Əlaqə Arxiv
news Image
2017.10.28
08:00
| A A A
Həmsədrlər nazirləri yenidən görüşdürür
Məhəmməd Əsədullazadə: “Bunun subyektiv səbəbləri var” İlqar Vəlizadə: “Tərəflərə nisbətən həmsədrlər görüşün təşkil olunmasında daha maraqlıdırlar”

“Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir”. Bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer deyib. 

O qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar: "ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar".
Amerikalı həmsədrin fikirlərini qiymətləndirən siyasilər xarici işlər nazirlərinin görüşündən müsbət nəsə gözləmirlər. Onların fikrincə, prezidentlərin son görüşündə irəliləyiş əldə edilməyibsə, XİN rəhbərlərinin görüşü formal xarakter daşıyacaq. Xarici işlər nazirlərinin  görüşündə daha çox həmsədrlərin maraqlı olduğunu düşünürlər. Hesabat xatirinə buna cəhd edirlər. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşü danışıqların bərpası və davam etməsində müəyyən dərəcədə ümid doğururdu: “Ermənistan prezidenti Serj Sarkisyanın sonrakı açıqlamaları isə görüşün davam etməsinə ümid yeri qoymsdı. Təbii ki, S. Sarkisyan sonrakı açıqlamasında danışıqların davam etdirilməsini qeyd etsə də, görünür, imitasiya siyasətini  yenidən həyata keçirmyə çalışır. 
ATƏT-in Misk qrupunun həmsədrləri növbəti dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırırlar. Bu görüşdən hər hansı bir ciddi irəliləyişin əldə olunması, gözlənilməsi də atəşkəsin qorunmasına hesablanır. Serj Sarkisyan hazırda real danışıqlar prosesində kompromis mövqe sərgiləmir. Prezidentlər səviyyəsində irəliləyiş əldə olunmursa, XİN səviyyəsində danışıqlar heç bir müsbət əhəmiyyət daşımır. Çünki, növbəti aylarda, həmçinin gələn ilin may ayına kimi atəşkəs nisbi şəkildə qorunsa da, danışıqlar prosesində irəliləyiş olmayacaq. Bunun subyektiv səbəbləri var. O da Ermənistanda aprel ayında hakimiyyət strukturlarında yerdəyişmə ilə əlaqədardır”.
Politoloq İlqar Vəlizadə bildirdi ki, xarici işlər nazirlərinin görüş vaxtı Cenevrədə prezidentlərin görüşü zamanı müəyyənləşməli idi “Əslində, görüş yaxın vaxtlarda baş tutmalı idi. Lakin görünür ki, Cenevrə danışıqları arzuedilən nəticələrlə bitmədiyi üçün görüşün təyin olunması uzanır. 
Tərəflərə nisbətən həmsədrlər görüşün təşkil olunmasında daha maraqlıdırlar. Tərəflərin özləri isə danışıqlar prosesinin indiki mərhələsinə pessimist yanaşırlar. Həmsədrlər Cenevrədə olan danışıqlardakı müsbət tendensiyaları rəsmiləşdirməyə çalışırlar. Yəni hansısa müsbət məqam ətrafında danışıqlar hazırlamağa çalışırlar. Sadəcə, həmsədrlər öz funksiyalarını yerinə yetirirlər. Danışıqlar prosesinə xitam verilmədiyi üçün nazirlər də vəziyyətdən istifadə edib hansısa təkliflər hazırlayırlar”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz