Əlaqə Arxiv
news Image
2017.10.19
10:00
| A A A
Avropa İttifaqının Azərbaycan silah bazarı ilə bağlı qərarından narazılıq artır
Elman Nəsirov: “Azərbaycan bir yox, bir neçə mənbədən silah alqısını reallaşdırır” Azad İsazadə: “Avropa İttifaqının bu cür qərarları verməsi üçün bəzən bir ildən də çox vaxt lazım gəlir”

Çexiyanın Müdafiə Sənayesi Assosiasiyasının prezidenti Yirji Hinek Avropa İttifaqını Azərbaycana silah embarqosunu ləğv etməyə çağırıb. Hinek bu haqda “Prajskiy Telegraf” nəşrinə bildirib. 

Yirji Hinek deyib ki, Azərbaycan dünyada ən iri silah alıcılarından biridir: “Lakin bu bazarı Rusiya tutub. Avropa İttifaqı təşəbbüsü ələ almalı və Azərbaycana silah təchizatı məsələsinə baxmalıdır. Mən bunu zəruri hesab edirəm ki, Brüssel Aİ üzvlərinə Azərbaycana silah satmağa icazə versin. İstərdim ki, Çexiya və Avropa İttifaqının digər üzvləri rusları bu bazardan sıxışdırsınlar”. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu günlərdə Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemlərinin və “RM-70” reaktiv yaylım atəşi sistemlərinin iri partiyasını nümayiş etdirib. Siyasilərin sözlərinə görə, Azərbaycana silah satışında embarqonun aradan qaldırılması dəfələrlə gündəmə gəlib.  Ancaq bu məsələnin reallaşması asan iş deyil.  
Millət vəkili Elman Nəsirov bildirdi ki, bu illüziyanın yaranması Rusiyanı hərətərəfli sıxışdırmaqdan qaynaqlanır: “Məlumdur ki, Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaları tətbiq edilir. Silah satışında embarqonun aradan qaldırılması hər zaman gündəmdə olub. İndi də yenidən səsləndirilir. Ancaq bu məsələdə Azərbaycanın adının çəkilməsi ola bilsin ki, Rusiya-Azərbaycan münasibətlərində soyuqluq yaratmağa hesablansın. 
Onsuz da Azərbaycan dövləti torpaqları işğal altında olduğu müddətdə silahlanmasını davam etdirəcək. Azərbaycan büdcəsində hərbi xərclər birinci yerdə durur”.  Politoloq qeyd etdi ki, Azərbaycan bir neçə istiqamətdə silah-sursat alır: “İqtisadiyyatın şaxələnidirilməsi, həmçinin hərbi-texniki əməkdaşlıqla da özünü göstərir. Azərbaycan bir yox, bir neçə mənbədən silah alqısını reallaşdırır. Burada ilk növbədə Rusiyanın adını çəkmək lazımdır. Bundan başqa İsrail, Türkiyə, Belarus, Ukrayna, Pakistan var. Yəni, Azərbaycan onsuz da digər mənbələrdən silah alır. Rusiyanın özü də bunu bilir və etiraf edir. Odur ki, bu məsələ Azərbaycan üçün yeni deyil. Azərbaycanın silah almaq üçün iqtisadi potensialı var. Ancaq Rusiyaya təzyiq kimi Azərbaycanın adının çəkilməsi Moskva-Bakı münasibətlərinə xələl gətirə bilər”. 
Hərbi məsələlər üzrə ekspert Azad İsazadə bu embarqonun aradan qaldırılacağına inanmır: “Ancaq onu da nəzərə alaq ki, Polşa Ermənistana silah satmağa başlayıb. Bununla bağlı Polşa ilə Ermənistan arasında müqavilə bağlanıb. Deməli, bu embaroq faktiki olaraq, birtərəflidir. O baxımdan bütün ölkələr, o cümlədən də Rusiya tərəfindən ya regiona silah satışı tam qadağan olunmalı, ya da açıq bazar elan edilməlidir. 
Onsuz da müəyyən yerlərdən silah alırıq. Avropa İttifaqının isə bu cür qərarları verməsi üçün bəzən bir ildən də çox vaxt lazım gəlir. Odur ki, yaxın zamanlarda bu embarqonun aradan qaldırılması istiqamətində müsbət nəticələr əldə etmək mümkün olmayacaq”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz