Əlaqə Arxiv
news Image
2017.12.01
08:00
| A A A
Qərbin qardaş Türkiyədə yol verdiyi böyük yanlışlıqlar
Zahid Oruc: “Türkiyənin Rusiya ilə əlaqələrinin yaxşılaşması, Ankaranın Yaxın Şərq projesində tutduğu mövqe Vaşinqtonu qardaş ölkəyə münasibətdə hiddətləndirən məsələlər sırasında yer alıb”

Qərb ölkələri, o cümlədən ABŞ Türikyəyə qarşı təzyiqləri artırır, onu ən müxtəlif vasitələrlə şantaj edirlər. İrana qarşı sanksiyaları pozaraq bu ölkəyə aid pulları Türkiyə üzərindən “yumaqda” ittiham olunan Rza Zərrabın son addımları Türkiyədə şok effekti yaratmaqdadır. Enyi zamanda bu şəxsin mövqeyində qəfil dəyişikliklər qardaş ölkədə həm də böyük təəccüblə qarşılanır. Ankarada hesab edilir ki, Rza Zərrab ABŞ-ın xüsusi xidmət orqanları əlində Türkiyəyə qarşı istfiadə olunur və onun gedişləri FETÖ təhdidlərindən daha təhlükəlidir. 

Qərbin Türkiyəyə yönəlik təzyiqlərində PKK və onun Suriya qanadı olan YPG kimi terrorçu qrupları da mühüm rol oynayır. ABŞ NATO üzrə müttəfiqi Türkiyənin ziddinə gedərək bu ölkənin təhlükəsizliyinə təhdid yaradan Suriyadakı YPG terrorşularına dəstək olmaqda, onları silahlandırmaqda davam edir. Eyni zamanda, Avropa da kürd terrorçularına qucaq açır, onlara öz çirkin niyyətlərini həyata keçirməkdə müxtəlif dəstək verirlər. 
Milli Məclisin deputatı Zahid Orucun fikrincə, Türkiyənin müstəqil siyasət yürüdərək Qərbin istəmədiyi bir sıra addımlara getməsi məhz ABŞ başda olmaqla “köhnə dünya”nı Ankaraya qarşı şantaj kampaniyasına keçməyə vadar edib: “Türkiyə ilə ABŞ arasında münasibətlər Barak Obama dövründən pisləşməyə başlayıb. Bu pisləşmənin kulminasiya nöqtəsi də iki il öncə 15 iyulda baş verən məlum çevriliş cəhdi oldu. Türkiyənin hakim elitası bu cevriliş cəhdinin bilavasitə xaricdən idarə olunduğunu söylədi. Xüsusilə də Fətullah Gülənin Pensilvaniyada özünə sığınacaq tapması, prosesləri oradan idarə etməsilə bağlı gətirilən saysız hesabsız dəlillər ABŞ-la Türkiyə arasında münasibətlərin normal olmadığını və Rəcəb Tayyip Ərdoğanın devrilməsində Qərbin müxtəlif mərkəzlərinin qərarlı olduğunu ortaya qoydu.  Belə olan təqdirdə daxildə hakimiyyət  uğrunda gedən qarşıdurmanın üzərinə geopolitik problemləri də əlavə etsək,  Qərblə Türkiyə arasında münasibətlərdə mövcud olan hazırkı mənzərənin şahidi oluruq. 
Digər tərəfdən, Türkiyənin Rusiya ilə əlaqələri yaxşılaşdırması, məlum təyyarə olayı üzərindən Putinlə Ərdoğan arasında anlaşmanın tapılması həmçinin, Türkiyə və Rusiya ilə yanaşı, İranın da yer aldığı formatda Yaxın Şərqdə keçirilən hərbi əməliyyatlar və onun sonu olaraq siyasi tənzimlənmə istiqamətində verilən qərarlar da Vaşinqtonu Ankaraya münasibətdə hiddətləndirən məsələlər sırasında yer alıb. Düşünürəm ki, burada çoxparametrli bir səviyyədə münasibətlərin pisləşməsi üçün addımlar atılmaqdadır. Əslində, bilavasitə ABŞ təsiri və təhrikilə Avropa Birliyindən olan ayrı-ayrı dövlətlər də Türkiyənin üzünə durdu, onun əleyhinə gizli apardıqları siyasəti tam olaraq meydana çıxartdılar. Bu sırada xüsusilə İraq Kürdüstanını dövlətə çevirmək cəhdlərini nəzərə almaq lazımdır. Onsuz da ona qədər də Almaniya, Belçika, Fransa, xüsusilə ABŞ YPG və kürd mənşəli yaraqlıların hamısını silahlandırırdılar. Belədə hamıya bəlli idi ki, həmin oyunun hədəfi təkcə Bəşər Əsəd olmayacaq. İŞİD üzərində qalib gələn həmin qüvvələr aydın məsələdir ki, sonrakı dövrdə daha böyük ambisiyalarla çıxış edəcəklər. Faktiki olaraq, Yaxın Şərqdə, Türkiyə sərhədləri yaxınlığında belə bir düzən özünü göstərməkdədir. Rusiya rəhbərliyi Soçidəki görüşlər çərçivəsində kürd məsələsilə bağlı Ərdoğanla hər hansı bir razılaşmaya gedirsə, Qərb tərəfindən Ankaraya münasibətdə bu istiqamətdə heç bir kompromis müşahidə edilmir. 
Doğrudur, iki dövlət başçısının, Ərdoğanla Trampın istəkləri bir qədər fərqlidir. Onlar son telefon danışıqlarında da hər hansı bir razılaşmaya gəldiklərini bəyan ediblər. Ancaq mətbuat və rəqibləri tərəfindən şiddətli zərbə alaraq müdafiəyə çəkilməli olan Tramp Amerikada hakimiyyətin cəmi üçdə birinə sahibdir. ABŞ-ın yerdə qalan xətlərində isə Türkiyənin iradəsi ziddinə siyasət davam edir. Belə olan halda da Ərdoğanın ABŞ-ı yola gətirmək səyləri bir nəticə vermir. Qərb Türkiyənin Yaxın Şərq prosesində aktiv iştirakını da əngəlləməyə çalışır. Bu səbəbdən hazırkı dönəmdə yəqin ki, Qərb Ərdoğan qarşısında müəyyən şərtlər qoymağa çalışacaq. Bu şərtlər içərisində də yəqin ki, İranla əlaqələri kəsmək, Rusiya ilə münasibətlərə yenidən baxmaq kimi məqamlar olacaq. O üzdən yaxın zamanlarda Türkiyə çevrəsində hər hansı konflikt ocaqları yaranmasa, problemin ölkənin şərqinə keçirilməsi və milli-etnik zəmində və yaxud siyasi toqquşmalar formasında gedəcəyinə də şübhə etməyin. O baxımdan düşünürəm ki, əslində, Rza Zərrab hadisəsi, ana müxalifət rəhbəri Kamal Kılıncdaroğlunun hakim ailənin şifrəli bank çıxarışlarını tirajlaması da eyni mərkəzdən idarə olunur. Yəni, Ərdoğanı öz rəqiblərinin əlilə xalqın gözündən salmaq, 2019-cu ilin prezident  seçkilərində onu tamamilə diskreditasiya etmək yönündə addımlar atılır. Hər halda Türkiyə rəhbərliyi də prosesin passiv müşahidəçisi deyil. Ankara yeni-yeni təşəbbüslərlə hər bir halda Amerikanın gözünün odunu almağa çalışır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz