Əlaqə Arxiv
news Image
2017.12.02
09:40
| A A A
Avropa İttifaqından sonra Ermənistana daha bir zərbə də QDİƏT-dən gəldi
Elşən Manafov: “Ermənistan təklənəcəyi və onun mövqeyinin beynəlxalq birliklə müttəfiqləri tərəfindən qəbul edilməyəcəyi təqdirdə, Qarabağ probleminin həlli məsələsində güzəştə getməyə məcbur olacaq”

Məlumat verildiyi kimi Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının 50-ci Baş Assambleyasının iclası keçirilib. Ermənistan nümayəndə heyəti assambleyanın iclasını boykot edib. Bu cür addımın atılmasına səbəb kimi Ukraynanın yekun bəyannaməsinə təklif etdiyi düzəlişlərin müzakirəsi olub.

Bəyannamədə deyilir: “QDİƏT dövlətlərinin BMT, ATƏT, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası üçün səy göstərilməlidir”. Ukraynanın təklif etdiyi düzəliş təşkilata daxil olan əksər milli nümayəındə heyətləri tərəfindən qəbul edilib. Bəyannamə Ermənistanda hiddətlə qarşılanıb. Onun  QDİƏT-dən çıxmaq məsələsi gündəmə gətirilib. Demək olarmı ki, bu fonda Azərbaycan Avropa İttifaqından sonra QDİƏT-də də Ermənistana növbəti sərt diplomatik zərbə vurmuş oldu?

Politoloq Elşən Manafov bildirdi ki, Azərbayacn diplomatiyasının uğurlu siyasəti nəticəsində artıq İrəvanın manevr imkanları xeyli dərəcədə məhdudlaşıb: “Erməni tərəfinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sərgilədiyi mövqeyə münasibəti göstərir ki, Azərbaycan diplomatiyası zaman-zaman, addım-addım Ermənistanın  ayrı-ayrı beynəlxalq təşkilatlar və strateji müttəfiqlərilə münasibətlərində müəyyən çatın, qarşıdurma və gərginliyin yaranmasına nail olub. Bu mənada QDİƏT-in toplantısında qəbul edilən yekun bəyannəməni də Azərbaycan diplomatiyasının Ermənistanın beynəlxalq birlik tərəfindən təcavüzkar dövlət kimi tanınması istiqamətində atdığı növbəti, dəyərli addım kimi qiymətlənidrmək olar. Ermənistanın bu hərəkəti onu göstərir ki, Ermənistan əvvəllər olduğu kimi yenə də qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir.

İrəvan gözəl başa düşür ki, perspektivdə Rusiyanın zəifləməsi Ermənistanın Qərblə münasibətləri yeni müstəvi üzərinə gətirməsinə səbəb olmalıdır. Ermənistanın NATO-nun təlimlərinə qatılmaq istəyi, ardınca Rusiyanın məsələ ilə bağlı açıqlamaları, eyni zamanda Bakıda Azərbaycan Prezidentinin Türkiyə, Pakistan və Hindistan dövlətlərinin xarici işlər nazirlərinin iştirakı ilə keçirdiyi görüşlər göstərir ki, ölkəmiz bölgədə regional təhlükəsizlik probleminin həlli üçün yeni bir təhlükəsizlik dəhlizinin yaranmasına nail olur. Belədə Bakı Azərbaycan-Rusiya-İran, Azərbaycan-Rusiya-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə formatında regional təhlükəsizlik qurumlarının yaranmasına nail olub ki, bu qurumların hamısı da əslində, Ermənistanı təcavüzkar dövlət kimi tanıyır.  Xüsusən də bu istiqamətdə Pakistanla Türkiyənin tutduğu mövqe daha çox Azərbaycan tərəfinin maraqlarına cavab verir. Pakistan ümumiyyətlə, Ermənistanla iqtisadi ticarət, siyasi əlaqələrdən imtina edib, onunla diplomatik münasibətlər saxlamır. Türkiyənin də bu məsələdə mövqeyi keçən əsrin 90-cı illərindən bəllidir. Qardaş ölkə təcavüzkar siyasətinə görə Ermənistanla dövlət sərhədlərini bağlayıb. Qarşıda isə İran və Rusiyanın da Ermənistanla münasibətlərində problemlərin yaranmasını təmin etmək dayanır. Rusiya Ermənistanı Avrasiya İqtisadi Birliyinə qəbul etsə də, İrəvan burada müstəqil dövlət təsiri bağışlamır. Onun nə iqtisadi-maliyyə, nə də hərbi gücü var. Sadəcə olaraq, Moskva Ermənistana özünün bölgədə bir quberniyası kimi yanaşır. Moskvanın bu mövqeyi Yaxın və Orta Şərqə çıxış imkanlarını, o cümlədən bölgədə gedən proseslərə təsir imkanlarını bundan sonra da gündəmdə saxlamaq məqsədlərindən irəli gəlir.

QDİƏT-in qəbul etdiyi bəyannamənin Ermənistanda qıcıq doğurması onu göstərir ki, həmin qurumla yanaşı, digər beynəlxalq təşklatlar da Dağlıq Qarabağ konfliktində kimin haqlı, kimi  təcavüzkar olması məsələlərinə daha obyektiv müstəvidə yanaşmağa başlayıblar. Bu da Azərbaycan diplomatiyasının həmin təşkilat və dövlətlərdə yaratdığı təəssürat və bölgə ilə bağlı mövqelərindən irəli gəlir. Əslində, bölgədə sabitlik və təhlükəsizliyə təhlükə törədən tərəf İrəvandır. Bakının məqsədyönlü siyasəti nəticəsində Ermənistan bölgə ilə bağlı iqtisadi və ticarət layihələrindən kənarda qalıb. Hətta Ermənistanın İran və Rusiya kimi strateji müttəfiqlərinin bütün səylərinə baxmayaraq, İrəvanı bölgə ilə bağlı geoiqtisadi və geosiyasi layihələrə cəlb edə bilmirlər. Bu da o deməkdir ki, Ermənsitan təklənib və  onun təcrid olunması istiqamətində Azərbaycan diplomatiyasının qarşıya qoyduğu məqsədlər zaman-zaman öz həllini tapır. Bu fonda güman edirəm ki, Ermənistan təklənəcəyi və onun mövqelərinin beynəlxalq birlik və hətta müttəfiqləri tərəfindən qəbul edilməyəcəyi təqdirdə problemin həllilə bağlı məsələdə güzəştə getməyə məcbur olacaq. Artıq erməni tərəfinin manevr etmək imkanları kifayət qədər məhdudlaşıb. Ermənistanda qarşıdan gələn seçkilər də mahiyyət etibarı ilə heç nəyi dəyişməyəcək. Ölkənin parlament üsul-idarəsinə keçməsi Serj Sarkisyan iqtidarının hakimiyyətdə qalmaq istəyindən irəli gəlir. Dünya ictimaiyyəti, erməni xalqı da başa düşür ki, artıq Sarkisyan iqtidarı daxili və xarici problemlərin öhdəsindən gəlmək gücündə deyil. Belə olan təqdirdə, həmin iqtidarın yaxın perspektivdə hakimiyyətdən gedəcəyilə bağlı fikirlər də geniş yayılmağa başlayıb. Ona görə də yaxın perspektivdə Ermənistanın yeni iqtidarı ilə danışıqlar aparılması reallığı da nəzərə alınmalıdır. Hər halda güman edirəm ki, bu məsələ heç də uzaq gələcəyin işi deyil. Əsas məsələ Ermənsitanın strateji müttəfiqləri olan Rusiya və İranla münasibətlərində ciddi çatların yaranmasına nail olmaqdır ki, Bakı tədricən bu məqsədinə də nail olur”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz