Əlaqə Arxiv
news Image
2017.10.21
09:00
| A A A
Qarabağda antiterror əməliyyatları
Elman Məmmədov: “Erməniləri torpaqlarımızdan qovmaq üçün antiterror əməliyyatlarına başlamaq hər zaman məqbuldur” Akif Nağı: “Bu istiqamətdə hər bir şərait yetişib”

Dünya miqyasında artan separatçılıq və ona qarşı mübarizə fonunda Dağlıq Qarabağda antiterror əməliyyatları yenidən aktuallaşır. Məsələn,  İraq hökuməti isə kürd separatçılarına qarşı hərbi əməliyyatlara start verərək, Kərkükü geri alıb. Belə bir vəziyyətdə həmçinin Dağlıq Qarabağda da antiterror əməliyyatlarının keçirilməsi məsələsi yenidən aktuallaşır. 

Milli Məclisin deputatı Elman Məmmədov Dağlıq Qarabağda antiterror əməliyaytlarına başlamağın hər zaman məqbul olduğunu söylədi: “İşğal edilmiş ərazilərimizi azad etmək, erməni terrorçularını torpaqlarımızdan qovmaq üçün antiterror əməliyyatlarına başlamaq hər zaman məqsədəuyğundur. Çünki ərazi bütövlüyü hər hansı separatçı və cinayətkar qurum tərəfindən pozulan dövlət beynəlxalq hüquqa və öz Konstitusiyasının müvafiq bəndlərinə uyğun olaraq baş qaldıran separatizmin qarşısını almaq hüququnu həmişə özündə saxlayır. Bu zaman da hərbi gücdən istifadə edərək antiterror əməliyaytlarından istifadə etməklə separatizmin kökünü kəsmək lazımdır. Buna bariz nümunəni Rusiya misalında göstərmək olar. 
Rusiya keçən əsrin 90-cı illərindən bu günə qədər Şimali Qafqazda vaxtaşırı ərazi bütövlüyünə xələl gətirən hadisələri aradan qaldırmaq üçün antiterror əməliyyatlarına start verir. 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyü separatçı qüvvələr və Ermənistan tərəfindən pozulub. Belə olan halda Azərbaycan da ərazi bütövlüyünü təmin etmək üçün ərazisi daxilində antiterror əməliyatlarını keçirmək hüququnu özündə saxlayır. Bunu Ukrayna nümunəsində, İspaniyada Kataloniyadakı hadisələrdə də görürük. Fikir verin, bütün Avropa dövlətləri ayağa qalxaraq Kataloniyanın səhv etdiyini bildirdi və İspaniyanın separatizmə qarşı tədbir görməsinə dəstək oldu. Bu fonda 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyü pozulub. Qərb isə buna baxmayaraq, ərazi bütövlüyümüzü pozan, işğalla məşğul olan quldur Ermənsitan dövlətini müdafiə etməkdə davam edir. Azərbaycanın hüquqlarının pozulmasına bu əsasda da göz yumurlar. Bu da ikili standartlardan qaynaqlanır. Separatizmə qarşı dünya miqyasında ədalətli mübarizə aparılmasa, onda təkcə Avropa qitəsinin özündə çoxsaylı separatizm ocaqları yaranacaq. Belə halların öz başlarına da gəlməməsi üçün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri separatizmə qarşı ədalətli şəkildə mübarizə aparmalı, burada da tutduqları ikili standartlara son qoymalıdırlar”. 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da düşünür ki, Azərbaycan ləngimədən torpaqları azad etmək üçün antiterror əməliyyatlarına başlamalıdır: “Dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan hərbi yolla həll etməlidir. Danışıqların mənası yoxdur. Ermənistan danışıqlarla sülhə gələn deyil. Danışıqların nəticəsiz uzanmasından isə ancaq Ermənsitan qazanır. Bu fonda vasitəçilər də ermənilərin maraqlarını qoruyur. Ona görə də münaqişə ancaq və ancaq hərbi yolla həll olunmalıdır. Hesab edirəm ki, hazırda bu istiqamətdə addım atmaq üçün əlverişli məqam yetişib.

 İspaniyanın Kataloniya əyalətindəki hadisələrə dünyanın münasibəti obyektiv oldu. Dünya ölkələri İspaniyanın ərazi bütövlüyünü dəstəkləmə mövqeyindən çıxış etdilər. Baxmayaraq ki, ilk öncə bəzi dövlətlər Kataloniyanın hərəkətinə münasibətdə həvəsləndirici hərəkətlərə yol vermişdilər. Ancaq sonradan onlar da başa düşdü ki, separatizm hər kəs üçün təhlükədir. Belə bir olay Fransa, Böyük Britaniya, Belçikada da özünü göstərə bilər. Məhz onlar təhlükənin özlərinə də ziyan vurduğunu başa düşərək, Kataloniya separatçılarını dəstəkləmədilər. Belədə görürük ki, proses hələlik düzgün istiqamətdə gedir.
İraqın şimalında isə kürdlər baş qaldırmışdılar. Onlara münasibətdə Bağdad hökuməti də hərəkətə keçib. Hesab edirəm ki, düzgün də edirlər. Aydındır ki, Bağdad hökumətinin əldə etdiyi bu nəticənin qazanılmasında Türkiyə və İranın rolu olub. Bu fonda Türkiyə və İran birmənalı şəkildə İraqın ərazi bütövlüyünü dəstəklədi. Yəni, burada həmçinin İslam həmrəyliyi də nümayiş etdirildi. Belə bir vəziyyətdə hesab edirəm ki, Azərbaycan da torpaqları düşmən tapdağından azad etmək üçün artıq hərəkətə keçməlidir. Bu istiqamətdə hər bir şərait yetişib. Azərbaycanın kifayət qədər gücü və dəstəyi də var. Ona görə də ləngimədən torpaqları işğaldan azad etməyə başlamalıyıq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz