Əlaqə Arxiv
news Image
2017.12.01
09:40
| A A A
Moskvadan İrəvana qulaqburması
Arzu Nağıyev: “Ermənistan ilə Avropa Birliyinin yaxınlaşması Rusiyanı narahat edir” Məhəmməd Əsədullazadə: “Çərçivə sazişi əsasən hüquqi və qismən demokratik bəndləri özündə əks etdirir”

Ermənistanla Avropa Birliyi arasında imzalanan məlum müqavilə müəyyən qədər də olsa, Ermənistanla Rusiya Federasiyası arasında olan münasibətləri korlayacaq. Bu sözləri Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov Avropa Birliyi (AB) ilə Ermənistan arasında imzalanan müqavilənin doğura biləcəyi nəticələr haqda danışarkən deyib. 

O qeyd edib ki, bu müqavilənin əsas məqsədinin Ermənistanı az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu hamı bilir: “AB hesab edir ki, Ermənistan iqtisadiyyatının necə qurulması, onun reqlamenti və fəaliyyət göstərəcək qanunlarının tərtibatını bilavasitə Avropa Şurası tənzimləməlidir. Avropa Birliyi keçmiş SSRİ ölkələrində Rusiyanın simasında düşmən ölkə obrazı yaratmaqla öz məqsədlərinə nail olmaq istəyir. Buna görə də baş verənlər İrəvanla Moskva arasındakı münasibətləri pisləşdirəcək. Bundan sonra dolayısıyla Azərbaycanla Rusiya Federasiyası arasında olan münasibətlər üçün yaşıl işıq yanacaq. Rəsmi Bakı ilə Moskva münasibətlərinin inkişafı üçün yaranan münbit şəraiti dəyərləndirəcəklər”.
Qeyd edək ki, Sergey Markov son illər Azərbaycanı sevindirəcək bir çox açıqlamalar verib. İndi də fikirlərində nə dərəcədə haqlı olması maraqlıdır. Siyasi şərhçi Arzu Nağıyev düşünür ki, Sergey Markovun dediklərində həqiqət var: “Son vaxtlar Ermənistan ilə Avropa Birliyinin yaxınlaşması Rusiyanı narahat edir. Ermənistanla Rusiya arasında forpostluq, həm də partnoyrluq əlaqəsi var idi. İqtisadiyyatının böyük hissəsi Rusiyanın inhisarında olub. Amma Ermənistan görür ki, bu, müsbət nəticə vermir. Çünki Rusiya iqtisadi amillərdən istifadə edib özününü siyasi problemlərini də həll edir. Rusiya ilə eyni bloklarda olan Ermənistan artıq ondan qopmağa başlayıb. 
Ermənistanın Avropa Birliyinə yaxınlaşmasını bir neçə istiqamətdə dəyərləndirmək lazımdır. Birincisi, siyasi məsələdir. Ermənistan Rusiyaya demək  istəyir ki, mən istənilən vaxt səndən ayrıla bilərəm. NATO da məhz Ermənistanı Rusiyadan ayırmaq istəyindədir. Çünki NATO-nun sərhədləri məhz Ermənistan ərazisindən keçir. Ermənistan isə Rusiyanın sanksiyalara məruz qalmasını bəhanə gətirərək, bundan iqtisadi narahatlıq keçirdiyini bildirir. Narahatlıq da ondan ibarətdir ki, Rusiya Ermənistana lazım olan vəsaiti ödəyə bilmir. Yəni əsas məqam siyasi məsələdir. Nəyin bahasına olursa olsun, Ermənistanı Rusiyadan ayırmaq istəyirlər. 
Eyni zamanda, erməni lobbisi də bunun marağındadır. AB Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, Ermənistanı da Qarabağ müharibəsinin cəngindən qurtarmağa çalışır. Ümumiyyətlə, hamıya da bəllidir ki, keçmiş MDB məkanında yaranmış münaqişələr birbaşa Rusiya ilə bağlıdır”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın noyabrın 24-də «Şərq tərəfdaşlığı» sammitində Avropa Birliyi ilə çərçivə sazişini bağlaması, birbaşa Rusiyanın iradəsi ilə həyata keçdi: “Bu sazişdə Rusiyanın maraqlarına hər hansısa bir zidd bənd olsa idi,  Rusiya buna icazə verməzdi. Bu sammitdən öncə Serj Sarkisyan Moskvada Vladimir Putinlə görüşüb bir daha ondan çərçivə sazişi barədə təlimat aldı. Əgər burada söhbət assosativ sazişdən getsə idi, Rusiya Ermənistanı ciddi şəkildə cəzalandırardı. 
Çərçivə sazişi əsasən hüquqi və qismən demokratik bəndləri özündə əks etdirir. Burada ticarət və iqtisadi məsələr qeyd olunmayıb. Ermənistanın bütün iqtisadi infrasturukturu Rusiyanın inhisarındadır. Sadəcə, bu saziş Ermənistanın daxili auditoriyası üçün hesablanıb. Rusiyalı politoloqun şərhinə gəldikdə isə, Sergey Markovun Ermənistanla bağlı fikirləri populistidr”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz