Əlaqə Arxiv
news Image
2017.12.01
13:22
| A A A
Mevlüt Çavuşoğlu Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib - FOTO

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq onlara Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu bu beynəlxalq qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin qorunması istiqamətində apardığı işlər haqqında məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncamından və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa prosesindən də söz açıb. 

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu görüşdən məmnunluğunu ifadə edib. O, bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində beynəlxalq aləmdə türk dünyasını uğurla təmsil edir. Nazir eyni zamanda türk mədəniyyətinin qorunması, gələcək nəslə ötürülməsi istiqamətində Fondun əvəzsiz rolunu vurğulayıb, buna görə də hər zaman qurumun yanında olduğunu və gələcəkdə də dəstəkləyəcəyini dilə gətirib.

Görüşdə Günay Əfəndiyeva həmçinin, Mevlüt Çavuşoğlunu Türkiyə Respublikasının UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsi münasibətilə təbrik edib və bu hadisənin yalnız Türkiyə üçün deyil, ümumilikdə türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib. M.Çavuşoğlu isə UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə olunmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyini vurğulayaraq, təşəkkürünü bildirib.

Dağlıq Qarabağ probleminə toxunan Fondun prezidenti Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib və bu dəstəyə görə qardaş ölkəyə təşəkkür edib. Nazir də öz növbəsində iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb.

Sonda tərəflər arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

milli.az

Sizin Reklam Yeriniz