Əlaqə Arxiv
news Image
2017.10.27
09:40
| A A A
Ermənistan ordusunda xaos artır
Hökumət orduya göndərməyə adam tapmır, əlacsızlıqdan aqressiv qanunlar qəbul edir, tələbə-gənclər isə hərbi mükəlləfiyyətdən qaçırlar

Ermənistan parlamentində  “Müdafiə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib. Yeni qanun tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Bu isə əsgəri xidmətin nə ilə nəticələnəcəyini əvvəlcədən bilən gənclərin etirazı  ilə qarşılaşır. Tələbələrə möhlət hüququnu ləğv edən qanunun səsə qoyulması zamanı artıq parlament binasının önündə yüzlərlə tələbə etiraz mitinqi keçirirdilər.

Erməni ictimaiyyətini də bu qanun narahat edir. Çünki, hər il ali məktəbi bitirənlərdən 140 nəfəri aspiranturaya daxil olaraq elmin ardınca gedirlər. Təcrübə isə göstərir ki, ali məktəbdən sonra hərbi qulluğa göndərilən məzunlar sonradan elmlə məşğul olmağa həvəs göstərmirlər. Demək, bu qanun həm də ölkədə elmin inkişafına vurulan zərbədir. Əhalini qeyzləndirən problemlərdən biri də odur ki, vəzifəli şəxslərin övladları hərbi xidmətdən çox asanlıqla yayına bilirlər. Adıçəkilən qanunun müzakirəsi zamanı parlmentdəki “Sarukyan” fraksiyasının üzvü Naira Zöhrabyan bu faktı bütün çılpaqlığı ilə qabardaraq deyib: “Parlamentin iclas zalında oturanların övladları Emənistan ordusunda hərbi xidmət keçməyiblər və keçməyəcəklər”. Deputatın fikrincə, onsuz da aspiranturada pulsuz təhsil alanlar yüksək vəzifəli məmurların elmlə heç bir əlaqəsi olmayan övladlarıdır.
Ermənistanda orduda məcburi hərbi qulluq müddəti 2 ildir. Yeni qanuna görə universitetdə təhsil müddətində tələbəni hərbi xidmətdən bir şərtlə azad etmək olar ki, həmin şəxs Müdafiə Nazirliyi ilə müqavilə bağlasın ki, təhsili başa vurn kimi orduda xidmətə yollanacaq və 2 il yox, 3 il xidmətdə olacaq. Hökumətin gəncləri vuruşmağa məcbur etməsi isə əhalidə təşviş və qəzəb oyadır.
Lakin əhali nə qədər qəzəblənsə də hökumətin ayrı çıxış yolu yoxdur. Belə ki, ümumiyyətlə, ölkədə əsgəri xidmətə münasibət kökündən pisləşib. Əlacsız qalıb gedənlər də bir-bir aradan çıxmağa, hətta ölkəni tərk etmək lüzumu ilə qarşılaşsalar da ordudan qaçmağa çalışırlar. Əsgərlərin niyyəti aydındır: onlar haqsızlıqdan, özgə torpağında onları gözləyən ölümdən qaçırlar. Hökumət də öz növbəsində təcavüzkar siyasətini davam etdirir. Havadarlarının köməyi ilə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəmir. Hakimiyyətin bu siyasəti ucbatından əhalinin iqtisadi vəziyyəti son dərəcə pisləşib, ölkənin gələcyi sual altına düşüb. 
İndi Ermənistan ordusunda baş verən qanunsuzluqlar ucbatından hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Bir neçə gün əvvəl belə hərəkət edən Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanılıb. Bu ərəfədə  Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.
Orduda baş alıb gedən özbaşınalığın fəsadları əsgər həyatlarının itirilməsinə səbəb olur. Keçən cümə günü zorla Qarabağa göndərilmiş Aram Xaçatryan və Qraç Avetisyan öldürülüb. Ermənistan müdafiə nazirliyi hadisəni Azərbaycan tərəfdən açılan atəşə bağlamaq istəsələr də məkrləri baş tutmayıb. Məlum olub ki, onlar öz yoldaşları tərəfindən qətlə yetirilib.
Bu cür hallar gənclərin ölkədən miqrasiya etmələrini daha sürətləndirir. Əsgər qıtlığı keçirən hakimiyyət isə susuz qalmış balıq kimi getdikcə heydən düşür.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz