olub. Belə münasibətlər tək Azərbaycanın deyil, eyni zamanda Avropanın da maraqlarına xidmət edir. 
Azərbaycan Avropa dəyərlərilə böyük uğurlar qazanıb. Bunun belə milli-mənəvi dəyərlər bazasını qoruyub saxlaya bilən bir ölkədir. İndi dünyada inkişafın Azərbaycan modeli deyilən bir anlam yaranmaqdadır. Azərbaycan regionun və hətta daha böyük ərazinin stabillik faktorlarından biridir. Ona görə də Azərbaycanın təklif etdiyi prinsipləri bu gün  Avropa İttifaqı maraqla nəzərdən keçirir. Azərbaycan Prezidenti Avropa Avropa İttifaqının bir qrup səfiri ilə görüşdə bu məsələyə artıq münasibət bildirib. Həmçinin Avropa İttifaqının bu ilin oktyabrında keçiriləcək sammitində Azərbaycan Prezidentinin təşkilatla münasibətlər barədə fikirlərini daha yüksək səviyyədə auditiriyaya çatdırmaq mümkün olacaq. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycana özünü tanıtmağa, yeni texnologiya və ideyaları qəbul etməyə, birgə əməkdaşlıq edərək regionda sülh və stabilliyi qoruyub saxlamağa kömək edəcək”.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov  da qeyd etdi ki, Avropa İttifaqı Azərbaycana böyük etimad bəsləyir: “Azərbaycan Prezidenti Avropa İttifaqının Siyasi və Təhlükəsizlik komitəsi üzvlərini qəbul edərkən qeyd etdi ki, Bakı ilə Avropa İttifaqı arasındakı münasibətlər strateji xarakter kəsb edir və ölkəmizin xarici siyasətinin prioritet istiqaməti qurumla münasibətlərdir. Cənab Prezident bunu o kontekstdə söylədi ki, Avropa Şurası və onun rəhbərliyi səviyyəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Hətta konkret cinayət əməlinə görə həbs edilən bir nəfərə görə Avropa Şurasının baş katibi bütün ölkəni qurumdan çıxartmaqla hədələyir. Bu isə biabırçı vəziyyət olmaqla  yanaşı, qəbuledilməz haldır. Ona görə hesab edirəm ki, cənab Prezidentin bu məsələlərə toxunması o mənada böyük əhəmiyyət kəsb edir ki, mövcud vəziyyətdən çıxış yolu Aİ- Azərbaycan arasında münasibətlərin daha da dinamik inkişaf etməsindən ibarətdir. Bunun üçün geniş imkan və potensial da var. Xüsusilə də Aİ rəhbərliyi Azərbaycana böyük etimad göstərir. 
Bu ilin fevral ayında Prezident İlham Əliyevin Avropa Komissiyasına səfəri və orada keçirdiyi görüşlər də bunu bir daha təsdiqləyir. Aİ-nin Azərbaycana böyük etimadının ən böyük ifadəsi özünü həm də onda tapır ki, əlaqələrin gələcək inkişafı ilə bağlı strateji tərəfdaşlıq sənədini də sözügedən qurum deyil, tarixdə ilk dəfə məhz ölkəmiz hazırlayır. Adətən isə bunun əksi olurdu. İndi isə Azərbaycana etimad göstərilib. Bu da Aİ ilə ölkəmiz arasında əlaqələrin hansı səviyyədə olduğunun göstəricisidir. Əlaqələrimizin geniş perspektivi var. Cənub Qaz Dəhlizi layihəsi də bu baxımdan xüsusi önəm kəsb edir. Demokratik dəyərlərin paylaşması, insan hüquq və azadlıqları sahəsində də Aİ Azərbaycan münasibətləri yüksək inkişaf tempinə malikdir. Hesab edirəm ki, yaxın perspektivdə haqqında bəhs olunan strateji tərəfdaşlıq münasibətlərinin imzalanması ilə ikitərəfli münasibətlərin inkişafında yeni bir səhifə açılacaq”. 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz