Əlaqə Arxiv
news Image
2017.12.01
09:50
| A A A
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında daha bir önəmli addım
Abuzər Əbilov: “Bu yaxınlıq perspektivdə tərəflərə hərbi əməkdaşlıq sahəsində sıx birlik, texnika və bir çox əsgəri ləvazimatları daha da müasirləşdirmək, onların hər zaman döyüşə hazır vəziyyətdə saxlamaq kimi imkanlar yaradır” Ədalət Verdiyev: “Müəyyən silahların əldə olunması ilə bağlı razılıq əldə oluna bilər”

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər diqqət mərkəzində yer alır. Ekspertlərin fikrincə, səfər fonunda hərbi aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın daha da güclənməsini gözlənilir.

Hərbi məsələlər üzrə ekspert Abuzər Əbilov bildirdi ki, geopolitik məkanda Azərbaycanın üzünə gülüb, arxada min bir siyasi oyun oynayan dövlət çoxdur: “Amma Türkiyə bu oyunlardan kənarda duraraq hər zaman Azərbaycanın uğursuzluğuna kədərlənib və uğurunu öz uğuru kimi qəbul edərək sevinib. Yaddan çıxartmayaq ki, yaxın tariximizdə İran gəmiləri Azərbaycan neft platformalarına yaxınlaşaraq hərbi güc nümayiş etdirəndə, Türkiyənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri dərhal Azərbaycana gələrək hava məkanında manevrlər etdilər. Hətta Bakı üzərində də əhali üçün hava şouları göstərdilər. Bu güc nümayişindən sonra məhz region dövlətləri anladılar ki, Azərbaycanın çiynində qardaş əli var. 
Hərbi hava qüvvələri Azərbaycan Ordusunun ayrılmaz hissəsi olaraq, hər zaman müasirləşmə, modernləşmə dövrünü yaşayır. Bu zaman qardaş Türkiyənin təcrübəsindən bəhrələnmək prioritet məsələdir. Çünki Türkiyə artıq  texnika və qırıcı təyyarə texnologiyalarını özünün resursları hesabına modernləşdirmə yoluna qədəm qoyub. Yaxın tarixdə Türkiyənin milli məhsulu olan ATAK helikopterlərinin istehsalı prosesi bitdi və onlar silahlı qüvvələrə arsenalına daxil edildi. Bu kimi müvəffəqiyyətlərdən Azərbaycan da yararlanmağa israrlıdır. Əminəm ki, bundan sonra da bu və ya digər sahələrdədə əməkdaşlıq artan sürətlə gedəcək”.
Ekspert əlavə etdi ki, bu yaxınlıq perspektivdə tərəflərə hərbi əməkdaşlıq sahəsində sıx birlik, texnika və bir çox əsgəri ləvazimatları daha da müasirləşdirmək, onların hər zaman döyüşə hazır vəziyyətdə saxlamaq kimi imkanlar yaradır. 
Hərbi məsələlər üzrə digər ekspert Ədalət Verdiyev bildirdi ki, sentyabrdan sonra Türkiyə, Pakistan, Qazaxıstan və Azərbayanın hərbi hava qüvvələrinin komandanları tez-tez görüşlər keçirirlər: “Məsələn, bu ilin sentyabr ayında “TurAz Qartalı - 2017” birgə taktiki təlimləri təlimləri keçirildi. Təlimə 30 ədəd hərbi hava qüvvələrinə aid müasir təyyarə və helikopterlər cəlb olundu. Adətən bu cür görüşlərdə hərbi təhsil sahəsində təcrübə mübadiləsi, inkişaf perspektivləri müzakirə olunur. Yəqin ki, indi də bununla yanaşı, yeni silahların tətbiqinə dair fikir mübadiləsi aparılacaq. Həmçinin müəyyən silahların əldə olunması ilə bağlı razılıq əldə oluna bilər. Bundan başqa, müştərək istehsal sahələrinin yaradılması müzakirə edilə bilər. 
Eyni zamanda Azərbaycanın Paksitandan aldığı  «JF-17 Thunder»lərin müsbət cəhətləri çoxdur. Onlar həm Türkiyə (NATO) həm də Rusiya raketlərilə işləyə bilir. Hazırda da Paksistanın və Türkiyənin hərbi hava komandanlarının Azərbaycanda görüşməsi Dağlıq Qarabağ məsələsinə görədir. Türkiyə Dağlıq Qarabağın həlli prosesindən kənarda qalmamaq istəyir. Bu məsələni Vladimir Putinlə görüşdə Rəcəb Tayyib Ərdoğan qaldırmışdı. Bundan başqa ATƏT-in həmsədrləri ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşməsi və hərbi komandalığının da görüşdə təmsil olunması yeni dönüş nöqtəsidir”.
Ekspert əlavə etdi ki, Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması fonunda Rusiya Ermənistanı cəzalandıracaq kimi görünür: “Ermənistanı tam müdafiəsiz qoymasa da, ona qulaqburması verəcək. Bunun da ən qısa yolu Azərbaycan vasitəsilədir. Aprel döyüşləri kimi hücum Ermənistanın ağlını başına gətirəcək. Müasir müharibələrdə də əsas məsələni hərbi hava qüvvələri həll edir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz